11 Dekabr 2024 08:05
488
PARLAMENT
A- A+
Parlament Prezident İlham Əliyevin inkişaf strategiyasına qanunvericilik fəaliyyəti ilə töhfə verir

Parlament Prezident İlham Əliyevin inkişaf strategiyasına qanunvericilik fəaliyyəti ilə töhfə verir


Dekabrın 10-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan spiker bildirib ki, dekabrın 7-də Milli Məclisdə Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq parlament konfransı keçirildi. Tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Rusiya, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, İraq, Efiopiya, İndoneziya, Malayziya parlamentlərinin və TürkPA, MDB-nin Parlamentlərarası Assambleyası kimi beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edirdi.

Konfransda "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusu ətrafında müzakirələr aparıldı, 27 nəfər çıxış etdi.

Spiker qeyd edib ki, Milli Məclis Sədrinin və üzvlərinin çıxışlarında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin irsinin müasir dövrün çağırışları şəraitində əhəmiyyəti vurğulandı. Azərbaycanın hələ əsrin əvvəllərində demokratik prinsiplərə və mütərəqqi dövlət quruculuğuna sadiq olduğu, xalqımızın zəngin parlamentarizm ənənələrinin son 30 ildən artıq dövrdə daha da inkişaf etdirildiyi bildirildi.  Sahibə Qafarova bildirib ki, konfransda Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda ali hakimiyyətə qayıdışının ölkəmizdə sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, eyni zamanda yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığı nəzərə çatdırıldı. Qeyd olundu ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

Eyni zamanda ölkəmizə qarşı böhtan və dezinformasiya kampaniyaları aparıldığı, təxribatlar törədildiyi, lakin onların nəticəsiz qaldığı da vurğulandı.

Milli Məclisin Sədri bildirib ki, bundan əlavə, tədbir çərçivəsində ADA Universitetində "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" mövzusunda Beynəlxalq "dəyirmi masa" keçirildi. "Parlamentlərin ictimai diplomatiyada rolu" və "Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu" mövzuları ətrafında fikir mübadiləsi də aparıldı.

Konfrans çərçivəsində Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan parlamentlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər də keçirildi.

Çıxışına yekun vuran Milli Məclisin Sədri deyib ki, konfrans parlamentlərarası dialoqun və qarşılıqlı əlaqənin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfrans iştirakçılarının Zəfər parkına getməsi, Heydər Əliyev Mərkəzi ilə tanış olması, işğaldan azad edilmiş əraziləri - Füzuli, Şuşa, Xankəndi və Xocalını ziyarət etməsi onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı. 

Sonra cari məsələlərlə bağlı aparılan müzakirələrdə parlamentin komitə sədrləri Arzu Nağıyev, Zahid Oruc, deputatlar Pərvanə Vəliyeva, Naqif Həmzəyev, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Jalə Əliyeva, Tural Gəncəliyev, Günay Ağamalı, Ceyhun Məmmədov çıxış edərək bir sıra aktual mövzularla bağlı öz fikirlərini açıqlayıblar.

Deputatlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu günlərdə qeyd ediləcək anım günü ilə əlaqədar onun əziz xatirəsini böyük ehtiramla yad ediblər. Çıxışlarda Heydər Əliyevin  ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişaf, ordu quruculuğu istiqamətində önəmli rolu vurğulanıb. Bildirilib ki, onun həyata keçirdiyi uğurlu siyasət ölkənin modernləşdirilməsinin, iqtisadiyyatın gücləndirilməsinin, dövlətimizin beynəlxalq müstəvidə nüfuzunun artmasının əsasını qoydu. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin irsini uğurla davam etdirir, Azərbaycanın daha da  gücləndirilməsi, dünyada nüfuzunun artırılması istiqamətində mühüm addımlar atır.

Millət vəkilləri Milli Məclisdə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının müvəffəqiyyətlə keçirilməsi münasibəti ilə spiker Sahibə Qafarovaya təbriklərini çatdırıblar. Bildirilib ki, tədbirdə çox sayda ölkənin nümayəndələrinin iştirakı, konfrans çərçivəsində keçirilmiş ikitərəfli görüşlər, Azərbaycanla əlaqələrin genişləndirilməsi ilə bağlı səslənən fikirlər dövlətimizin dünyada qazandığı nüfuzunun, beynəlxalq aləmdə artan rolunun bariz nümunəsidir.

