Yaxud tarixin güzgüsündə müasir ABŞ necə görünür
Məşhur atalar sözü var: "Meymun baxar güzgüyə, adını qoyar özgəyə".
ABŞ supergücə çevriləndən bəri həmişə hamını özünə borclu sayıb və ittiham edib!
Özünü isə süddən çıxmış ağ qaşıq kimi göstərməyə çalışıb:
* Guya dünyada haqq-ədaləti bu bərpa edir!
* Guya hamıya "demokratiya nümunəsi"dir!
* Guya dünyada sülhün, əmin-amanlığın "ən etibarlı qoruyucusu"dur!
* Guya dünyada terrorizmə qarşı əsl mübariz odur!
* Guya bütün müharibələrdən xəbəri olmur və yalnız "sülh göyərçini" kimi barışıq müqaviləsinin bağlanmasına çalışır və bundan ötrü "əlindən gələni" edir!
Əlindən gələnlər isə bambaşqadır...
Üstünü nə qədər bəzəyib düzəsə də, zamanında hər şey açıq-aşkar bəlli olur.
Əslində, ABŞ dünyada öz maraqlarından başqa heç nə tanımır:
* Nə beynəlxalq hüququ, nə başqa dövlətlərin ərazi bütövlüyünü və daxili işlərinə qarışmamaq prinsiplərini;
* Nə özgə sərhədlərinin toxunulmazlığını;
* Nə də xalqların öz sərvətlərinə malik olduqları hüququnu.
ABŞ-nin tanıdığı və daim həvəslə tətbiq etdiyi yeganə vasitə də var:
* Zorakılıq;
* Ona itaətsizlik göstərən ölkələrin ərazilərində qarşıdurma yaratmaq;
* Müxtəlif rəngli inqilabların təşkili;
* Öz istəyinə nəyin bahasına olursa-olsun, hətta qantökmə yolu ilə belə nail olmaq!
Bütün xarici siyasətini uzun illərdir özünün hazırladığı bu dəyişməz prinsiplər əsasında qurur!
Qeyd etdiyimiz kimi, ABŞ özünü dünyaya bu sayaq təqdim edir.
Bəs dünya onu necə tanıyır?!
Doğrudanmı ABŞ-nin özünü təqdim etdiyi, göstərmək istədiyi kimi?
Biz qoca tarixin güzgüsündə müasir ABŞ-nin necə göründüyünü göstərmək istəyirik.
Ən əvvəl özünə!
Çünki bəlkə də özünə vurğunluğu dünyanın onu necə görüb qəbul etdiyini bilməsinə əngəl törədir...
***
Səmimi-qəlbdən etiraf edək ki, ABŞ dünyada bir sıra "yeniliklər"in müəllifi, tətbiq edəni olub.
Hətta bununla qürurlana da bilər!
Məsələn, ABŞ dünyada quldurların və başkəsənlərin yaratdığı ilk dövlətdir!
Xristofor Kolumb və Ameriqo Vespuççi Amerika qitəsini kəşf etdikdən sonra öz ölkələrində qətllər törədən, qarət və soyğunçuluq edərək gizlənən, türmədən və haqlı cəzadan qaçan nə qədər cinayətkar vardısa, hamısı gəmiyə minərək bu yeni qitəyə təşrif apardılar.
Və burada yerli əhalini vəhşicəsinə istismar edərək müstəmləkəçilik siyasəti tətbiq etdilər!
Sonra "qırmızı dərililərin" gəlmələrin yerini dar etdiyini görərək onlara qarşı soyqırımı törətdilər...
"Yersiz gəldi, yerli qaç" prinsipi ilə aborigen xalqa qarşı olmazın vəhşiliklərə imza atdılar!
İrqi ayrı-seçkilik bu gün də ABŞ-də davam edir. Müxtəlif dövrlərdə dövlət katibi, müdafiə naziri postlarına qaradərililəri təyin etsələr də, hətta özlərinə prezident seçsələr də, bu, yalnız zahiri effekt üçündür!
