09 İyul 2024 07:53
1744
CƏMİYYƏT
A- A+
Mənim polisim məni qoruyur - peşəkarcasına, qanı bahasına, bəzən özünü qurban verərək!..

Mənim polisim məni qoruyur - peşəkarcasına, qanı bahasına, bəzən özünü qurban verərək!..

 

Ötən həftə ölkəmiz üçün əlamətdar günlərdən biri - Polis Günü vətəndaşlarımızın böyük ehtiramı, minnətdarlığı ilə qeyd olundu. Həm fərəhli, həm də ibrətamiz məqam o idi ki, Azərbaycan polisinin növbəti peşə bayramını bu fədakar, cəsur əməkdaşlarla yanaşı, əslində, bəlkə də onlardan daha çox məhz sadə insanlar böyük coşqu ilə qarşıladılar. 
Xalqımız qədirbiləndir. Asayişinə və təhlükəsizliyinə görə minnətdar olduğu mühafizlərinə - polislərə əsl dost səmimiyyəti, canyanğısı ilə yanaşır və bu münasibətini hər fürsətdə aşkar ifadə edir.
Həm də inam, etimad göstəricisi olan ənənəvi ifadəni indi yeni əlavəsi ilə məhəbbətlə ifadə edir:
Mənim polisim məni qoruyur - peşəkarcasına, qanı bahasına, bəzən özünü qurban verərək!..

 

Cinayətkarın anasını cinayətkardan qorumaq üçün özlərini fəda edirlər

 

Azərbaycanın daxili işlər orqanları növbəti peşə bayramını yenə də qəhrəmanlıq nümunələri, fədakarlıq örnəkləri ilə qarşıladı…
İnsanlarımız isə Vətən, xalq, vətəndaş uğrunda canından keçən polislərin həm hüznünü, həm də qürurunu yaşadı və yaşayır…
***
...24 iyunun qızmar sabahı açılmaq üzrədir. 
Paytaxtın Xəzər Rayon Polis İdarəsinin şəxsi heyəti xidməti növbədədirlər...
Gələn əməliyyat məlumatı axtarışda olan cinayətkarın gecə evinə gəldiyini təsdiqləyir. Çevik polis alayının əməkdaşları təcili Şüvəlana doğru istiqamət götürürlər... 
Dəfələrlə məhkum olmağına baxmayaraq, yenə də cinayətlər törədən şəxsə "təslim ol!" əmri verilir…
Ancaq o, öz ailəsinin - anasının, həyat yoldaşının və uşaqlarının arxasında gizlənir. Bu qadınları, körpələri sipər edərək polisə silahlı müqavimət göstərir, qadın, uşaq olan tərəfə güllə atmaq istəməyən polisə atəş açır…
Azərbaycan polisinin - kapitan Eldəniz Məmmədovun, serjantlar Mahir Ağayev və Mirəli Heydərovun qarşısında ana dayanıb, qadınlar dayanıb…
Əlbəttə ki, başqa ölkələrdə polislər cinayətkarı zərərsizləşdirmək üçün hədəfdə olan şəxsin kimliyinə baxmadan dərhal onlara da atəş açırlar!
Fəqət Azərbaycan polisi… 
Onun indi əsas məqsədi cinayətkarın özünə sipər etdiyi anasını, ailə üzvlərini elə bu cinayətkarın özündən qorumaqdır…
Azərbaycan polisi anaya atəş açmır…
Və cinayətkarın anasını cinayətkarın girovundan azad etmək istərkən cinayətkarın atəşinə hədəf olurlar..
Cinayətkarın anasını cinayətkardan qorumaq üçün özlərini fəda edirlər…
Cinayətkarın anasını, övladlarını cinayətkardan xilas edərkən öz analarını, övladlarını gözüyaşlı qoyurlar…
***
… İyulun 6-sı gecəsidir.
Daxil olan əməliyyat məlumatı ilə oğurluq əməllərinə görə axtarışda olan şəxsin yeri müəyyənləşdirilir. 
O, adi, sıradan bir oğru deyil…
40 yaşınadək 8 (!) dəfə məhkum olmağı "bacaran" və 9-cu məhkumiyyət üçün aranan qatı, təhlükəli cinayətkardır! 
Polis kapitanı Fəxrəddin Nəsirov cinayətkarı saxlayarkən, bu rəzil cani üzərində olan kəsici alətlə zabitə müqavimət göstərir…
Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cinayətkarın qaçma cəhdinin qarşısını alır…
Ciddi yaralanmasına, çox qan itkisinə rəğmən, nə müvazinətini itirir, nə də sayıqlığını…
Digər polis əməkdaşları gələnədək canini zərərsizləşdirir və həmkarlarına təhvil verir…
Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmur…
Azərbaycanın daha bir polisi dövlətinin və xalqının təhlükəsizliyi, asayişi üçün üzərinə düşən vəzifəni layiqincə doğruldur, ancaq qanı və canı bahasına…