Müzakirələrdə cari ildə ölkəmizdə keçirilmiş COP29 konfransının qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə, ekoloji sabitliyin təmin olunmasına verdiyi mühüm töhfələrdən söhbət açılıb. Bununla yanaşı, bu tədbirdə beynəlxalq standartlara uyğun olaraq təhlükəsizlik məsələlərinin təmin olunması istiqamətində, o cümlədən kibertəhlükəsizlik, sağlamlığın qorunması, logistika və nəqliyyat sahəsində zəruri tədbirlərin görüldüyü vurğulanıb.

Bir neçə gün əvvəl keçirilmiş "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransla bağlı səslənən fikirlərdə bu məsələnin ictimaiyyət tərəfindən geniş müzakirə edildiyi, onun beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi qeyd olunub.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinin uğurla  davam etdirildiyi, bu sahədə müxtəlif layihələrin həyata keçirildiyi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdıqları və bunun ölkəmizdə sosial ədalətin bərpası yönündə atılan önəmli addımlardan olduğu bildirilib.

Deputatlar habelə bəzi destruktiv qüvvələrin ölkəmizdə bütün sahələrdə gedən inkişafı, tərəqqini görməməsinin, qazanılan uğurlara qısqanclıqla yanaşmasının təəssüf doğurduğunu bildiriblər. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlərin, regionun lider dövlətinə çevrilmiş Azərbaycanın dünyada mövqeyinin güclənməsinin buna layiqli cavab olduğunu vurğulayıblar.

Sonra Milli Məclisin Sədri diqqətə çatdırıb ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib və birinci məsələ Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası üzvlərinin təyin edilməsi haqqında qərar layihəsidir.

Spiker bildirib ki, Komissiyanın Əsasnaməsinə görə, onun 5 üzvü Milli Məclis tərəfindən təyin edilməlidir. O, eyni zamanda oktyabrın 22-də bu əsasnaməyə dəyişiklik edildiyini söyləyib. Sahibə Qafarova qeyd edib ki, həmin dəyişikliyə əsasən, Komissiyanın Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Hesablama Palatasının üzvləri və Milli Məclis Aparatının rəhbərliyi sırasından seçilir. Bu müddəaya uyğun olaraq, Komissiyanın üzvlüyünə Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, parlament Aparatının rəhbəri Fərid Hacıyevin namizədlikləri təklif olunur.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü  oxunuş) təqdim edib. O, layihədə hər hansı dəyişikliyin olmadığını deyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov isə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə söhbət açıb. O, əvvəlki oxunuşlar zamanı layihənin mahiyyəti ilə bağlı heç bir əlavə təklifin olmadığını deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə qanunun 9-cu maddəsi yeni redaksiyada təqdim edilir və burada məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı şəkildə təsbit olunur. 

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova sənəd barədə bu komitələrin müsbət rəyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev növbəti məsələnin - "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunduğunu bildirib və sənədin  səsə qoyulmasını xahiş edib.

Layihə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda müəyyən edilmiş hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənəddə ölkəmizdə xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinin fəaliyyət göstərməsini nəzərə alaraq layihənin müxtəlif maddələrinə dəyişiklik edilərək "orta ixtisas təhsili" sözlərinin əlavə olunması təklif edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra komitə sədri Arzu Nağıyev "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. 

Layihədə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə ölkəmizin kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı və digər düzəlişlərin edilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən söhbət açıb. O, birinci və ikinci oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini, layihənin mətnində heç bir dəyişikliyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənədin onun rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin Milli Məclisin müzakirəsinə tövsiyə edildiyini deyib və ona səs verilməsini xahiş edib.

Sənəd hərbi xidmətin təkmilləşdirilməsi və hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma prosedurlarının daha şəffaf və səmərəli qaydada həyata keçirilməsini nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Spiker Sahibə Qafarova gündəliyin digər iki məsələsinin uyğunlaşdırma xarakteri daşıdığını və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb, qəbul ediləcəyini bildirib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.

O bildirib ki, adıçəkilən qanunun 8.3-cü maddəsinə əsasən süni torpaq sahəsi onun yaradılması başa çatdığı gündən dövlət mülkiyyəti hesab edilir. Bu müddəaya uyğun olaraq Torpaq Məcəlləsinin 46-cı və "Torpaq icarəsi haqqında" qanunun 5-ci maddəsində dəyişiklik təklif olunur və bu torpaqların dövlət torpağı olaraq statusu təsbit edilir. 

