"Qərbi Azərbaycana qayıdış ölkəmizin bütövlüyünə, suveren hüquqlarımızın və tarixi ədalətin bərqərar olunmasına, identikliyimizin, mədəni özünəməxsusluğumuzun qorunmasına xidmət edən milli ideyamızın ayrılmaz hissələrindən biridir. Qərbi Azərbaycana qayıdış Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ənənələrimizin xalqımıza məxsus bir coğrafiyada bərqərar olmasıdır. Tarixi yurd yerlərimizdə və mənsub olduğumuz böyük türk ailəsində davamlı sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasını hədəfləyən strateji baxış bucağından qaynaqlanan, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək ümummilli ideyaya çevrilən və ardıcıllıqla gerçəkləşdirilən milli özünəqayıdış və dəyərlər üzərindən inkişaf konsepsiyasının gerçəkləşdirilməsi prosesinin növbəti və ən önəmli mərhələsidir".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O qeyd edib ki, bu konsepsiyanın təməlində və hədəfində başqalarının, o cümlədən tarixboyu təhrif olunmuş həqiqətlər, saxta ideyalar üzərindən xalqımıza düşmənçilik siyasəti yürüdənlərə qarşı əzici, aşağılayıcı davranışın sərgilənməsi yer almayıb. Əksinə, əsas hədəflərdən biri də tarixi həqiqətlərin olduğu kimi təqdim olunması ilə yanaşı, təhlükəsiz və firavan birgəyaşayışın təmin edilməsidir. Məsələyə hüquqi kontekstdən yanaşanda doğma yurd yerlərindən didərgin salınmış qərbi azərbaycanlıların öz evlərinə qayıdışı onların fundamental hüququdur və bu hüquq heç bir anlayışla məhdudlaşdırıla bilməz. "Bu baxımdan Ermənistan qərbi azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnu, sözügedən sənədlərdə qeyd olunduğu kimi, təxirə salmadan təmin etməlidir. Bu kimi məqamlar Qərbi Azərbaycan İcmasının indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyasında yer aldığı üçün yenidən təkrarlanmasına ehtiyac yoxdur. Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə - öz tarixi və hüquqi yurd yerlərinə qayıdışı beynəlxalq hüququn hər hansı bir alternativi olmayan tələbidir", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini 30 ilə yaxın işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını yurd yerlərindən qaçqın və məcburi köçkün salan, Azərbaycan xalqına qarşı etnik zəmində soyqırımı cinayətləri, vandalizm aktları həyata keçirən, müstəqillik bəyannaməsində, konstitusiyasında və digər hüquqi-normativ sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddialarını saxlayan, BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərlə qadağan olunmuş bütün təhdidlərin aradan qaldırılması istiqamətində addım atmaq istəməyən Ermənistanın qərbi azərbaycanlıların geriyə qayıdış hüququnu ərazi iddiaları kimi təqdim etməyə cəhd göstərməsi rəsmi İrəvanın növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərindən, həmçinin ölkəmizə qarşı ərazi iddialarını əsassız ittihamlarla kompensasiya etmək niyyətindən başqa bir şey deyil. Azərbaycan torpaqlarında törətdiyi ağır müharibə cinayətlərinə görə məsuliyyətdən yayınmağa, himayədarlarından aldığı təlimatlarla onların regiona müdaxiləsi üçün əsaslar formalaşdırmağa çalışan Ermənistan bu yolla insan hüquq və azadlıqları kontekstindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarını stimullaşdırmağa, öhdəliklərindən yayınmağa, sülh müqaviləsinin imzalanması prosesini mümkün qədər uzatmağa çalışır.
E.Mirzəbəyli vurğulayıb ki, bu prosesdə Ermənistana hələ işğal dövründə hərtərəfli dəstək verən ölkələrin və "soyuq müharibə" dövründən qalma geosiyasi təzyiq alətlərinin - önünə "beynəlxalq" sözü atılmış bəhanəyaradıcı təsisatların xüsusi fəallıq nümayiş etdirmələri təəccüblü görünməməlidir: "Nəzərə almaq lazımdır ki, onların daha da aqressivləşmələrinin əsas səbəblərindən biri də Azərbaycanın bölgədə 200 ilə yaxın davam edən "parçala, hökm sür" siyasətinə son qoyması, xarici maraqların qol-qanad açmasına imkan verməyən reallıq yaratmasıdır. Bu qəbildən olan davranışlara qarşı Azərbaycan xalqının və dövlətinin kifayət qədər güclü immuniteti var. Eyni zamanda Prezident İlham Əliyevin xalqımızı böyük Zəfərə aparan strategiyasının həyata keçirildiyi hər an təkcə bizə deyil, haqsızlığa məruz qalan digər ölkələrə də böhtan və qarayaxma kampaniyalarına qarşı mübarizə aparmaq üçün ən yaxşı nümunədir. Ali Baş Komandanın güclü olmaq düsturu bunu tələb edir: daha güclü, mütəşəkkil, prinsipial, cəsarətli olmalı, zəfərimizin və haqlı olmağımızın doğurduğu kinetik enerjini bütün platformalarda daşımağı bacarmalıyıq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"