 

"Azərbaycan polisi kimdir?" sualına verilən ən dolğun cavab

 

Polis kapitanı Eldəniz Məmmədov…
Polis kapitanı Fəxrəddin Nəsirov…
Polis serjantı Mahir Ağayev…
Polis serjantı Mirəli Heydərov…
Onlar şəhiddirlər - dövləti, xalqı, vətəndaşı təhlükədən qorumaq üçün sinələrini cinayətkar-düşmən gülləsi qarşısında sipər edən qəhrəmandırlar…
Onlar Xalq Cümhuriyyəti dövründə yeni dövləti hifz etmək üçün qurban gedən ilk polislərimizin nəvələri, I Qarabağ savaşında ərazi bütövlüyünü qoruyarkən canından keçən igidlərimizin övladları, Vətən müharibəsində və antiterror tədbirlərində Azərbaycana zəfər qazandıran ərənlərimizin qardaşlarıdır…
Onlar 106 ildir Azərbaycan dövlətinin və vətəndaşının ictimai təhlükəsizliyinin, asayişinin təminində cinayətkarların hədəfinə çevrilən minlərlə polisin şanlı davamçıları, layiqli ardıcıllarıdır…
Onlar "Azərbaycan polisi kimdir?" sualına verilən ən dolğun cavabdır!.. 
"Bir ölüb, min dirilərik" deyimi sanki elə Azərbaycan polisinin fəaliyyət salnaməsinin təcəssümüdür…
Onların böyük şücaətləri və tökülən qanları üzərində bərqərar olan möhkəm təhlükəsizlik dövlətimizin dünyadakı nüfuz göstəricisinə çevrilib. Bu sahədə Azərbaycan nümunəsi qlobal miqyasda ən yaxşılardan biri sayılır. Sabitlik adasına çevrilən məmləkətimizdə kompleks halda ictimai təhlükəsizlik mükəmməl səviyyədə qorunur, fərdi hallarda isə vətəndaşın həyatı, mülkiyyəti, əmlakı etibarlı mühafizə olunur. Digər ölkələrlə eyni vəziyyətin müqayisəsi Azərbaycanın üstünlüyünü aşkar nümayiş etdirir və ölkəmizin kriminogen vəziyyətə tam nəzarət, asayişin təmini sahəsində örnək model yaratdığını göstərir.
Ölkəmizin son illərdə dünyada bənzəri olmayan nailiyyətlər qazanması - müzəffər zəfərdən iqtisadi yüksəlişədək, qüdrətli dövlət quruculuğundan qlobal güc mərkəzinə çevrilməsinə kimi uğurlar silsiləsi isə ənənəvi anti-Azərbaycan şəbəkəsini daha da azğınlaşdırıb… 

 

Peşəkarlıq və sədaqət hədəfə çevriləndə…

 

