Moskvada MDB-nin iştirakçı dövlətlərinin iqtisadı məsələlər üzrə Komissiyasının növbəti iclasında Birlik məkanında 2024-cü ilin iqtisadi göstəriciləri açıqlanıb.
AZƏRTAC MDB İcraiyyə Komitəsinə istinadla xəbər verir ki, iclasda verilən məlumata görə, 2024-cü ildə MDB-yə üzv dövlətlərin məcmu ümumi daxili məhsulu (ÜDM) real ifadədə 4,5 faiz artıb (2023-cü bu rəqəm 4,3 faiz olmuşdu). MDB-yə üzv dövlətlərdə işsizlərin ümumi sayı 2024-cü ildə 2023-cü illə müqayisədə 14 faiz azalaraq 3,1 milyon nəfər və ya işçi qüvvəsinin 3,1 faizini təşkil edib. Ötən il MDB-yə üzv dövlətlərin ticarət balansı müsbət 134,5 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü il səviyyəsindən 0,1 faiz çoxdur.
İclasda qeyd olunub ki, təhlillərin nəticələrindən makroiqtisadi sabitliyin təmin edilməsinə, iqtisadi artımın müsbət templərinin qorunmasına, Birlik çərçivəsində dövlət maliyyəsinin və maliyyə bazarlarının dayanıqlığına, habelə xarici ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş tədbirlərin hazırlanması və həyata keçirilməsində istifadə edilməsi nəzərdə tutulur.
MDB-yə üzv dövlətlərin təklifləri əsasında MDB İcraiyyə Komitəsi tərəfindən hazırlanmış 2035-ci ilədək olan dövr üçün Birliyə üzv dövlətlərin meşə təsərrüfatı və meşə sənayesi sahəsində əməkdaşlığının əsas istiqamətləri layihəsinə baxılıb. Sənəddə MDB-yə üzv dövlətlərdə meşə təsərrüfatının inkişafının vəziyyəti və perspektivləri, bu sahədə əməkdaşlığın məqsədləri, prinsipləri və onların həllinin ən mühüm mexanizmləri haqqında məlumatlar öz əksini tapıb.
Bundan əlavə, MDB-yə üzv dövlətlərin tikinti fəaliyyətində qiymətqoyma Konsepsiyası layihəsinə və onun həyata keçirilməsi üzrə Əsas Fəaliyyət Planına baxılıb. Konsepsiyanın məqsədi tikintidə investisiya layihələrinin həyata keçirilməsi üçün qiymətlərin uyğunlaşdırılması yolu ilə Birliyə üzv dövlətlərin iqtisadi potensialının və rəqabət qabiliyyətinin artırılmasıdır. Konsepsiyanın həyata keçirilməsi üzrə əsas fəaliyyət planı konkret vəzifələrin yerinə yetirilməsinə yönəlmiş tədbirlər kompleksini nəzərdə tutur, onların icraçılarını və tamamlanma müddətlərini müəyyən edir.
Komissiya üzvləri “MDB-nin ən yaxşı gənc metroloqu” beynəlxalq müsabiqəsinin keçirilməsi ilə bağlı sənədlərin layihələrinə baxıblar. Müsabiqə gənc metroloqların metrologiyanın inkişafı üzrə fəaliyyətlərdə iştirakına, tədqiqat nəticələrinə dair məlumat mübadiləsinə dəstək olmaq və həvəsləndirmək məqsədi daşıyır.
İclasda MDB-nin 2030-cu ilə qədər olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2021-2025-ci illər) həyata keçirilməsi üzrə Fəaliyyət Planının 2024-cü ildə icrası ilə bağlı məlumatlara baxılıb. Plan 28 əməkdaşlıq sahəsini əhatə edir və inkişaf etməkdə olan ölkələrlə ümumi iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş 286 tədbirdən ibarətdir.