İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev çıxış ediblər.
Çıxışlarda ölkə iqtisadiyyatının davamlı inkişafında, məşğulluğun təmin olunmasında özəl sektorun aparıcı rolu xüsusi vurğulanıb. Ölkəmizdə sahibkarlığın formalaşması və inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyi vurğulanıb.
Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür, sahibkarlara göstərilən maliyyə və institusional dəstək mexanizmləri genişləndirilir, müxtəlif güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunur. Həmçinin bildirilib ki, kiçik və orta biznesin inkişafı iqtisadi siyasətin prioritetlərindəndir, dövlət-özəl sektor əməkdaşlığının davamlı olaraq genişlənir.
Tədbirdə sahibkarlığın inkişafına dair film nümayiş olunub. Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub. Tədbir bədii hissə ilə başa çatıb.
Qeyd edək ki, 25 aprel 2002-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə bu əlamətdar tarix ölkəmizdə “Sahibkarlar günü” kimi qeyd olunur.