Qeyd olunub ki, bu torpaq sahələri üzərində hüquqların yaranmasının, həmin torpaqların istifadəyə və icarəyə verilməsinin "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanuna uyğun tənzimlənməsi ilə bağlı  Torpaq Məcəlləsinə, "Torpaq icarəsi haqqında" və "Torpaq bazarı haqqında" qanunlara müvafiq dəyişikliklər təklif olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. O, layihənin "İnvestisiya fəaliyyəti haqqında" Qanuna uyğunlaşdırma məqsədilə hazırlandığını və rəhbərlik etdiyi komitənin rəyinin müsbət olduğunu deyib.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra parlamentin sədri deyib ki, gündəliyin növbəti 4 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Spiker onuncu məsələ olan "Avtomobil yolları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova verib.

Komitə sədri bildirib ki, qanun layihəsi ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsini və ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılmasını nəzərdə tutur.  Bu məqsədlə qanunun 50-ci maddəsinə ödənişli avtomobil yollarından qanunsuz istifadə ilə bağlı iki hüquq pozuntusu halı daxil edilir. Birincisi, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, ikincisi,  buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə görə olan hallarda. Həmçinin inzibati məsuliyyətə səbəb olan bu halların tətbiqi zamanı hüquqi müəyyənliyin olması üçün qanuna iki yeni anlayış - "ödəniş məntəqələri"  və "buraxılış məntəqələri" anlayışları daxil edilir.

Komitə sədri  deyib ki, qanun layihəsinin qəbulu ödənişli yoldan qanunsuz istifadənin qarşısının alınmasına, hərəkət iştirakçılarının  ödənişli yoldan istifadə ilə bağlı məsuliyyətinin artmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. Spikerin təklifi ilə qanun layihələri barədə məlumatlar təqdim olunandan sonra sənədlərin müzakirəsi birgə keçirilib.

Gündəliyin on birinci məsələsi olan "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib.

O bildirib ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq, dövlət valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə və uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edir.  Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədirlər. O bildirib ki, layihədə təklif olunan  dəyişikliklər də ilk növbədə bu konstitusion müddəaların daha effektiv realizəsinə yönəlib və özlüyündə 3 vacib istiqaməti ehtiva edir. Birincisi,  "yetkinlik yaşına çatmayan" ifadəsi "uşaq" ifadəsi ilə əvəz edilir ki, bu da ilk növbədə əsasnamənin milli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması zərurətindən irəli gəlir. Eyni zamanda bu istiqamətdə fəaliyyət dairəsinin sərhədlərini konkretləşdirir. İkincisi, təklif edilən dəyişikliklərlə uşaq  hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəalar daha da təkmilləşdirilir ki, bu da cari tənzimləmənin effektivliyini  daha da artıracaq. Bəhruz Məhərrəmov vurğulayıb ki,  dəyişikliklə müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq katibliyin konkret vəzifələri müəyyənləşir, habelə mövcud münasibətlər sisteminin dinamikasına müvafiq olaraq  yerli komissiyaların fəaliyyət istiqamətlərinə dair yeni tələblər formalaşdırılır. Bundan başqa, hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirləri və fərdi profilaktik işin daha təkmil formada qurulması üçün yaradılan mexanizmlərin sayı artırılır. Üçüncüsü, hazırkı dəyişikliklər dövlət qayğısına ehtiyacı olan əhalinin həssas qrupuna aid şəxslərlə bağlı ortaya çıxan münasibətləri daha effektli tənzimləməyə imkan verir və bu sahədə hesabatlılığın və məlumatlılığın artmasını təmin edəcək. Məruzəçi həmçinin layihəyə dəqiqləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişikliklərin  də təklif edildiyini diqqətə çatdırıb.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələ ilə bağlı komitənin rəyini səsləndirib, dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. O, təklif olunan dəyişikliklərin  uşaqların hüquqlarının müdafiəsi və onların maraq və mənafelərinin qorunması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sənəd uşaq hüquqlarının müdafiəsi ilə bağlı əlaqələndirmə mexanizminin gücləndirilməsini təmin edəcək.

Komitə sədri Hicran Hüseynova on ikinci məsələ - Ailə Məcəlləsində,  Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı təqdim edərkən diqqətə çatdırıb ki, bu sənəd də uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə tənzimləmələrin effektivliyinin artırılması məqsədilə hazırlanıb. Qeyd olunub ki, layihəyə əsasən, uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcək. Bundan başqa, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində müəssisə və təşkilatlarda uşaqlar arasında tərbiyə işinin təşkilinin monitorinqini də həyata keçirəcək. 

