20 Oktyabr 2026 08:30
498
SİYASƏT
A- A+
Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları

Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları


Azərbaycanın yürütdüyü müstəqil və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində mühüm üstünlüklər qazandırmışdır. Müstəqil xarici siyasət yürütmək yalnız hər hansı təsir mərkəzindən asılı olmamaq deyil, eyni zamanda dövlətin öz maraqlarına uyğun qərarlar qəbul etməsi, müxtəlif geosiyasi qütblərlə balanslı münasibətlər qurması və beynəlxalq proseslərdə fəal iştirak etməsi deməkdir. Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın bu istiqamətdəki siyasətinin əsas prinsiplərini bir daha aydın şəkildə ortaya qoyub.


Müxtəlif güc mərkəzləri ilə balanslı əməkdaşlıq siyasəti


Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşıması və ölkənin heç bir geosiyasi düşərgənin tərkib hissəsinə çevrilməməsidir. Azərbaycan öz xarici siyasətini milli maraqları əsasında müəyyənləşdirir. Ölkəmiz heç bir güc mərkəzinin və ya geosiyasi blokun siyasətini avtomatik şəkildə təkrarlamır. Eyni zamanda Azərbaycan müxtəlif qütblərlə münasibətlərini bir-birinə qarşı qoymadan inkişaf etdirir. Bu yanaşma ölkəmizə həm beynəlxalq münasibətlər sistemində strateji manevr imkanları yaradır, həm də milli maraqlarımızın daha effektiv müdafiəsinə şərait formalaşdırır. Müstəqil xarici siyasətin mühüm nəticələrindən biri də belə siyasət yürüdən ölkə ilə beynəlxalq münasibətlərdə hesablaşılması, onun mövqeyinə diqqət yetirilməsi və proseslərə təsir imkanlarının qəbul edilməsidir. Azərbaycanın Çin və ABŞ kimi dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətləri qurması bunun əyani nümunəsidir. Eyni zamanda Azərbaycanın Rusiya, Ukrayna, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə əlaqələri də öz məzmununa və xarakterinə görə fərqlənir. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinin olması, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik razılaşdırması, Çinlə hərtərəfli strateji tərəfdaşlıq, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əlaqələrin genişləndirilməsi göstərir ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə xarici siyasətini uğurla şaxələndirib. Burada əsas məsələ ayrı-ayrı tərəfdaşlıqların bir-birinə alternativ kimi təqdim edilməməsidir. Azərbaycan hər bir istiqamətdə öz milli maraqlarından çıxış edir.


Qlobal dialoq və əməkdaşlıq üçün etimad məkanı


Müstəqil xarici siyasətin Azərbaycana qazandırdığı digər mühüm üstünlük ölkəmizin ziddiyyət və qarşıdurma içində olan tərəflər arasında təmasların qurulduğu platformaya çevrilməsidir. Bu cür funksiyanı yerinə yetirmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün dövlətin beynəlxalq tərəfdaşları arasında yüksək etimad və etibara malik olması vacibdir. Azərbaycan müxtəlif mövqelərdə dayanan, hətta bir-biri ilə ziddiyyət və qarşıdurma yaşayan tərəflərin təmas qura bildiyi məkana çevrilib. Bu, təsadüfi deyil. Azərbaycanın bütün tərəflərlə münasibətlərində ardıcıl və praqmatik mövqe nümayiş etdirməsi ölkəmizə qarşı etimadı artırıb. Tərəflər bilir ki, Azərbaycan öz milli maraqlarından çıxış edir, praqmatik və balanslaşdırılmış siyasət yürüdür, kiminsə digərinə qarşı istifadə etdiyi platformaya çevrilmək niyyətində deyil. Bu, ölkəmizin dialoq qurmaq və uzlaşdırıcı imkanlarını genişləndirir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bundan sonra daha fəal xarici siyasət yürütməsinin vacibliyini vurğulaması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Azərbaycan yalnız mövcud proseslərə reaksiya verən ölkə kimi çıxış etmir. Ölkəmiz təşəbbüslər irəli sürür, yeni əməkdaşlıq formatlarının formalaşmasında iştirak edir və müxtəlif platformalarda gündəliyin müəyyənləşməsinə töhfə verir. Bu, xarici siyasətdə yeni mərhələnin xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin strateji baxışlarına uyğun prinsipial və davamlı xarici siyasət kursu məharətlə davam etdirilir.


