"Bir idmançını ən çox xoşbəxt edən məqam potensialını fərq etdiyi andır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan boksçusu Alfonso Dominqes deyib.
92 kiloqram çəki dərəcəsində yer alan idmançı rinqə çıxmağın möhtəşəm hiss olduğunu bildirib: "Rinqə çıxdığın an artıq sənə bir çox şey məlum olur. Həmin vaxt qalib gəlib-gəlməyəcəyini hiss edirsən. Təbii ki, bu, etdiyiniz məşqlərdən və qələbə istəyinizdən asılıdır. Peşəkar idmançı nəyə qadir olduğunu yaxşı bilir. Ona görə də rinqə çıxmaq mənim üçün əvəzedilməzdir".
A.Dominqes karyerasında əldə etdiyi uğurların səbəbini açıqlayıb: "Qazandığım bütün uğurların arxasında ailəm, uşaqlarım və həyat yoldaşım dayanır. Onlar mənə motivasiya verirlər. Döyüşə gedəndə yalnız ailə üzvlərimi və onların gələcəyini düşünürəm".
O, boksla məşğul olmaq istəyən gənclərə məsləhət verib: "Onlara demək istəyirəm ki, xəyallarının arxası ilə getsinlər, bir gün arzularının reallaşacağına inansınlar. Çünki həyatda heç nə mümkünsüz deyil. İnanmaq başlamağın yarısıdır. Gerisi isə sənin istəyindən və əzmindən asılıdır. Boksla məşğul olmaqdan həzz almasan, dayanmalısan. Əgər özünü xoşbəxt hiss etmirsənsə, bunu davam etdirmək məcburiyyətində deyilsən. Amma həzz alırsansa, daha da irəli getmək üçün çalışmalısan. Yaxşı boksçu olmaq üçün əsas şərt ilk növbədə intizamlı olmaqdır".
Boksçu növbəti hədəflərindən də bəhs edib: "Açığı, bu haqda düşünməmişəm. Gələcəkdə nəyin necə olacağını bilmirəm. Çünki indi hədsiz dərəcədə yorğunam. Hələlik dincəlirəm, amma məşqlərə davam etməliyəm. Mən karyeram ərzində nail olduğum uğurlara boylanıb baxmalı və bundan sonra nə etmək istədiyimə qərar verməliyəm".
Qeyd edək ki, Alfonso Dominqes həm də dünya çempionatının qızıl və gümüş, "Tokio-2020" Yay Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.