Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyi (UWW) tərəfindən qrapplinq, pankration və həvəskar MMA üzrə yeni yaradılan vahid komitənin prezidenti seçilib.
AGF-dən AZƏRTAC-a verilən məlumata görə, komitənin vitse-prezidenti isə Adrian Bakos təyin olunub.
Bu sahələrdə idmançı sayını nəzərə alan UWW bu idman növlərinin vahid komitə tərəfindən idarə edilməsini qərara alıb. Birlik bu idman növlərini vahid komitədə birləşdirməklə bu sahəyə daha çox və peşəkar səviyyədə diqqət ayrılmasını hədəfləyir. Bununla bağlı milli federasiyalara müvafiq qaydada müraciət edilərək qrapplinq, pankration və həvəskar MMA idman növlərinə dəstək verməyə çağırılıb.
UWW-nin seçim qaydalarına uyğun olaraq milli federasiyalar tərəfindən əlavə 3 üzvün də seçilməsindən sonra komitə tam formalaşdırılacaq. Yeni komitəyə idmançı, məşqçilər və əlavə komissiyalar dəstək verəcək.
Pankration – həvəskar MMA bölməsinə UWW təmsilçiləri Onur Şimşək, qrapplinq bölməsinə isə Antonina Bosser nəzarət edəcəklər.
Qrapplinq və MMA isə müasir idman növləridir. Güləş idman növlərindən biri olan qrapplinqin özəlliyi boğucu fəndlərdən ibarətdir. Qarışıq idman növü olan MMA-da isə həm döyüş, həm də güləş fəndlərindən istifadə edilir. UWW həvəskar MMA üzrə yarışları peşəkar MMA-dan fərqli olaraq, qəfəsdə deyil, güləş xalçası üzərində keçirir.
Qeyd edək ki, pankration əlbəyaxa döyüş idman növlərindən biri kimi Yunanıstanda yaradılıb və qədim dövrdə klassik Olimpiya Oyunlarının tərkibində yer alıb.