Həqiqətdə isə indinin özündə də ABŞ polisi sərbəst toplaşmaq azadlığından istifadə edərək öz haqqını və ədaləti tələb edən qaradərili vətəndaşını böyük həvəslə odlu silahının hədəfinə çevirərək qurğuşuna "qonaq" edir!
Sonra isə dövlətin dəstəyi ilə asanlıqla törətdiyi cinayətin cəzasından yayınır.
ABŞ dünyaya kütləvi ölüm və dağıntı gətirən ilk atom bombasının müəllifidir!
Həm də təkcə müəllifi deyil, onu qəddarcasına tətbiq edəndir!
1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan iki atom bombası nəticəsində 200 mindən çox insan həyatdan məhrum oldu, hər iki şəhər dağılaraq xarabalığa çevrildi.
ABŞ insanlara qarşı kütləvi vəhşilikləri sonralar da davam etdirdi!
Uzun illər boyu öz azadlığı uğrunda mübarizə aparan Vyetnam xalqının başına od ələdi, hətta qadağan edilmiş napalm bombalarının, zəhərli qazların tətbiqindən belə çəkinmədi!
Bu gün bütün dünya ABŞ-ni həm də despot, firon dövlət kimi tanıyır!
ABŞ eyni zamanda şərçi, böhtançı dövlətdir.
Başqa dövlətlərin ərazilərinə təcavüz üçün bəhanə tapmayanda onları olmayan günahlarında suçlayır.
Məsələn, illər öncə İraqa "kimyəvi silahı var" bəhanəsi ilə soxuldu!
Onun varını, sərvətini daşıyıb apardı, ölkə daxilində qarşıdurma, ziddiyyət və parçalanma yaratdı, xalqı dilənçi gününə saldı, uzun illər boyu inkişafdan saxladı!
"Kimyəvi silah" tapılmayanda isə nə utanıb qızardı, nə də tökdüyü qanların xəcalətini çəkdi!
Dövlət siyasətində quldurluq və reketlik ənənələrini yaradan ABŞ bu gün də onu yaşadır və vaxtaşırı tətbiq edir.
ABŞ "dost" deyib yanaşdığı, əməkdaşlıq etdiyi dövlətlərin hər birinə sonda xəyanət edib, həmin ölkələrin əhalisinə dərd-bəla, yoxsulluq və fəlakət gətirib.
Suriya, Livan, Yəmən dediklərimizə bariz misaldır. Məhz ABŞ-nin "dost"luğu sayəsində uzun illərdir ki, bu dövlətlərdə sabitlik pozulub, yerli əhali qaçqına və miqranta çevrilib, təbii sərvətlərindən məhrum edilib, normal yaşayışa tamarzı qalıb.
ABŞ özünü dünyaya həm də "demokratiya təəssübkeşi və qoruyucusu" kimi sırımağa çalışır.
Xalqlara qara günlər qismət edən, sərvətlərinin əldən çıxmasına səbəb olan "rəngli inqilablar", "ərəb baharları" da ABŞ-nin "kəşf"idir. Bu adla insanları aldadan, pulla ələ alaraq yerli hakimiyyətə qarşı çevirən, sabitliyin və əmin-amanlığın uzun illər boyu pozulmasına səbəb olan "inqilab" və "baharlar", əslində, ABŞ-nin maraqlarının özünəməxsus üsullarla təmini, var-dövlətin və sərvətlərin ələ keçirilməsinin bir formasıdır.
2000-ci illərin əvvəllərindən ABŞ-nin ssenarisi ilə Şərqi Avropa və postsovet məkanında baş verən "rəngli inqilablar", Yaxın Şərqdəki siyasi təlatümlər insanlara azadlıq və demokratiya, firavan həyat deyil, yoxsulluq, ümidsizlik və ölüm-itim bəxş etdi.
ABŞ-nin heç zaman dostu olmayıb və bu gün də yoxdur!
Əksinə, kiminləsə dostluq edəndə həmişə ona ağrı-acı, nəticəsi düzəlməyən fəlakətlər gətirib!
