Paytaxtın qışa hazırlığının vəziyyəti ilə əlaqədar müşavirələr keçirilir. Müşavirələrdə kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığı araşdırılır, görülməsi zəruri olan işlər müzakirə edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında keçirilən ilk müşavirələrdə BŞİH-in şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər.
Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar. Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət və inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatının yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib, rayonlardakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb. Bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış olunub.