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim olunan hər iki məsələ barədə  komitənin müsbət rəyini təqdim edib və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı fikirlərini bölüşüb. 

Qanun layihələrinin müzakirəsində Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov, deputat Hikmət Məmmədov çıxış ediblər, dəyişikliklərlə bağlı qeydlərini bildiriblər.

Komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova və Əli Hüseynli müzakirədə qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O bildirib ki, qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilən bir sıra qanun layihələrinin və müxtəlif vaxtlarda qəbul edilmiş qanunların icrası məqsədilə hazırlanıb. Sənəddə həmin qanunların pozulması ilə bağlı məsuliyyətin yaradılması normaları nəzərdə tutulur. Qeyd olunub ki, "Qida təhlükəsizliyi haqqında", "Kosmik fəaliyyət haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Turizm haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Elektroenergetika haqqında", "Dərman vasitələri haqqında" və digər qanunların icrası və bu qanunlara qəbul edilmiş dəyişikliklər Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik və əlavələrin edilməsini zəruri edir. Bunu nəzərə alaraq, layihədə qadağanedici normalar dispozisiya formasında Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb və cinayət əməlinə və inzibati xətaya görə müvafiq olaraq sanksiyalar təklif olunur.

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev fikirlərini açıqlayıb. Vitse-spiker Ziyafət Əsgərov məsələyə münasibət bildirib. Komitə sədrləri Əli Hüseynli və Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq  gətiriblər. 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin son 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb. 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihədə həm istehsalçıların, həm də istehlakçıların maraqlarının nəzərə alındığını söyləyib. Bildirilib ki,  layihə mahiyyətcə alkoqollu içkilərin keyfiyyəti və təhlükəsizliyi, dövlət qarşısında vergi öhdəliklərinin yerinə yetirilməsi, sosial fondlara icbari ayırmaların köçürülməsi, işçilərlə əmək müqavilələrinin rəsmiləşdirilməsi, keyfiyyətli məhsul istehsalına imkan verən xərclər üçün minimum tələblər müəyyən edir. 

Sənəddə qanuna alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı 29-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti  müəyyən ediləcək, minimum qiymətin müəyyən edilməsi qaydası təsdiq olunacaq, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, layihə enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. 

Qanun layihəsinə əsasən, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan, lakin istehsal və istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürmələrin edilməsi üçün hüquqi əsas yaradılır. Bununla yanaşı,  fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldilməsi, bununla da fondun vəsaitlərindən  istifadənin səmərəliliyinin artırılması təmin ediləcəkdir.

Komitə sədri habelə sənədin birinci oxunuşu zamanı deputatların qaldırdığı məsələlərə də münasibət bildirib.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sablya və şpaqada Azərbaycan çempionlari müəyyənləşib

16:13
23 Dekabr

Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

16:07
23 Dekabr

Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

16:01
23 Dekabr

Almaniyada Milad bazarında hücumla hədələyən şəxs həbs edilib

16:00
23 Dekabr

Bu il ən çox ziyarət olunan milli parklar: Göygöl, Şahdağ və Abşeron

15:43
23 Dekabr

Serbiyanın xarici işlər naziri Qarabağda və Şərqi Zəngəzurdakı layihələr barədə məlumatlandırılıb

15:41
23 Dekabr

İlon Mask: 2025-ci ilin sonunadək süni intellekt insan qabiliyyətlərini üstələyəcək

15:29
23 Dekabr

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, ailələrə evlərinin açarları təqdim olunub FOTO

15:14
23 Dekabr

Səfirlər Müşavirəsində Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərindən bəhs edilib  

15:10
23 Dekabr

Fəxri ad alan məşqçi: Prezident İlham Əliyev idmanı daim diqqətdə saxlayır və uğurları qiymətləndirir

15:00
23 Dekabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

14:58
23 Dekabr

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

14:25
23 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

14:23
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub 

13:51
23 Dekabr

ANAMA: Ötən həftə 770,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

13:50
23 Dekabr

Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutulub

13:49
23 Dekabr

Dekabrın ötən dövründə maksimal temperatur Sabirabad, Bakı və Abşeron yarımadasında qeydə alınıb  

13:48
23 Dekabr

Stolüstü tennis üzrə ölkə çempionatı başa çatdı

13:27
23 Dekabr

Tramp yenidən Qrenlandiyanı almaq zərurətini açıqlayıb

13:25
23 Dekabr

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması müzakirə olunub  

13:22
23 Dekabr

ABŞ-də Starbucks işçilərinin tətili genişlənir

13:16
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!