Bir vaxtlar ABŞ Gürcüstanla dost, demokratik dövlət quruculuğunda isə yaxın "köməkçi" idi. Az vaxtda Gürcüstanı yaşadığı regionda real və doğru siyasət yürütməkdən sapdırdı. Sonda - 2008-ci ilin avqustunda isə tək və köməksiz qoyaraq ərazi itkisinə, inkişafının xeyli ləngiməsinə, ölkədəki sabitliyin uzun müddətə pozulmasına səbəb oldu!
Gürcüstan hələ də "dostu" ABŞ-nin onunçün yaratdığı problemlərin məngənəsindən tam xilas ola bilməyib!
ABŞ-nin bir dostu da Türkiyədir.
Həm də Türkiyə ilə adi dost yox, üstəlik NATO-da sınanmış tərəfdaşdırlar.
Lakin Türkiyənin bu səmimiyyəti və etibarı əvəzində ABŞ ölkə daxilində çevriliş hazırlayaraq qarışıqlıq və qarşıdurma yaratmağa çalışdı.
Hətta bu gün də dostunun tələb etdiyi və himayəsində qoruyub saxladığı Fətullah Güləni geri qaytarmır.
Türkiyənin güclənməsindən ehtiyat edərək onun Avropa İttifaqına daxil olmasına gizli şəkildə mane olur!
F-16 və F-35 qırıcılarını Türkiyəyə verməmək üçün Azərbaycana Qarabağ uğrundakı ədalətli müharibəsində kömək göstərdiyini irad tutur.
Halbuki bu qardaş yardımı yalnız siyasi və diplomatik müstəvidə olmuş, heç zaman türk əsgəri Qarabağda vuruşmamış, Türkiyəyə məxsus F-16-lar Azərbaycan ərazisində havaya belə qalxmamışlar.
***
ABŞ öz əlini isitməkdən ötrü istənilən dövlətin ərazisini istədiyi vaxt yandırıb külə döndərməyə, dinc əhalinin başına bomba yağdırmağa hazırdır.
Rusiya-Ukrayna müharibəsi deyilənə ən yaxşı misaldır. İki qədim slavyan xalqını Avropadakı maraqlarını təmin etmək üçün qanlı savaşa çəkdi.
Məqsədi Rusiyanı zəiflətmək, yeni dünya düzənində ona yer verməməkdir.
NATO-nun və Avropa İttifaqının əli ilə Ukraynaya silah verir. Canlı qüvvəni isə itirənlər dünən dost və qardaş olan dövlətlərdir.
Rusiya uğur qazananda Ukraynaya hərbi yardımı artırır, Ukrayna irəliləyəndə isə köməyini dayandırır.
Onun dirijorluğu ilə gedən bu müharibədə Ukrayna xarabazara çevrilib, həyat əhəmiyyətli bütün infrastrukturu məhv edilib. Normal yaşayışını, işini, ev-eşiyini itirən ukraynalılar Avropada miqrant həyatı sürmək məcburiyyətindədirlər.
Bəli, milyonlarla insan ömrü-boyu qazandığını, rahat həyatını, təhsilini, işini itirir, taleyin ümidinə qalır.
Çünki ABŞ-yə belə lazımdır.
Çünki onun "humanist", "demokratik" siyasətinin əsl mahiyyəti budur!
***
"Kor kora rişxənd edər" demişlər.
Bu gün də ABŞ-nin daxilində kifayət qədər ciddi problemlər - sosial ədalətsizlik, rasizm, qaradərililərin hüquqlarının tapdanması, gettolar, hindu rezervasiyaları mövcuddur.
Bu ölkədə təkcə irqi ayrı-seçkiliklər baş vermir, hətta eks-prezident D.Trampa qarşı basqılar törədilir, ona sübutu olmayan ittihamlar verilir, növbəti prezident seçkilərində iştirakının qarşısını almaqdan ötrü min bir hoqqa çıxarılır.
ABŞ-də konqresmen və senatorların rüşvət almaları, korrupsiyaya uğramaları adi hala çevrilib.
Sonuncu cinayət işi Menendezə qarşı qaldırıldı.
Artıq erməni lobbisindən pul alaraq erməni maraqlarının müdafiəçisinə çevrilmək ABŞ senator və konqresmenlərinin adi iş norması sayılır!