Onların hədəfində Prezidentdir, dövlətçilikdir, Zəfərdir…
İnkişaf, sabitlik və Zəfərin reallıqları davamlı şəkildə təhrif edilir, bədnam "qara piar"a tuş gəlir. Əlbəttə ki, Zəfər ucalığında, tarixin ən qüdrətli Azərbaycanı zirvəsində bu kimi cılız dedi-qodulara cavab vermək, diqqət ayırmaq da lüzumsuzdur. 
Lakin vətəndaşlarımız bu məkrli proseslərin haradan və nə səbəbə qaynaqlandığını, hansı nəticələrin planlaşdırıldığını bilməli, dərindən anlamalıdır. Unutmayaq ki, son illərin əlahiddə uğurları insanlarımızda rahatlıqla yanaşı, sanki bir unutqanlıq da yaradıb və 1988-1993-cü illərin xaosu, 1995, 2003-cü illərin çətin, ziddiyyətli məqamları artıq xatırlanmır.
Açıq danışaq, sanki zəfər eyforiyası yaşayırıq. Hələ də Azərbaycanda çevriliş, tənəzzül, xaos yaratmağa çalışan, bunun üçün yüz milyonlar xərcləyən fövqəlgüclərin və onların müti qulları - sapı özümüzdən olan baltaların mövcudluğunu unuduruq. 
Düzdür, bu şər qüvvələrin yerli emissarlarının bir xeyli hissəsi son onillikdə konstruktivləşdiklərini bəyan edirlər, xain fəaliyyətdən əl çəkdiklərini, dövlətə təhlükə yaradan əməllərdən uzaqlaşdıqlarını söyləyirlər. 2003-cü ilin oktyabrında legetim Prezidentə qarşı qiyama qalxan və söyüş, təhqir, böhtan fəaliyyətlərini silahlı müqavimətədək genişləndirən adamlar bu gün Şuşada, Xankəndidə dövlət siyasətini dəstəklədiklərini iddia edirlər. Ancaq təhlükə sovuşmayıb və radikal elementlər hələ də qalmaqdadır. 
Nə yaxşı ki, Prezident İlham Əliyev davamlı şəkildə, demək olar ki, hər çıxışında Azərbaycana qarşı rəzil mübarizə yolunu davam etdirən xarici və yerli şəbəkəni ifşa edir, cəmiyyəti onların əməllərini daim xatırlamağa səsləyir.
Bəs bu kontekstdə cəmiyyətin fəaliyyəti, həmçinin ictimai fəallıq Prezidentin təhdid kimi müəyyənləşdirdiyi proseslərə, qüvvələrə münasibətdə adekvatdırmı? Təəssüf ki, yox!
…Və antiazərbaycançı qərəzin ən böyük hədəflərindən biri də daxili işlər orqanlarıdır. Əslində, dəyişən heç nə yoxdur, polis son 30 ildə daim bu bədnam piarın əsas ünvanlarından biri olub.
Heydər Əliyev siyasətinə, İlham Əliyev dövlətçilik kursuna, dövlət maraqlarına, xalq mənafeyinə layiqli xidmətin mükəmməl örnəklərindən birini yaradan Azərbaycan polisinin ən mühüm göstəricisi isə məhz SƏDAQƏT olub.
Son iki hadisənin fonunda Azərbaycan polisinin xaricdə yaşayan xainlər və onların ölkəmizdəki buyruqqulları tərəfindən sosial platformalarda hədəfə çevrilmələri, anasını girov götürən cinayətkara, 8 dəfə həbsdə yatan caniyə bəraət (!) qazandırmaları ən böyük, ən bədnam rəzillikdir!
Daxili işlər orqanları əməkdaşlarının ötən illərdəki, eləcə də son dövrlərdəki fəaliyyətlərində bir məqam xüsusi nəzərə çarpır. Xidməti fəaliyyətin icrasında öndə daim rəis-zabit heyəti olur. Sıravi, yaxud rütbəcə kiçik əməkdaşlar həmişə arxadadırlar.
Bəli, dövlətə, vətəndaşa qarşı təhlükənin önündə olan polisin xidməti fəaliyyətinin önündə də məhz təcrübədə, rütbədə, vəzifədə yüksək olanlardır.
Necə ki, 2003-cü ilin oktyabr hadisələrində Azərbaycanı süquta uğratmaq istəyən silahlı radikallara qarşı meydana girən rəşadətli polislərin önündə cəsur polkovnik dayanmışdı, bu gün də anasını girov götürən cinayətkarı zərərsizləşdirərkən özünü silahın qarşısına ilk sipər edən də məhz mayor olur!
Bu, ənənədir - silah qardaşlığının, sədaqət andının onilliklər boyu yaratdığı mənəvi məsuliyyətdir!
Xidməti vəzifəsini həyata keçirərkən polis əməkdaşlarının həlak olması məsələsinə statistika fonunda yanaşmaq da heç arzulanan deyil. Bu, bəlkə də mənəvi dəyərlərlə də uyğunlaşmır. Ancaq həqiqətin müqayisədə üzə çıxdığını əsas götürərək bu mövzuya rəqəmlərin və təhlillərin timsalında nəzər salaq.
Azərbaycan cinayətkarlığa qarşı mübarizədə, asayişin təminində, cinayətkarların tutulmasında əhalinin say nisbəti ilə götürdükdə dünyada ən yüksək nəticələrə sahib olsa da, bu fəaliyyəti həyata keçirən əməkdaşların, yəni polislərin xidmət zamanı həlak olması göstəricilərinə görə isə aşağı yerlərdədir!
Qərəzin, böhtanın tam əksinə olaraq, elə məhz bu fakt Azərbaycan polisinin əməliyyat təşkili bacarığının, peşəkarlığının, fiziki hazırlığının və digər xidməti qabiliyyətlərinin təsdiqidir. 

 

Bizi qoruyanları biz də qoruyaq

 

