Tramp əksər ştatlarda Harrisdən öndədir
ABŞ-də prezident seçkilərinə bir həftə qalmış Donald Tramp Kamala Harrislə olan yarışda fərqi sürətlə aradan qaldırır. Üstəlik, o, hətta əksər əsas ştatlarda liderlik edir.
Respublikaçıların prezidentliyə namizədi bunu Nyu Yorkdakı "Madison Square Garden"də keçirilən böyük mitinqdə bildirib. Harrisin reytinqlərinin davamlı azalması fonunda namizədin qərargahı onun reputasiyasının pisləşməsindən ehtiyat edərək, hazırkı Prezident Co Baydeni seçkiqabağı kampaniya tədbirlərindən kənarlaşdırıb. Bu barədə Amerika mediası yazır.
ABŞ-də seçki yarışı son mərhələyə qədəm qoyub. Prezident seçkiləri bir həftə sonra - noyabrın 5-də keçiriləcək. Seçki ölkədə ilin əsas siyasi hadisəsi kimi demək olar ki, bütün dünya ictimaiyyətinin xüsusi diqqətini cəlb edir - ən azı ona görə ki, Vaşinqtonun növbəti dörd il üçün siyasətini müəyyən edəcək.
Cəmi bir neçə ay əvvəl respublikaçı Donald Tramp yarışda mütləq favorit hesab olunurdu. Əvvəlki rəqib - Ağ Evin rəhbəri Co Bayden səhhətinə görə və koqnitiv qabiliyyətlərin aşkar azalması səbəbindən eks-prezidentlə rəqabət apara bilmədi və ümumi rəyə əsasən, iyun debatını Trampa uduzdu.
Qələbədən sonra eks-prezident hətta iyulun 13-də sui-qəsd cəhdindən də xilas olub və onun reytinqi daha da sürətlə yüksəlməyə başlayıb. Hadisədən iki gün sonra Respublikaçılar Partiyasının qurultayı keçirilib və gözlənildiyi kimi, eks-prezident dövlət başçısı postuna namizəd seçilib.
Nəticədə Bayden yarışdan çıxdığını elan edib və demokratlar təcili olaraq ona əvəz axtarmalı olublar. Kamala Harris prezidentliyə namizəd kimi irəli sürüldükdən sonra hər şey dəyişib. Baxmayaraq ki, onun namizədliyinin təsdiqindən əvvəl Harris son dərəcə qeyri-populyar və uğursuz seçim hesab olunurdu. Lakin sonradan o, "The Economist", "Ipsos", "ABC News", "The New York Times" və digərlərinin apardığı sorğular da daxil olmaqla, hər bir milli sorğuda Trampı 2-6 faiz üstələdi.
Sentyabrın ortalarından etibarən Tramp reytinqlərdə əvvəlki mövqelərini bərpa etməyə başladı. Vitse-prezidentliyə namizədlər Cey Di Vens və Tim Uolts arasında keçirilən debatda ictimaiyyət üstünlüyü Respublikaçılar Partiyasının nümayəndəsinə verdi.
"Ipsos" və "The New York Times"ın birgə sorğusu Ağ Evin keçmiş rəhbəri ilə hazırkı vitse-prezident arasında minimal fərqi göstərir - 48 faiz və 49 faiz. "ABC News" Harrisin yarışda 1,4 faiz üstün olduğunu göstərir. Qeyd edək ki, bu sorğuların əksəriyyətində təqribən 2 faizlik səhv olur, ona görə də bəzi hallarda bir namizədin digərindən hər hansı üstünlüyündən danışmaq mümkün deyil. Buna görə hazırda Tramp və Harrisin reytinqləri demək olar bərabərdir. Lakin "Polymarket" və "Election Betting Odds" da daxil olmaqla proqnozlaşdırma platformalarında keçmiş prezident təsirli bir liderliyə malikdir.
Oktyabrın 28-də Nyu Yorkun "Madison Square Garden"də keçirilən böyük mitinqdə çıxış edən Tramp bütün əsas ştatlarda liderlik etdiyini bildirib.
Arizona, Viskonsin, Corciya, Pensilvaniya, Miçiqan və Nevada ştatlarında nəticələr həlledici əhəmiyyətə malik olacaq. "Polymarket"ə görə, Tramp həqiqətən də Miçiqandan başqa bütün ştatlarda böyük fərqlə liderdir.
Son proqnozlara görə, respublikaçı namizədin yeni dövlət başçısı olmaq şansı 52 faizdir, demokrat namizədin isə 48 faiz şansı var. Xatırladaq ki, namizədlər seçkidə qələbə qazanmaq üçün 538 kollegiya üzvünün an azı 270-nin səsini toplamalıdırlar. Proqnozlara görə, Tramp 272, Harris isə 266 səs ala bilər.
Son sorğuya əsasən, Donald Tramp hazırda bir neçə "tərəddüd edən" ştatda - Arizona, Corciya, Şimali Karolina və Viskonsində liderlik edir.
Eyni zamanda respublikaçıların bəzi tərəfdarları, eləcə də geniş ictimaiyyət seçki saxtakarlığından ehtiyatlanırlar. 2020-ci ildə Bayden üçün saxta bülletenləri öz gözləri ilə gördüyünü etiraf edən amerikalı beynəlxalq hüquqşünas Klayn Preston "İzvestiya"ya bildirib ki, fərq kiçik, 2-3 faiz olarsa, demokratlar mütləq saxtalaşdırma vasitələrindən istifadə edəcəklər: " Bu, çox yayılmış üsuldur".
Rizvan CƏFƏROV,
"Azərbaycan"