Bunun başlıca səbəbi Azərbaycanın və bu ölkələrin dövlət başçılarının qarşılıqlı münasibətləridir
Son bir neçə ildə Azərbaycanın və Mərkəzi Asiya dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın xeyli genişlənməsinə təkan verib. Bu səfərlər çərçivəsində yeni sənədlər imzalanır, yeni layihələrin ideyası yaranır, əməkdaşlıq və tərəfdaşlığın perspektivləri müəyyənləşdirilir. Prezident İlham Əliyevin Qazaxıstanda Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə iştirak etməsi də şübhəsiz ki, bu əlaqələrin daha da möhkəmlənməsində yeni bir addım olacaq.
Məlumdur ki, ölkəmiz Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ələt Dəniz Ticarət Limanının imkanlarının getdikcə artması, gəmiqayırma zavodumuzun fəaliyyətinin genişləndirilməsi, Xəzərdəki böyük ticarət donanmamızın olması, bir sözlə, nəqliyyat-logistika şəbəkəmiz bu məsələdə önəmli rol oynayır. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür.
Qazaxıstandan söz düşmüşkən, Azərbaycanın bu ölkə ilə əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı onlarca kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102 milyon dollardan çox, Azərbaycandan Qazaxıstana isə 205 milyon dollardan çox investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. İkitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm töhfə verir.
Ölkələrimiz arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Qazaxıstan mənşəli xam neftin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurularaq dünya bazarına nəqlini xatırlatmaq kifayətdir. Enerji sektorunda əməkdaşlıq inkişafdadır. SOCAR ilə "KazMunayGaz" arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
Azərbaycan və Tacikistan dövlətləri rəhbərlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimizin əlaqələrinin bütün istiqamətlər üzrə inkişaf etməsində mühüm rol oynayır. Azərbaycanla Tacikistan arasında da əlverişli biznes və investisiya mühiti yaradılıb. Bu ilin əvvəlindən ölkələrimiz arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artıb. İstər idxal-ixracın genişlənməsi, istərsə də bir sıra sahələrdə əməkdaşlıq qurulması üçün potensial daha böyükdür.
Təsadüfi deyil ki, iki ölkənin müvafiq qurumları və sahibkarlıq subyektləri arasında birgə təşəbbüslərin reallaşdırılmasını, sənaye, kənd təsərrüfatı, investisiya, turizm və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.
Tacikistanın Orta dəhlizdən istifadə etməsi nəql olunan yüklərin həcminin artmasına və mənzilbaşına vaxtında çatdırılmasına imkan verir. Cari ilin ilk 4 ayı ərzində Tacikistanın Orta dəhlizlə yükdaşımalarının həcmi 86 faiz artıb. Ötən il isə Tacikistan Orta dəhlizlə 2,4 milyon ton yük ixrac edib. Nəqliyyat, sənaye, o cümlədən yüngül, kimya və dağ-mədən sənayeləri, kənd təsərrüfatı, tranzit sahələrində əməkdaşlıq etmək üçün də böyük potensial mövcuddur.
Tacikistanla Azərbaycan dağ-mədən yataqlarının işlənməsi sahəsində əməkdaşlıq üçün imkanlardan geniş istifadə edə bilərlər. Tacikistanlı mütəxəssislər azərbaycanlı həmkarlarına bu sahədə birgə layihələrin hazırlanmasını təklif edirlər. Qeyd edək ki, dost ölkənin dağ-mədən sektorundakı 800 filiz yatağından yalnız 100-ü istismar olunur. Həmçinin qida məhsullarının idxal-ixracını artırmaq mümkündür. Qeyd edək ki, iki dövlət arasında illik ticarət dövriyyəsinin həcmi 6 milyon dollardır. Hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan yaradır. Qida məhsullarının ticarətinin artırılması bu işə təkan verə bilər.
Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes-forumu çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənədin imzalanması ilə iki ölkənin iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyub.
Hadisələrin inkişafı Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının da genişlənəcəyindən xəbər verir. Bunu iqtisadi münasibətlərdə əsas istiqamətlərdən olan ticarət əməkdaşlığına aid rəqəmlər də təsdiqləyir. Belə ki, ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon dollara yaxın olub. Bu ilin ilk beş ayında isə həmin göstərici təqribən 70 milyon dollar təşkil edib.
Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu nəticələrini göstərir. Məsələn, Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox "Chevrolet" avtomobili buraxılıb. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.
Xatırladaq ki, Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində də qardaş ölkə ilə uğurlu işbirliyi davam etdirilir. Hər iki ölkənin nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.
İkitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycanda və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər.
Azərbaycan türk dünyasının daha bir ölkəsi ilə iqtisadi əlaqələrini genişləndirir. Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr də durmadan inkişaf edir. Təkcə o faktı qeyd etmək kifayətdir ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitləri artırılır. Çünki bu imkandan istifadə etmək istəyən sahibkarlardan çoxlu müraciətlər daxil olur. Beləliklə, investisiya sahəsində qarşılıqlı fəaliyyətin yeni üfüqləri görünür.
Eləcə də gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üçün perspektivlər mövcuddur. Nəqliyyat sahəsində də fəal əməkdaşlıq nəzərdə tutulur. Çünki həm Qırğızıstanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur layihələri həyata keçirilir. Buna görə də fəaliyyətlərin birləşdirilməsi və əlaqələndirilməsi yeni dəhlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir.
Bu il aprelin 24-də imzalanmış sənədlər bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün məhz möhkəm baza rolunu oynayacaq.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli şəkildə davam edir. Bu günlərdə Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanadakı görüşü də deyilənləri təsdiqləyir. Bu, Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüş idi.
Məlum olduğu kimi, yaxın gələcəkdə Azərbaycandan Avropaya "yaşıl enerji" dəhlizi də uzanacaq. Belə ki, hələ 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Qazaxıstan və Özbəkistan da qərara gəliblər ki, Azərbaycan üzərindən bu dəhlizə özlərinin istehsal etdikləri bərpaolunun enerjini qoşsunlar. Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və nəqli sahəsində strateji tərəfdaşlıq haqqında Saziş layihəsinin mətni də artıq razılaşdırılıb. Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri "yaşıl enerji"nin Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır. Belə ki, bu dəhlizlərə çıxış Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi resurslarının ixracı üçün bazarların şaxələndirilməsini təmin edə bilər.
Yeri gəlmişkən, qeyd edək ki, alternativ enerji istehsalı üçün Tacikistanın da böyük potensialı var. Bu ölkədə elektrik enerjisinə tələbatın 95 faizi su-elektrik stansiyalarında istehsal olunan enerji hesabına ödənilir. Ölkənin təbiəti günəş və külək enerjisinin əldə olunmasına da geniş yol açır. Azərbaycan şirkətləri bu sahələrə də investisiya yatıra bilərlər. Eləcə də Qırğızıstan energetika sahəsində böyük potensiala malikdir və Azərbaycan şirkətləri bərpaolunan enerji sahəsində işləməkdə maraqlıdır.
O fakt da mütləq vurğulanmalıdır ki, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan prezidentləri işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda səfərlərdə olublar. Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Füzulidə həmçinin özbək xalqı adından hədiyyə olaraq 960 şagird yerlik məktəb inşa edilib. Qırğızıstanın vəsaiti hesabına isə Ağdamda orta məktəb binası tikilir.
Bütün bunlar dostluq və qardaşlıqla yanaşı, iqtisadi əlaqələrimizin də möhkəm olduğunu və getdikcə inkişaf etdiyini göstərən əyani misallardır.
Flora SADIQLI,
"Azərbaycan"