21 Noyabr 2024 08:25
189
Mədəniyyət
A- A+
Milli irsin təbliği məkanı

Milli irsin təbliği məkanı


Dünyanın müxtəlif ölkələrindən gələn beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, turistlər COP29 tədbirində bir yerə toplaşıblar. Beynəlxalq konfrans ölkəmizin qlobal miqyasda ətraf mühit məsələlərinə verdiyi töhfənin göstəricisi oldu.

İqlim dəyişikliyinə və onun yaratdığı fəsadların aradan qaldırılmasına həsr olunan COP29 milli, mədəni və tarixi zənginliyin ən mükəmməl təbliği ilə əlamətdardır. Bu məqsədlə "yaşıl zona"da yaradılan "Azərbaycan" pavilyonu xüsusi diqqət çəkir. Pavilyonda milli xalça və digər toxuculuq nümunələri, təsviri və dekorativ sənət örnəkləri, milli geyimlər və sənətkarlıq məmulatları nümayiş olunur. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri tərəfindən yaradılmış, ölkəmizin əsrarəngiz təbiətini, zəngin flora və faunasını, habelə mətbəxini nümayiş etdirən əl işləri "yaşıl zona"nı ziyarət edən yerli və əcnəbi qonaqların böyük marağına səbəb olur.


Misgərlik sənətinə xüsusi maraq var


Milli ornamentli xalçalarımızla bəzədilmiş pavilyonda ustalarımız qədim əl sənətlərini nümayiş etdirir, ustad dərsləri keçirlər. Onlardan biri ömrünün 40 ilindən çoxunu misgərliyə həsr etmiş Nəzər Əliyevdir. Lahıcda doğulub, böyüyən, atasından, babasından misgərlik sənətini  öyrənən usta deyir ki, bu sənəti 7-8 nəsildir davam etdirirlər: "Sənətin nəsildən-nəslə keçməyinin müsbət tərəfi odur ki, dünyaya göz açandan bu işlə məşğul olur, daha tez püxtələşirsən. Biz özümüz belə öyrənmişik, sonrakı nəsillərə də bu ənənəni olduğu kimi ötürürük. Lahıcın mərkəzi küçəsində emalatxanamız var. Zaman keçdikcə misgərliyə tələbat azala, bu sənətə ehtiyac qalmaya bilər. Onu zaman göstərəcək. Amma hələ ki var, yaşayır, nə qədər canımız sağdır, davam etdirəcəyik".

Əvvəllər misgərlərin sayının 1000 nəfərdən çox olduğunu deyən Nəzər usta təəssüflə qeyd edir ki, hazırda onların sayı 4-5-i keçmir: "1861-ci ildə təhkimçilik hüququ ləğv olunanda Lahıcda 251 misgərlik emalatxanası olub. Onların hərəsində  3-4 nəfər işləyirdi. İndi isə misgərlərin sayı bir əlin barmaqlarını keçmir. Misgərlik qədim və qiymətli sənətdir. Əgər elə olmasaydı, "Lahıcın misgərlik sənəti" 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməzdi. Sənətimizin davam etdirilməsi üçün dövlətimiz bizə çox böyük dəstək verir. Gəlir vergisindən azad edilmişik, emalatxanamız üçün əmlak vergisi ödəmirik".

COP29-da fəxr və qürurla iştirak etdiyini söyləyən N.Əliyev konfransa gələn qonaqların misgərlik sənətinə böyük maraq göstərdiyini vurğulayır: "Başqa xalqların nümayəndələrindən misgərliyə belə maraq gözləmirdim. Bu, məni olduqca təəccübləndirir və həm də zövq verir. Qədim sənətimizi nümayiş etdirmək üçün Moskva, Paris və Vyana şəhərlərində, Qazaxıstan, Özbəkistan və Gürcüstanda keçirilən tədbirlərdə dəfələrlə iştirak etmişəm. Babalarımızdan miras qalan sənətimizi tanıtmaq mənim üçün fəxrdir".


Xalçalarımız  yüksək sənətkarlığı ilə fərqlənir


Xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutan ən qədim sənət növlərindən biri də xalçaçılıqdır. Tarixi mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu hələ Tunc dövründə meydana gəlib. Azərbaycan xalçaları yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.

