Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan azsaylı ölkələrdən biridir. Odur ki, bu gün ölkəmizdə həyata keçirilən enerji siyasətinin hədəfi dünya bazarlarına çıxış imkanlarını artırmaq və dünya dövlətləri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir.
Öz enerji potensialından səmərəli istifadə edən ölkəmizdə daim yeni elektrik stansiyalarının işə salınması, mövcud infrastrukturun təzələnməsi Azərbaycanı enerji ixrac edən ölkəyə çevirmişdir. Ölkəmizdə elektrik enerjisinin əsas istehsalçısı "Azərbaycan" İstilik Elektrik Stansiyasıdır (İES). Məlumat üçün bildirək ki, "Azərbaycan" İES Mingəçevirdə fəaliyyət göstərən, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət istilik-elektrik stansiyasıdır. Stansiyanın soyutma suyunun mənbəyi "Qarabağ" kanalıdır. İES-in tikintisinə 1974-cü ildə başlanılmışdır. Ümumi gücü 2400 meqavat olan stansiyanın birinci enerji bloku 1981-ci, 8-ci enerji bloku isə 1990-cı ildə istismara verilmişdir.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini atəşə tuturdu. Düşmən yüzlərlə yaşayış evini tamamilə dağıtmış, 100-ə yaxın dinc insanı qətlə yetirmişdir. Ermənistanın hədəfində Mingəçevir Elektrik Stansiyası da var idi. Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi. Çünki həmin raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi.
Zəfərdən sonra Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başladı. 2023-cü ilin fevralında Mingəçevirdə 1280 meqavat gücündə yeni İES-in tikintisinə start verildi. Stansiyanın təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev söyləmişdi ki, 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya Azərbaycanın enerji potensialını daha da gücləndirəcək. Burada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır: "Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su-elektrik stansiyası inşa edilmişdir. Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni bu sahə prioritet olaraq qalır".
"AzərEnerji"nin məlumatına görə, 1280 meqavatlıq yeni elektrik stansiyasında artıq işlər yekunlaşmaq üzrədir: "Mingəçevir şəhərindəki "Azərbaycan" İES-in ərazisində inşa edilən bu nəhəng enerji obyektinin qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da, artıq proses qrafikdən əvvəl başa çatmaqdadır. Hazırda yeni elektrik stansiyasının 4 ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işə buraxılması həyata keçiriliəcək". Qeyd edək ki, yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, ölkədəki digər istilik-elektrik stansiyaları arasında hər kilovat-saat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq.
Bəs bu nəhənglikdə enerji obyektinin istismarı və idarə edilməsi üçün yerli kadr təminatı necə olacaq? "AzərEnerji"yə istinadən bildirək ki, yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın "Ansaldo Energia", util qazanlar isə Çinin "Dongfang" şirkətinin istehsalı olduğundan dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, "AzərEnerji" mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. Hazırda isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, Qazan-Turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə "Util qazan təlim proqramı" üzrə aparılan turbin, generator və avtomatika sahələri üzrə kadr hazırlığı proqramı həyata keçirilir. İtaliyanın "Ansaldo Energia" şirkətinin nümayəndələri tərəfindən keçirilən proqramda stansiyanın işçiləri iştirak edirlər. Kurs şəklində keçirilən proqrama indiyəcən "AzərEnerji" ASC-nin 130 əməkdaşı cəlb olunmuşdur.
Yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, yüksələn enerji tələbatının qarşılanması deməkdir. Stansiya həm də ixrac imkanlarının artırılması, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması yönümündən, önəmli olması ilə diqqət çəkir. Bundan başqa, yeni İES ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması baxımından da xüsusi əhəmiyyətə malikdir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"