Ölkəmizin beynəlxalq platformalarda çəkisi gündən-günə artır


Azərbaycanın müstəqil xarici siyasətinin digər göstəricisi ölkəmizin müxtəlif beynəlxalq və regional təşkilatlarda yalnız iştirakçı deyil, fəal təşəbbüskar kimi çıxış etməsidir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi fəallıq ölkənin bu platformadakı rolunun və çəkisinin göstəricilərindən biri olub. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu təşkilatın gündəliyinin daha da zənginləşdirilməsi və beynəlxalq proseslərdə rolunun artırılması istiqamətində mühüm təşəbbüslər irəli sürdü. Bu təcrübə göstərdi ki, Azərbaycan daxil olduğu formatlarda, sadəcə, iştirakçı olmaqla kifayətlənmir, həmin platformaların imkanlarından öz maraqları ilə yanaşı, daha geniş beynəlxalq əməkdaşlıq məqsədləri üçün istifadə edir. Azərbaycan müvafiq təşkilatların institusional imkanlarının artrılması və təkmilləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərində iştirakı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallığı və D-8-ə üzvlüyü də ölkənin xarici siyasət coğrafiyasının genişləndiyini göstərir. 

Mərkəzi Asiya ilə münasibətlər Azərbaycanın regional rolunun yeni mərhələyə keçdiyini göstərən ən mühüm nümunələrdən biridir. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri artıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. 2025-ci ilin noyabrında Daşkənd şəhərində Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qəbul edilib. Bunun nəticəsində əvvəllər "C5" kimi tanınan format faktiki olaraq Azərbaycanla birlikdə "C6" məzmunu qazanıb. Bu hadisənin əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiyada yerləşməməsinə baxmayaraq, regionun siyasi, iqtisadi, enerji və nəqliyyat əlaqələrində mühüm tərəfdaş kimi qəbul edilməsindədir. Prezident İlham Əliyev 2026-cı il avqustun 23-də Özbəkistana rəsmi səfəri zamanı Azərbaycan və Mərkəzi Asiyanı "böyük potensiala, eyni zamanda bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region" kimi xarakterizə edib.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallıq da Azərbaycanın xarici siyasətində ayrıca istiqamətdir. Prezident YAP-ın qurultayında gələn il Azərbaycanda İƏT Zirvə Görüşünün keçirilməsinin nəzərdə tutulduğunu bildirərək, ölkənin islam həmrəyliyinin gücləndirilməsi istiqamətində birləşdirici rol oynamaq niyyətini diqqətə çəkib. Azərbaycanın dünyəvi dövlət modeli ilə yanaşı, islam dünyası ilə tarixi, mədəni və siyasi əlaqələri bu istiqamətdə ona fərqli diplomatik imkanlar verir. 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinə evsahibliyi edəcək və təşkilata sədrlik edəcək. Bu, Azərbaycanın islam dünyasında çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrin və təşkilat daxilində fəal rolunun göstəricilərindən biridir.

Suverenliyimizin tam bərpasından sonra D-8, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətlər və 2025-ci ildə Xankəndidə keçirilən Zirvə görüşündə bütün üzv dövlətləri bir araya gətirməsi də Azərbaycanın diplomatik imkanlarını genişləndirən mühüm hadisələrdən biridir. 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən D-8-in XI Zirvə Görüşündə Azərbaycan yekdilliklə təşkilata üzv seçildi. Bu, D-8-in rəsmi olaraq 15 iyun 1997-ci ildə İstanbulda yaradılmasından sonra ilk genişlənməsi idi. Azərbaycan təşkilatın yarandığı dövrdən sonra ona qəbul edilən ilk yeni üzv oldu. D-8 çərçivəsində enerji, ticarət, nəqliyyat, iqlim, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanın coğrafi mövqeyi isə bu təşkilatın Xəzər və Cənubi Qafqaz istiqamətində əlaqələrinin genişlənməsi üçün əlavə imkan yaradır.


Diplomatiyamızın uğurları


Azərbaycanın 2027-ci ildə MDB çərçivəsində həmsədrliyi öz üzərinə götürməsi və 2028-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bəyan etməsi ölkəmizin çoxtərəfli diplomatiyasında yeni mərhələnin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü Azərbaycanın regional əməkdaşlığın gündəliyinin müəyyənləşdirilməsində daha fəal məsuliyyət daşımaq iradəsini nümayiş etdirir.

Uzun illər Ermənistanın işğal siyasətinin yaratdığı qarşıdurma mühiti regional əməkdaşlıq imkanlarını məhdudlaşdırırdı. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu mühiti dəyişərək qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün yeni siyasi zəmin yaradıb. Bu baxımdan Prezident İlham Əliyevin sülh strategiyasının mahiyyətini əldə olunmuş hərbi-siyasi nəticələrin dayanıqlı sülhə, iqtisadi əməkdaşlığa və regional etimada çevrilməsi kimi qiymətləndirmək olar. Kommunikasiyaların açılması və ticarət əlaqələrinin inkişafı sülhün praktik faydalarını gücləndirən mühüm vasitələrdir.

Azərbaycanın TDT və CICA çərçivəsində sədrlik təcrübəsi, 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik etməsi ölkəmizin müxtəlif əməkdaşlıq məkanlarında artan rolunu göstərir. Həmçinin 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasının, 2028-ci ilin mayında isə Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi Bakının beynəlxalq dialoq məkanı kimi mövqeyini möhkəmləndirir.

