20 May 2026 08:50
323
Elm və texnika
A- A+
Qlobal iqlim dəyişikliyi təbiətin ritmini pozur

Qlobal iqlim dəyişikliyi təbiətin ritmini pozur


Son dövrlər dünyada müşahidə olunan qeyri-sabit hava şəraiti, temperaturun yüksəlməsi və intensiv yağıntılar qlobal iqlim dəyişikliyinin təsirlərini daha aydın şəkildə üzə çıxarır. Bir çox regionda olduğu kimi, Azərbaycanda da hava hadisələrinin xarakterində ciddi dəyişikliklər müşahidə edilir. Əvvəllər daha uzunmüddətli və nisbətən zəif yağıntılarla müşayiət olunan mövsümlər indi qısa müddətdə yağan leysan xarakterli yağışlarla əvəzlənir. Bu isə subasma, sel, sürüşmə və məhsuldarlığın azalması kimi problemlərə səbəb olur.

Mütəxəssislər hesab edirlər ki, intensiv yağıntıların artması təsadüfi deyil və bunun arxasında həm qlobal istiləşmə, həm də regional atmosfer prosesləri dayanır. Atmosferdə istixana qazlarının çoxalması Yer kürəsinin temperaturunu yüksəldir, nəticədə buxarlanma sürətlənir və havada daha çox rütubət toplanır. Toplanan bu rütubət müəyyən hava şəraiti formalaşdıqda qısa müddətdə güclü yağış şəklində yerə düşür. Son illər dünyanın müxtəlif ölkələrində baş verən təbiət hadisələri bu prosesin qlobal xarakter daşıdığını göstərir.


Atmosferdə dəyişən balans və intensiv yağıntıların səbəbləri


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, iqlim dəyişiklikləri artıq yalnız gələcək üçün ehtimal olunan təhlükə deyil, gündəlik həyatda hiss edilən reallığa çevrilib. Atmosferdə karbon emissiyalarının artması temperaturun yüksəlməsinə gətirib çıxarır və bu proses su dövranını dəyişdirərək yağıntıların intensivliyinə birbaşa təsir göstərir.

"Qlobal istiləşmə nəticəsində havanın temperaturu artdıqca buxarlanma prosesi sürətlənir. Daha isti hava isə daha çox rütubət saxlamaq qabiliyyətinə malik olur. Atmosferdə yığılan bu əlavə rütubət müəyyən meteoroloji şəraitdə yağış şəklində geri qayıdır və nəticədə leysan xarakterli intensiv yağıntılara gətirib çıxarır. Əvvəllər müəyyən zaman intervalında düşən yağıntı indi daha qısa müddətdə və daha böyük həcmdə müşahidə edilir. Bu dəyişiklik təkcə yağışın miqdarında deyil, həm də onun paylanma formasında özünü göstərir. Uzunmüddətli və zəif yağışların yerini qısamüddətli, lakin çox güclü yağıntılar tutur. Belə hava hadisələri isə xüsusilə şəhərlərdə və dağlıq ərazilərdə ciddi problemlər yaradır", - deyə ekoloq qeyd edib.

Atmosferdə baş verən digər dəyişikliklər də intensiv yağıntıların yaranmasına təsir edir. Mütəxəssis bildirib ki, son illərdə meridional hava axınlarının güclənməsi, siklon aktivliyinin artması və Yer səthinin daha çox isinməsi konvektiv leysanların formalaşmasına əlverişli şərait yaradır. Bu proses zamanı isti və rütubətli hava kütlələri sürətlə yüksələrək soyuyur və qısa müddətdə böyük həcmdə yağış əmələ gəlir: "İqlim dəyişikliyi yalnız güclü yağışlarla deyil, həm də əks proseslərlə - uzunmüddətli quraqlıqlarla da özünü göstərir. Bəzi dövrlərdə normadan artıq yağıntı müşahidə olunursa, digər vaxtlarda uzun müddət yağış yağmır. Bu isə iqlim sistemində tarazlığın pozulmasının əsas göstəricilərindən biridir. Qütb zonalarında baş verən dəyişikliklər, hava axınlarının istiqamətinin dəyişməsi və iqlim qurşaqlarının sürüşməsi uzunmüddətli perspektivdə regionlarda yağıntı rejiminə təsir edir. Son aylar dünyanın müxtəlif ölkələrində müşahidə olunan hava fəlakətləri də bu dəyişikliklərin miqyasını göstərir. Pakistan və Əfqanıstanda güclü yağışlar insan itkilərinə səbəb olub, Yunanıstanda yaşayış məntəqələri su altında qalıb. Braziliyada və Aralıq dənizi hövzəsində baş verən daşqınlar böyük əraziləri əhatə edib. Rusiyanın bəzi bölgələrində, o cümlədən Dağıstanda da oxşar hadisələr qeydə alınıb".