Azərbaycanın dost münasibətinə - 2001-ci ilin 11 sentyabr terrorunda ABŞ-nin yanında olması, Əfqanıstandakı əməliyyatlara dəstək verməsinə baxmayaraq, ABŞ heç zaman bizə qarşı səmimi, düz və ədalətli olmayıb!
Əfqan xalqına qarşı etdiyini, bu dövləti parçalayaraq qarşıdurma məkanına, narkoplantasiya tarlalarına çevirdiyini və digər pisliklərini Azərbaycana qarşı da başqa formada təkrarlamaq siyasətini yürüdür.
Ötən otuz ildə ATƏT-in həmsədrlərindən biri olsa da, münaqişənin həlli istiqamətində heç bir müsbət addım atıb, ədalətli mövqe göstərməyib. Əksinə, bizə "reallıqla barışmağı" tövsiyə edib, mənasız sülh danışıqlarını acı bağırsaq kimi uzadıb.
Bu gün isə beynəlxalq hüquqa əsaslanan mövqedən uzaq duraraq gözgörəsi erməni maraqlarını müdafiə edir!
Bütün bunlar bir yana, işləri ayrı-ayrı ölkələrdə casus şəbəkələri qurmaq, demokratiya adı altında çevrilişlərin hazırlanmasında iştirak etmək və yerli xəyanətkarların əli ilə hakimiyyətlərə təsir və təzyiq göstərməkdən ibarət olan USAID, NED kimi təşkilatların Azərbaycandakı fəallıqlarını artırıb. Adları çəkilən bu qurumların yaratdıqları şəbəkələr dövlətə və xalqa qarşı xəyanət yolunu tutmuş ünsürlərin cəmləşdiyi, gizli şəkildə ABŞ tərəfindən maliyyələşdirilən, çirkli pulların yuyulması üçün "sayt" və QHT adı ilə qeydiyyatdan keçirilən bədnam qurumlardır.
USAID-in rəhbəri Samanta Pauerin qatı ermənipərəst olması, onun keçmiş "dqr"in "dövlət naziri" Vardanyanla şübhəli əlaqələri hər şeyi açıq-aydın göstərir.
Azərbaycanın, Prezident İlham Əliyevin müstəqil, milli maraqlara əsaslanan siyasət yürütməsi təbii ki, ABŞ-dəki ermənipərəstləri qane edə bilməz!
Sorosun ruporu olan "Vaşinqton Post"un Azərbaycan əleyhinə dərc etdiyi yaramaz, yalan, qərəzli və qeyri-obyektiv məqaləsi də bu ağrı-acılardan qaynaqlanır.
"Azad media", "mediaya dəstək" adları altında ölkəmiz əleyhinə fəaliyyət göstərən qurum, sayt və QHT-lərin mövcudluğuna Azərbaycan heç zaman imkan verməyəcəkdir!
ABŞ-nin bundan xoşu gəlsə də, gəlməsə də!
Artıq ABŞ-nin Azərbaycana qarşı qeyri-dost, hətta bəzən düşmənçilik həddinə çatan qərəzli və ermənipərəst siyasəti bu dövləti xalqımızın gözündən tamam salıb.
Nüfuzunu ermənipərəst addımlarının güdazına verən Ağ Ev artıq Azərbaycanı itirmək üzrədir...
Nə "Vaşinqton Post"un dərc etdiyi cızmaqara, nə də ABŞ-nin təhdid və təzyiq cəhdləri Azərbaycanı öz yolundan döndərə və çəkindirə bilər!
Çünki Azərbaycanın, onun Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət xalqın maraqlarına və dövlətin mənafeyinə əsaslanır!
İtirən yalnız ABŞ olacaqdır!
Həm də təkcə ona dəfələrlə yaxşılıqlar etmiş Azərbaycanı yox, Cənubi Qafqazı da itirəcəkdir!
Üstəlik Mərkəzi Asiyanı da!
ABŞ rəhbərliyi qəzetlərə məqalələr yazdırmaqdansa, real düşünərək ağıllı qərarlar qəbul etsə, özü və Cənubi Qafqaz bölgəsi üçün daha faydalı olar.
Bəxtiyar SADIQOV