“Wyze” şirkəti yeni nəsil ağıllı tərəzisi olan “Wyze Scale Ultra BodyScan Plus” modelini təqdim edib. Cihazın diqqətçəkən xüsusiyyəti nəticələri göstərən ekranın tərəzinin gövdəsindən ayrılaraq açılıb-yığılan sensorlu dəstəyə yerləşdirilməsidir. 4,3 düymlük rəngli ekran məlumatları istifadəçi üçün daha rahat hündürlükdə nümayiş etdirir. Ekranın görünüşünü fərdiləşdirmək də mümkündür. Sensorlu dəstək yığılmış vəziyyətdə olduqda çəki göstəricisi birbaşa tərəzinin üzərində əks olunur. Qiyməti 149 dollar olar cihaz qara və ağ rəng seçimləri ilə təqdim olunub.
Yeni cihazın əsas üstünlüklərindən biri ölçülə bilən parametrlərin sayının əhəmiyyətli dərəcədə artırılmasıdır. Əvvəlki versiya 13 göstərici təqdim etdiyi halda, “Scale Ultra BodyScan Plus” 50-dən çox bədən göstəricisini təhlil edə bilir. Bunlara bədən çəkisi, bədən kütləsi indeksi (BKİ), piy faizi, əzələ və sümük kütləsi, su miqdarı, visseral yağ səviyyəsi, zülal göstəricisi və bazal metabolizm daxildir. Bazal metabolizm orqanizmin tənəffüs, qan dövranı və digər həyati funksiyalarını istirahət vəziyyətində qorumaq üçün sərf etdiyi enerji miqdarını ifadə edir. Cihaz bədən tərkibini qiymətləndirmək üçün bioelektrik impedans analizi (BIA) texnologiyasından istifadə edir. Bu üsul zəif elektrik siqnalları vasitəsilə bədəndəki müxtəlif toxumaların xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Yeni tərəzi əldə etdiyi nəticələri qollar, ayaqlar və gövdə üzrə ayrıca təhlil edərək daha ətraflı hesabat hazırlayır.
Tərəzi ölçmə nəticələrini “Bluetooth” vasitəsilə yaxınlıqdakı smartfona ötürə, yaxud daxili “Wi-Fi” bağlantısından istifadə edərək məlumatları birbaşa bulud sisteminə göndərə bilir. Bütün nəticələr “Wyze” mobil tətbiqində toplanır. Bundan əlavə, məlumatları “Apple Health”, “Google Health” və “Android Health Connect” platformaları ilə sinxronlaşdırmaq mümkündür. Wi-Fi üzərindən ötürülmə funksiyası sayəsində ölçmə zamanı smartfonun Bluetooth bağlantısının daim aktiv saxlanmasına ehtiyac qalmır.
“Wyze Scale Ultra BodyScan Plus” eyni cihazdan səkkizədək qeydiyyatdan keçmiş şəxsin istifadə etməsinə imkan verir. Tərəzi istifadəçiləri avtomatik tanıyaraq hər birinin ölçmə tarixçəsini ayrı profildə saxlayır. Qonaq rejimi isə əvvəlcədən qeydiyyatdan keçməyən şəxslərin də tərəzidən istifadə etməsinə şərait yaradır. Bununla belə, həmin ölçmələr daimi istifadəçi profillərinə əlavə edilmir. Cihazda uşaqların, ev heyvanlarının və ya baqajın çəkisini müəyyənləşdirmək üçün ayrıca ölçmə rejimi də mövcuddur. Bu funksiya əşyanı və ya uşağı qucaqda saxlayaraq ümumi çəkidəki fərqi hesablamağa imkan verir. Lakin həmin rejimdə yalnız çəki ölçülür, bədən tərkibinə aid əlavə parametrlər hesablanmır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”