Cəmşid Bəxtiyar hesab edir ki, müharibələr və partlayışlar kimi faktorlar əsasən lokal təsirlərə malikdir və qlobal iqlim dəyişikliklərinin əsas səbəbi sayıla bilməz. Bununla belə, meşələrin məhv edilməsi, torpaq örtüyünün zədələnməsi və atmosferə əlavə qazların buraxılması uzunmüddətli ekoloji problemlərin dərinləşməsinə səbəb olur.


Leysan yağışlar qlobal iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirilə bilər


May ayında intensiv yağışların müşahidə olunmasının yaşadığımız ölkə üçün qeyri-adi hadisə olmadığını bildirən ekoloqun sözlərinə görə, son illərdə davam edən quraqlıq yaz mövsümündə insanlarda belə bir təsəvvür yaradıb ki, yaz aylarında güclü yağışlar region üçün xarakterik deyil: "Halbuki əvvəllər yaz mövsümü məhz daha rütubətli və yağışlı keçirdi, hətta bu proses bəzən iyunun əvvəlinə qədər davam edirdi. Bu il müşahidə olunan hava şəraiti müəyyən mənada ənənəvi iqlim xüsusiyyətlərinə dönüş kimi də qiymətləndirilə bilər. Şimaldan gələn soyuq hava kütlələri ilə cənubdan daxil olan isti və rütubətli hava axınlarının toqquşması region üzərində intensiv buludlaşma və yağıntı yaradır. Böyük Qafqaz sıra dağları isə rütubətli havanın yüksələrək soyumasını sürətləndirir və nəticədə yağışların intensivliyi artır. İlin bu dövründə yağışların yağması normal hal sayılsa da, əsas məsələ onların intensivliyidir. Əgər yağıntılar norma çərçivəsində düşərsə, bu, təbii iqlim prosesi hesab olunur. Lakin son dövrlərdə müşahidə edilən leysan xarakterli güclü yağışlar artıq ənənəvi göstəricilərdən kənara çıxır və bu, qlobal iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirilə bilər".

Böyük Qafqazın dağətəyi zonalarında, Quba, Qusar, Şamaxı və Şabran ərazilərində leysan yağışlar sel və daşqın riskini artırır. Ekoloq qeyd edib ki, güclü yağıntılar torpaq qatının yuyulmasına, sürüşmələrin baş verməsinə və infrastrukturun zədələnməsinə səbəb olur: "Kənd təsərrüfatı da bu prosesdən ciddi şəkildə təsirlənir. Mülayim yağışlar məhsuldarlıq üçün faydalı olsa da, intensiv yağıntılar torpağın münbit qatını yuyaraq onun keyfiyyətini aşağı salır. Torpağın uzun müddət nəm qalması bitki köklərinin çürüməsinə, havalanmanın zəifləməsinə və nəticədə məhsuldarlığın azalmasına gətirib çıxarır. Bununla yanaşı, dağlıq ərazilərdə otlaq sahələrinin həddindən artıq istifadəsi eroziya prosesini sürətləndirir. Güclü yağışlar zamanı torpaq daha asan yuyulur və bu da sürüşmə riskini artırır. Meşələrin bərpası, eroziyaya qarşı mübarizə və torpaqdan düzgün istifadə bu problemlərin qarşısının alınmasında mühüm rol oynaya bilər".

Su idarəçiliyi də əsas prioritetlərdən biri kimi qiymətləndirilir. Cəmşid Bəxtiyarın sözlərinə görə, yağış sularının toplanması və təkrar istifadəsi üçün sistemlərin yaradılması gələcəkdə həm daşqın riskinin azalmasına, həm də su ehtiyatlarının qorunmasına kömək edə bilər. Su anbarlarının artırılması, "ağıllı su idarəetmə texnologiyaları"nın tətbiqi və çay yataqlarının nəzarətdə saxlanılması bu sahədə vacib addımlar hesab olunur. Ekspert həmçinin qeyd edir ki, çay yataqlarında tikinti materiallarının çıxarılması və qeyri-qanuni müdaxilələr daşqın riskini daha da artırır. Buna görə də çay hövzələrinin qorunması və ekoloji nəzarətin gücləndirilməsi vacib məsələlərdən biridir. Kənd təsərrüfatında isə iqlimədavamlı bitkilərin seçilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi və torpaq qoruyucu texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər həm məhsuldarlığın qorunmasına, həm də torpaqların deqradasiyasının qarşısının alınmasına xidmət edir.

Mütəxəssisin fikrincə, intensiv yağıntılar artıq təkcə təbii hadisə kimi deyil, qlobal iqlim dəyişikliklərinin birgə nəticəsi kimi qiymətləndirilməlidir. Gələcək risklərin azaldılması isə yalnız fövqəladə hallara reaksiya verməklə deyil, uzunmüddətli planlaşdırma, ekoloji balansın qorunması və dayanıqlı infrastrukturun qurulması ilə mümkün olacaq. Azərbaycanda müşahidə olunan intensiv yağıntılar bir daha göstərir ki, iqlim dəyişiklikləri artıq uzaq gələcəyin problemi deyil, bu günün reallığıdır və ona uyğunlaşmaq qaçılmaz zərurətə çevrilib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!