02 May 2024 18:21
304
Mədəniyyət
A- A+

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

 

Mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə Mədəni liderlərin konsultativ görüşü – “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, C.Səlimxanov mədəniyyət diplomatiyasının artıq yumşaq gücə çevrildiyini qeyd edib. “Biz SSRİ-də yaşayan insanlar kimi bunu daha yaxşı bilirik. Biz bu mədəni təsirlərdən necə qorunmaq, yumşaq gücə qarşı müdafiə mexanizmi barədə fikirləşməliyik”, - deyə C.Səlimxanov vurğulayıb.

Malayziya Senatının sədri Mutang Tagal deyib ki, qloballaşma prosesində mədəniyyətlərarası sərhədlər daha tez silinir. Hər bir ölkə həm ölkədaxili, həm də xaricdə sülh və mehriban münasibətlərin qurulmasının tərəfdarıdır. Mədəniyyət diplomatiyası burada müstəsna rol oynayır və münaqişə, nifrət kimi mənfi təsirlərə qarşıdır. Qəzzada baş verən faciə zamanı mədəniyyət diplomatiyası olsaydı, orada aclıq olmazdı, təhlükəsizlik kimi həyati vacib şərtin mövcudluğu mümkün olardı.

"Azərbaycan Malayziya kimi çoxmədəniyyətlilik nümunəsidir. Multikultural mühitin qorunması və təbliği diplomatiyanın bir istiqamətidir. Biz rəqəmsal platformalar vasitəsilə muzeylərə virtual sərgilər təşkil edərək mədəniyyətlərin yayılması və millətlərin birləşməsi üçün bir sıra tədbirlər keçiririk. Təəssüflə bildirmək istərdim ki, son illərdə qloballaşma zəifləyib, dövlətlər arasında böyük aşılmaz sədlər qurulur, irqçilik artır. Buna görə də düşünürəm ki, belə bir Forumun keçirilməsi ölkələr arasında mədəniyyət diplomatiyasının - qarşılıqlı etimadın, sülhün və dostluğun yayılmasında əvəzsiz rol oynayır”, - deyə Malayziya parlamentinin nümayəndəsi vurğulayıb.

Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brizkalov mədəniyyət diplomatiyasının yayılmasında musiqinin müstəsna rolunu qeyd edib. O bildirib ki, musiqi sərhəd tanımır. Əgər fərqli mədəniyyətlərə malik insanlar bir-birinin mahnılarını dinləyə, paylaşa bilirsə, bu digər sahələrdə də sınanmalıdır.

Westmister Universitetinin dosenti xanım Yemisi Sloane Laura bildirib ki, multikulturalizm sülhün əsasını təşkil edir. Mədəniyyət diplomatiyası sərhədləri aşır və digər mədəniyyəti qəbul etməyə çağırır. “Mən Bakıda bu iki gün ərzində Azərbaycan yeməklərindən daddım və çox bəyəndim. Qərara gəldim ki, bu mədəniyyətlə daha yaxından tanış olum. Problem mədəniyyətdə deyil, iyerarxiyada və özünü digərindən üstün tutmaqdadır. Digər mədəniyyətləri öyrənməklə yanaşı, onların ideologiyasını da mənimsəmək lazımdır”, - deyə Yemisi Sloane Laura vurğulayıb.

Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda isə çıxışında bildirib: “Bu gün biz danışırıq, müzakirələr aparırıq. Lakin düşünürəm ki, biz danışmaqdan daha çox iş görməyə çalışmalıyıq.

Prezident İlham Əliyev çıxışında çox vacib bir məsələyə diqqət çəkdi - suverenlik. Suverenlik təkcə ölkəyə aid deyil. On il sonra alimlər və tədqiqatçılar bugünkü günə dair mövzularla bağlı araşdırma aparmaq istəsələr, çox böyük çətinliklə qarşılaşacaqlar. Çünki bu gün artıq heç kim qəzet oxumur, hamı informasiyaları ağıllı telefonlar, planşetlər vasitəsilə alır. Təklif edirəm ki, biz birləşərək gələcəkdə də istifadə edə biləcəyimiz etibarlı resurs yaradaq”.

Yalovdan Haddassah Akademik Kollecinin elmi işçisi Elina Bardaç özünü bir sıra mədəniyyətlərin birləşməsinin təcəssümü hesab etdiyini deyib. O bildirib: “Çünki köklərimdə rus, yəhudi qarışığı var, həmçinin İngiltərədə yaşadığım üçün bu ölkənin mədəniyyəti ilə yaxından tanışam. Düşünürəm ki, mədəniyyət diplomatiyasında informasiyanın və onun təqdimat formasının rolu danılmazdır”.

Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski deyib ki, hər il Rusiyada teatr festivalı keçirilir. Azərbaycan, Tacikistan, Qırğızıstan və digər ölkələrin teatrlarından tələbələr festivala gəlirlər və bir-birinə çox mehriban, dostcasına davranırlar. Mədəniyyətlər arasında sərhəd yoxdur, bu tələbələr bir-birinin mədəniyyətindən faydalanır və möcüzə baş verir. “Çox sevindirici haldır ki, bu il Qırğızıstanda, İssık-Kulda keçiriləcək teatr festivalına Azərbaycandan nümayəndə heyəti yenidən qatılacaq",- deyə o əlavə edib.

Qrabar İncəsənət Qoruğu Mərkəzinin direktoru Dmitri Sergeyev mədəniyyət diplomatiyasının xalqlar arasında müsbət istiqamətdə yayılmasının önəmini vurğulayıb.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver qeyd edib ki, fərqli mədəniyyətlərə, dinə və irqə mənsub insanların bir arada yaşamaları yalnız dialoq, qarşılıqlı anlaşma, hörmət və birgə yaşayışa səy göstərməkdən keçir. “Mədəniyyət diplomatiyası sayəsində dünyamızda sülh və əmin-amanlıq şəraitində yaşaya bilərik. Çoxmədəniyyətli coğrafiya yaratmalıyıq. Dinlər dinləri, mədəniyyətlər mədəniyyətləri, dillər dilləri yalnız dialoq vasitəsilə anlaya bilər”, - deyə Akkan Suver vurğulayıb.

Birləşmiş Millətlər Universitetinin Siyasət əsaslı Elektron İdarəetmə üzrə əməliyyat bölməsində baş köməkçi ekspert Səlim Qriqori Zuğbi isə bildirib ki, dünyada sülh yalnız qarşılıqlı hörmət və anlayış nəticəsində bərqərar ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video