10 Fevral 2026 18:07
407
CƏMİYYƏT
A- A+
Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb, hakimlər müşavirəyə gedib  

Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb, hakimlər müşavirəyə gedib  


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Sədrlik edən xatırladıb ki, keçən məhkəmə prosesində dövlət ittihamçıları çıxış ediblər. Z.Ağayev bildirib ki, indi söz zərərçəkmiş tərəfə veriləcək.

Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, ittiham tərəfindən təqdim edilmiş, o cümlədən ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.

Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri Azad Kərimov, Oqtay Şıxəliyev, Qədim Ağaxanov, Faiq Rüstəmov, Şiraslan Həsənov çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər.

Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsinə görə məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra çıxış üçün söz müdafiə tərəfinə verilib. Söz alan təqsirləndirilən şəxs fasilə zamanı vəkili ilə danışdığını, onun çıxış etməsini istəmədiyini söyləyib.

Söz təqsirləndirilən şəxsin vəkili E.Babışova verilib. Müdafiəçi çıxışında elan olunmuş ittihamla qəti şəkildə razı olmadıqlarını bildirib. O, iş üzrə təqsirləndirilən şəxsin mövqeyini əsas götürərək cinayət işi ilə əlaqədar müdafiə nitqi ilə çıxış etməkdən imtina etdiyini söyləyib.

Ardınca müdafiəçinin çıxışına münasibət bildirmək üçün söz ittiham tərəfinə verilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib: “Müdafiəçinin təqsirləndirilən şəxsin mövqeyinə uyğun olaraq hər hansı arqumentlərə, sübutlara, faktlara qiymət verməməsini nəzərə almaqla əlavə fikrimiz yoxdur”.

Sonra R.Vardanyana söz verilib.

Təqsirləndirilən şəxs son söz çıxışı edib. R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib.

Təqsirləndirilən şəxs çıxışında, həmçinin saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. R.Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuyub. Bundan sonra o, çıxışını yekunlaşdırıb.

Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub.

Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər.

Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif edib.

Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olunub  

22:22
15 Mart

Qazaxıstanda keçirilən referendumda seçici fəallığı 73,24 faiz olub

20:36
15 Mart

Misli Premyer Liqası: “Neftçi” “Qəbələ”ni məğlub edib

20:03
15 Mart

ABŞ digər ölkələrin Hörmüz boğazı ilə bağlı səylərini dəstəkləməsini gözləyir

19:52
15 Mart

Zelenski Trampla görüşmək istəyir  

18:49
15 Mart

Rusiya, Qazaxıstan və Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunub  

18:05
15 Mart

Yeran Lovetti: Qlobal problemlərin müzakirəsi Azərbaycana yalnız nüfuz qazandırır

17:57
15 Mart

Misli Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

17:01
15 Mart

İsveçrənin İrandakı səfirliyinin daha üç əməkdaşı təxliyə olunub

16:48
15 Mart

Türkiyə XİN: İrqçiliklə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verməyi davam etdirəcəyik

16:31
15 Mart

Səudiyyə Ərəbistanı gecə yarıdan bəri 27 PUA-nı və 6 ballistik raketi zərərsizləşdirib

15:13
15 Mart

Ukrayna ABŞ-yə 35-50 milyard dollar dəyərində dron istehsalı müqaviləsi imzalamağı təklif edib

15:02
15 Mart

İrandan Azərbaycana növbəti təxliyə: daha 6 nəfər sərhədi keçib  

14:53
15 Mart

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

14:42
15 Mart

Əraqçi: Hörmüz boğazı ABŞ və onun müttəfiqləri istisna olmaqla, hər kəs üçün açıqdır  

14:38
15 Mart

Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 6 binada təşkil edilib

14:23
15 Mart

Zelenski: Ukrayna parlamentində çalışmaq istəməyən deputatlar cəbhəyə xidmətə getməlidirlər

14:06
15 Mart

Qazaxıstanda referendum baş tutmuş hesab olunub

13:46
15 Mart

Qlobal Bakı Forumu çərçivəsində Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti 

13:11
15 Mart

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

13:02
15 Mart

Kasım-Jomart Tokayev: Prezident seçkiləri 2029-cu ildə keçiriləcək

12:48
15 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!