"Azərbaycan" pavilyonunda qədim xalçaçılıq sənətimizin sərgilədiyi bölmə də özünəməxsusluğu ilə diqqət çəkir. Xalçaçılığın sirlərini 5 yaşından öyrənməyə başlayan Sevinc Səfərova 40 ildən artıqdır ki, bu sənətlə məşğul olduğunu deyir: "Evimizdə anam da, nənəm də xalçaçı olublar. Gözəl xalça toxumaq böyük zəhmət, təcrübə və zövq tələb edir. O, yalnız məişət əşyası deyil, həm də xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirir, nəsildən-nəslə ötürür, yaşadır. Xalçaların üzərində olan hər rəngin, hər naxışın öz mənası var. Onlar zənginliyin, bolluğun, baharın, məhəbbətin, qəhrəmanlığın, qələbənin, gücün, qüdrətin, alovun, müqəddəsliyin, dini ayinlərin təzahürüdür. Biz həm də duyğularımızı, düşüncələrimizi xalçalara köçürür, özümüzü ifadə edirik".  

Sevinc Səfərova xarici qonaqların rəngarəng çalarlara və müxtəlif naxışlara sahib xalçalarımıza, onların ərsəyə gəlmə prosesinə böyük maraq göstərdiklərini deyir: "Tədbirdə olmaqdan, sənətimi nümayiş etdirməkdən, tanıtmaqdan çox məmnunam. Hər gün müxtəlif xalqların nümayəndələri yaxınlaşıb xalçaçılıqla maraqlanır, müxtəlif suallar verirlər. Turistlərin bəziləri düşünürlər ki, bu sənət artıq köhnəlib. Eşidəndə ki, hər birimizin evində hələ də xalça var, interyerimizin demək olar ki, ayrılmaz hissəsidir, bu, onların təəccüb və marağına səbəb olur. Qonaqlar yaxınlaşıb xalçaya ilmək atmaq istəyirlər, mən də onlara kömək edirəm. Burada toxuduğum xalçada pavilyonumuza yaxınlaşan hər əcnəbi qonağın ən azı iki ilməsi var".


"Sənət növlərimizi tanıtmaq müqəddəs borcumuzdur"


Bədii sənətkarlığın xüsusi növlərindən olan şəbəkə sənəti özündə xalqımızın bədii ənənəsini əks etdirir. Şəbəkə mismar və yapışqandan istifadə edilmədən hazırlanan rəngli şüşə və taxtaların birləşməsindən ibarət həndəsi naxışlı qədim sənət növüdür. Şəbəkə üsulu ilə hazırlanan qədim tikililərə Bakıda Təzəbəy hamamını, Şəkidə isə Şəki xan sarayını misal göstərmək olar. 40 ildən çoxdur bu sənətlə məşğul olan Tofiq Rəsulov "Azərbaycan" pavilyonunda ustad dərslərində tədbir iştirakçılarına qədim xalq sənətimizi nümayiş etdirir. Şəkidən gələn usta artıq 4 nəsildir bu sənətlə məşğul olduqlarını deyir: "Sənətimiz nəsildən-nəslə ötürülür, yaşadılır. Hazırda mənimlə birgə iki oğlum da şəbəkə sənəti ilə məşğuldur.  Fəxr edirəm ki, 2002-2004-cü illərdə XVIII əsrin bəzəyi olan Şəki xan sarayını bərpa etmək mənə nəsib olub".

Şəbəkənin incə sənət olduğunu qeyd edən usta hətta bir millimetrlik səhvin onun dağılmasına səbəb olduğunu deyir: "Burada riyaziyyat, həndəsə və rəsmxət elmlərini bilmək lazımdır ki, işi mükəmməl görəsən. Əjdəri, Cəfəri, Nəbati naxışlı, 6, 8, 12 bucaqlı və s. şəbəkə növləri var. Şəbəkəyə yeni bir detal əlavə edəndə, təzə bir növ olur. Tarixən şəbəkə üçün ən yaxşı material Şərq çinarı hesab edilib. Hazırda o, nadir ağac növü sayıldığından onunla eyni struktura malik olan meşə fıstığı ağacından istifadə edirik". 

Tofiq Rəsulov deyir ki, COP29 tədbiri Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsinin təbliği baxımından olduqca əlamətdardır. Bu tədbirdə qədim sənət növlərimizi tanıtmaq müqəddəs borcumuzdur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib  

10:05
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!