Məlum olduğu kimi, Cəbrayıl rayonunda 240 MVt gücündə dəyişən cərəyanlı "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə BP arasında 2021-2022-ci illərdə "Şəfəq" layihəsinin həyata keçirilməsinə dair İcra Sazişi və ona bir sıra əlavələr imzalanıb. Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədi 2024-cü ildə ictimaiyyətə açıqlanıb, müzakirə edilib və Azərbaycan hökuməti tərəfindən təsdiq edilib.
BP şirkəti "Şəfəq" layihəsinin ilkin tək investoru kimi SOCAR Green (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə səhmdarlar sazişi imzalayıb və bununla Şəfəq (Cəbrayıl) Solar Limited" (SJSL) adlı yeni birgə müəssisə yaradılıb. Bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək. Bundan əvvəl, səhmdarlar sazişi üzrə danışıqlara başlamaq məqsədilə ötən ilin sentyabrında eyni tərəflər arasında qoşulma sazişi imzalanmışdı.
"Şəfəq" layihəsində "Virtual Enerji Ötürmə Mexanizmi" adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə, bu mexanizm layihənin Cəbrayıl rayonunda istehsal edəcəyi günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan "Azərenerji"yə həmin yerdə çatdırılmasını, "Azərenerji"nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da öz növbəsində terminalın həmin bərpa olunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək.
Səhmdarlar sazişini SJSL adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, SJSL-də səhmdar şirkət kimi BP adından BP-nin günəş enerjisi və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Marivela Alvarez, SOCAR Green adından SOCAR-ın prezidenti Rövşən Nəcəf və AİŞ adından AİŞ-in icraçı direktoru Ülvi Mansurov imzalayıblar.
Səhmdarlar sazişi müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Saziş qüvvəyə mindikdən sonra SJSL səhmdarlarının iştirak payları belə olacaq: BP - 50,01 faiz, SOCAR - 39,99 faiz və AİŞ - 10 faiz.
"Azərbaycan"