Bir həssas məqam da var. Azərbaycan polisi cinayətkarları zərəsizləşdirərkən, xidməti fəaliyyətdə ona atəş açmaq səlahiyyəti verən hüquqdan ancaq son anda istifadə edir. Bundan öncə digər vasitələrdən yararlanır. Elə bu baxımdan da on minlərlə belə situasiya itkisiz başa çatır.
Əlbəttə ki, Avropada, ABŞ-də bunun tam əksidir. Oradakı polislər insanın rənginə uyğun onun cinayətkarlığını "müəyyən" edir, əli cibində olan şəxsi "cibində silah zənn etdim" bəhanəsi ilə güllələyir, etiraz mitinqinə çıxanları rezin güllələrlə, gözyaşardıcı qazlarla "zəhərsizləşdirir"… Özü də dərhal!
Əgər cinayətkar müqavimət göstərərkən öz ailəsini girov götürürsə, Qərbdə polis onu ailəsi ilə birlikdə təhlükə hədəfi görərək hamısını güllənin qabağına verir. Və bir cinayətkara görə digər günahsız insanların qətlinə heç bir məsuliyyət daşımır. ABŞ-də belə əməkdaşı hətta rütbədə və vəzifədə yüksəldir, Avropada isə mükafatlandırırlar. 
Azərbaycanda polis xalqın bir parçasıdır, vətəndaşla bərabərdir, hətta ən qatı cinayətkara qarşı münasibətdə də silahı yox, məhz danışığı üstün tutur. Qərbdə isə polis vətəndaşın yanında deyil, tam əksinə, qarşısındadır. İnsanlar polisə ehtiyac duyduqda onu tapa bilmir, ancaq hansısa etiraz üçün mitinqə çıxanda polis onun qarşısında rezin güllələrlə, gözyaşardıcı qazlarla, atları və itləri ilə dərhal peyda olur. Yaxud o ölkələrdə insan alverindən narkoticarətə, xırda oğurluqdan quldurluğa və digər cinayətlərdə polislərin himayədarlığı, birbaşa iştirakı ilə bağlı hər il yüzlərlə fakt aşkarlanır.
Qərbdə polisin fəaliyyəti vətəndaşı yox, yalnız hakimiyyəti qorumaqdır. Azərbaycanda isə polisin xidməti fəaliyyətinin yeganə qayəsi ictimai asayişi təmin etmək, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaq, dövləti hər cür təhdiddən qorumaq, vətəndaşın təhlükəsizliyini hifz etməkdir. Azərbaycan polisi iqtidarı qorumur, çünki buna ehtiyac da yoxdur! İqtidarı xalq qoruyur! 
30 il öncəyədək Azərbaycanda polis əməkdaşlarının da vətəndaşlara ciddi təhlükə yaratmasını, keçmiş xüsusi təyinatlıların quldur dəstəsinə çevrilməsini, nazirin jurnalistə kağız yedirdib, müxalifətçiləri isə canlı yayımda həbslə hədələməsini və bu kimi yüzlərlə faktı unutmayaq. Bəli, 1994-cü ilədək bizdə də vəziyyət belə idi. Məhz həmin dövrdən başlayan, bu gün də davamlı sağlamlaşdırılan milliyönümlü fəaliyyətin nəticəsində Azərbaycan polisində qürurdoğuran dəyişikliklər yaranıb!
Prezident İlham Əliyevin himayəsi altında fəaliyyətini daha da təkmilləşdirən, modernləşdirən polis orqanlarının fədakar xidməti sayəsində Azərbaycanda ən böyük idman, mədəniyyət tədbirlərinin, beynəlxalq sammitlərin, konfransların təhlükəsizliyi tam təmin edilir, hər il yüz minlərlə turistin asayişi etibarlı qorunur. 
Azərbaycanda polis səhərdən axşama, gecədən sübhə qədər postda, ərazidə, ictimai asayişin keşiyindədir. Yağışa-borana, qızmar günəşə, sərt küləyə baxmadan yollarda hərəkəti tənzimləyir, küçələrdə rahatlığı təmin edir, bədnam ünsürlərə əl-qol açmaq imkanı vermir. 
Hər kəs bayram günlərində ailəsini başına yığıb istirahət etdikdə, Azərbaycan polisi gücləndirilmiş rejimə uyğun olaraq işə çıxır, təhlükəsizliyimizin keşiyində etibarlı dayanır, rahat bayram keçirməyimizi təmin edir. 
Binada qəza baş verəndə polis əməkdaşı yanğına məhəl qoymayaraq içəri daxil olur, canı bahasına insanları xilas edir. Çaylarda sellər daşanda daxili işlər orqanlarının əməkdaşları yenə də öndə olur, xilasedici, bənd möhkəmləndirmə işlərində yardımlarını əsirgəmirlər. 
Bizim asayişimiz üçün düşünmədən canlarını qurban verirlər, dövlətin təhlükəsizliyini qorumaq naminə sinələrini sipər edirlər, müstəqilliyin əbədiliyi, ölkənin sabitliyi üçün terrorçunun üstünə yeriyir, cinayətkarı bir həmlədə zərərsizləşdirirlər. 
Bu xidmətləri xalq aydın görür, yüksək qiymətləndirir və minnətdarlığını ifadə edir. Sabitliyimizi, asayişimizi, dövlətimizi, iqtidarımızı qorumaqla yanaşı, onların qədrini, dəyərini də bilməliyik. Elə Azərbaycan polisinin də...

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!