Göygöldə keçirilən Moruq festivalı bu bitkini iştirakçılara yenidən tanıtdı
Göygöl rayonunun Keşkü kəndi ərazisində əsl bayram əhvali-ruhiyyəsi yaşanırdı. Yerli əhali və qonaqlar Azərbaycanda ilk dəfə keçirilən Moruq festivalına toplaşmışdı. Ətrafı bürüyən musiqi sədaları festivala xoş ovqat qatırdı.
Təxminən 3 hektar ərazidə yaradılan çadır və alaçıqlarda, açıq havada moruqdan hazırlanmış məhsullar nümayiş etdirilirdi. Burada iştirakçılara hər növ moruqlu içkilər və təamlardan savayı, müxtəlif musiqi və rəqslərdən ibarət konsert proqramı, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təqdim olunurdu. Festivalda həmçinin sənətkarlıq məhsullarının sərgi-satış yarmarkası təşkil edilmişdi.
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Aqrar İşçiləri Həmkarlar İttifaqı Komitəsi, Aqrar İnnovasiya Mərkəzi, "Azərbaycan Dövlət Emal və İstehsalat Birliyi" MMC, "Göygöl Şərab Zavodu" ASC, "Aqronaft" MMC-nin, həmçinin dövlət və özəl qurumların tərəfdaşlığı ilə keçirilən festivalın məqsədi bölgənin turizm sektorunun rəqabət qabiliyyətini yüksəltmək və aqroturizmin inkişafına dəstək verməklə bərabər, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, eləcə də moruq istehsalı ilə iqtisadiyyatın inkişafına töhfə vermək idi.
Moruq festivalının Göygöl rayonunda keçirilməsi də təsadüfi deyildi. Rayon ölkəmizdə ən çox giləmeyvə, o cümlədən moruq yetişən bölgələrdən biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq yerlərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər müxtəlif ərazilərdə sənaye üsulu ilə də əkilib becərilir.
Fermerlər moruğun daha məhsuldar olan "Polka" və "Polana" sortlarına üstünlük verirlər. Rayonun 40-dan çox sakini hər il 13 hektardan çox ərazidə moruq yetişdirir. Onlar Topalhəsənli, Mollacəlilli, Çaykənd, Toğanalı, Quşqara, Aşıqlı, Yeni Zod, Göyçəkənd, Üçtəpə, Keşkü, eləcə də Göygöl şəhərinin sakinləridir. Festivalda iştirak edən fermerlər söylədilər ki, təbabətdə daha çox meyvələrindən, az hallarda isə yarpaqlarından istifadə edilən moruq xalq arasında dərman vasitəsi kimi də istifadə olunur. Bu ətirli bitki susuzluğun kəsilməsinə də kömək edir. Çay kimi dəmlənmiş moruq isə qədimdən soyuqdəymədə hərarət salan vasitə kimi istifadə olunur. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. 100 qramında 41 kalori enerji dəyəri olan moruq qlükoza və fruktoza ilə zənginliyinə görə ürək-damar və beyin patologiyası zamanı da faydalıdır.
İki gün davam edən festival keçmiş məhsul bayramlarını xatırladırdı. Amma bir fərq var idi ki, o da tədbirin moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa imkan yaratmasıdır.
Nəhayət, tədbirin açılışını bildirən qırmızı lent kəsildikdən sonra festival açıq elan olundu. Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirdi ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi qəbul edilmişdir. Kənd təsərrüfatının qeyri-neft sektorunun əsas sahələrindən biri olduğunu söyləyən RİH-in başçısı qeyd etdi ki, məhsul istehsalçılarına edilən güzəştlər və yardımlar aqrar sahənin dinamik inkişafını təmin edir: "Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqinə və davamlı inkişafına önəm verilir. Bu-günkü festivalın keçirilməsi də məhz bu inkişafın göstəricisidir. Aqrar sahənin inkişafında mühüm paya malik olan Göygöl həm də zəngin turizm potensialına malikdir. Söz yox ki, hər il təşkil olunacaq festival həm aqrar, həm də turizm sahələrinin inkişafına mühüm töhfə verəcək".
Açılış mərasimində çıxış edən Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop aqroturizm potensialından düzgün istifadə, məhsulların brendləşdirilməsi, satış marketinq işinin təşkili məsələlərindən danışdı. Əminliklə ifadə etdi ki, bu festival rayonun sosial-iqtisadi və mədəni həyatına öz müsbət təsirini göstərəcək. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov və başqaları da festivalın əhəmiyyətindən, bu tədbirin rayonun turizm imkanlarının genişlənməsində mühüm rol oynayacağından danışdılar.
Sonra iştirakçılar moruq istehsalı ilə daha yaxından tanış olaraq yerli istehsalçılar tərəfindən təqdim edilən moruq sortlarının dequstasiyasında iştirak etdilər. Ölkənin müxtəlif bölgələrindən gələn qonaqlar nümayiş edilən məhsullarla və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış oldular, bəyəndikləri məhsulları sərfəli qiymətlərə almaq imkanı əldə etdilər.
Sabir ƏLİYEV,
"Azərbaycan"