Bu proseslər Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, müstəqil və çoxşaxəli xarici siyasətinin nəticələri kimi dəyərləndirilə bilər. Müxtəlif siyasi və coğrafi platformalarda fəallıq Azərbaycana tərəfdaşlıq əlaqələrini şaxələndirmək, diplomatik manevr imkanlarını genişləndirmək və ortaq maraqlar ətrafında əməkdaşlığı təşviq etmək imkanı verir. Sədrlik və evsahibliyi funksiyalarının strateji əhəmiyyəti də məhz onların konkret təşəbbüslərə, razılaşmalara və davamlı əməkdaşlıq mexanizmlərinə çevrilməsindədir.

Bütün bunlar Azərbaycanı beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, regional proseslərə təsir göstərən və müxtəlif tərəfdaşlar arasında dialoqu təşviq edən fəal orta güc kimi səciyyələndirməyə əsas verir. Ölkəmizin bu mövqeyini gücləndirən başlıca amil suveren qərarvermə qabiliyyətinin sülh təşəbbüsləri, iqtisadi bağlantılar və ardıcıl diplomatik fəaliyyətlə tamamlanmasıdır.


Azərbaycan öz maraqlarını təmin etməklə paralel əməkdaşlıq imkanlarını da genişləndirir


Bütün bu proseslər Azərbaycanın xarici siyasətinin yalnız ayrı-ayrı dövlətlərlə münasibətlər sistemindən ibarət olmadığını göstərir. Azərbaycan öz maraqlarına uyğun olan müxtəlif formatlara qoşulur, zəruri hallarda yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına təşəbbüs göstərir və mövcud platformaların daha da canlandırılmasına səbəb olur. Burada məqsəd yalnız Azərbaycanın beynəlxalq çəkisini artırmaq deyil. Eyni zamanda ölkəmizin yerləşdiyi regionda və daha geniş coğrafiyada sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinin möhkəmləndirilməsinə şərait yaratmaq və töhfə verməkdir. Azərbaycanın qarşıdakı dövrdə xarici siyasətdə daha fəal olması ölkənin artan iqtisadi, siyasi və hərbi imkanları ilə də uzlaşır. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş mövqeləri qorumaqla yanaşı, onları yeni təşəbbüslərlə daha da gücləndirməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç bir düşərgəyə qoşulmadan bütün qütblərlə əməkdaşlıq yarada və milli maraqlarını müdafiə edə bilir. Azərbaycan coğrafi, iqtisadi və diplomatik üstünlüklərini regional əməkdaşlığın genişləndirilməsinə yönəltmişdir. Məhz bu müstəqil xətt ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyini qorumasına və gələcəkdə də proseslərə təsirini artırmasına imkan verəcək. Tərəfdaşlıq asılılığa, əməkdaşlıq isə himayədarlığa çevrilməyəcək, Azərbaycan öz xarici siyasət prioritetlərini müstəqil müəyyən etməkdə və ardıcıl həyata keçirməkdə prinsipiallığı davam etdirəcəkdir.


Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 118 dollara satılır 

13:36
20 Oktyabr

Zəngilan: tarixi yaddaşdan böyük qayıdışa  

12:41
20 Oktyabr

Zəngilan regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur  

11:23
20 Oktyabr

Ötən gün 54 cinayətin açılması təmin olunub

10:53
20 Oktyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:50
20 Oktyabr

Birjalarda neft bahalaşıb

10:49
20 Oktyabr

Çempionlar Liqası: “Sabah” Almaniya nəhəngini qəbul edir

10:47
20 Oktyabr

Azərbaycan səhiyyəsində yeni idarəetmə mərhələsi: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi hansı dəyişiklikləri vəd edir?

10:11
20 Oktyabr

Azərbaycanın "yaşıl kənd təsərrüfatı" üzrə təcrübələri beynəlxalq seminarda təqdim olunub

10:10
20 Oktyabr

Bir neftçi ömrünün nəğməsi

10:00
20 Oktyabr

Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib

09:50
20 Oktyabr

Fərdi hiss və ictimai məsuliyyət

09:40
20 Oktyabr

Uzaq Səmərqənddə doğma Gəncə nəfəsi - Əbülqasım əl-Gəncinin maarifçilik missiyası

09:20
20 Oktyabr

ZƏFƏR gündəliyi 

09:10
20 Oktyabr

Dirçəlişin və qayıdışın ünvanı

09:00
20 Oktyabr

Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər

08:50
20 Oktyabr

Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış

08:40
20 Oktyabr

Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları

08:30
20 Oktyabr

“TÜLKÜ HƏCCƏ GEDİR”

08:20
20 Oktyabr

Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına

08:10
20 Oktyabr

İlham Əliyevdən qlobal çağırış

08:00
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!