Şəki-Zaqatala bölgəsi üzrə fermerlərə 1,7 milyon manat sığorta ödənişi verilib
İndiyədək Şəki-Zaqatala regionundakı hadisələr üzrə təsərrüfatlara və fermerlərə 1,7 milyon manata yaxın sığorta ödənişi edilib. Bu barədə Aqrar Sığorta Fondu Şəki Regional Filialından bildiriblər.
Qeyd olunub ki, ölkədə təsərrüfatların çoxsaylı risklərdən sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu və qurumun filialları tərəfindən fermerlərə aqrar sığorta, onun imkanları barədə mütəmadi şəkildə geniş məlumat verilir.
Aqrar sığorta vasitəsilə 48 növ bitki, o cümlədən tarla bitkiləri, meyvə bağları, tərəvəz, bostan və texniki bitkilər sığortalanır. Eyni zamanda aqrar sığorta ilə südlük və ətlik mal-qara, davarları da sığortalamaq mümkündür. Sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığortalaya bilirlər.
Şəki-Zaqatala regionu da Azərbaycanda aqrar sığortadan faydalanan bölgələrdən biridir. İndiyədək bu regiondakı hadisələr üzrə təsərrüfat və fermerlərə 1,7 milyon manata yaxın sığorta ödənişi edilib. Regiondakı sığorta ödənişlərinin 1,2 milyon manatı Şəki, 253 min manatı Balakən, 126 min manatı Qax və digər rayonlarda həyata keçirilib. Bölgədə sığorta ödənişləri əsasən buğda, arpa, qarğıdalı, fındıq, pambıq, qoz, ərik və s. bitkilər üzrə reallaşdırılıb. Eləcə də heyvandarlıq sığortası üzrə bölgədə 91 min manat sığorta ödənişi olunub.
Qeyd edək ki, aqrar sığorta barədə məlumatlar nəinki bu regionda, ümumiyyətlə, bütün ölkə üzrə fermerlərin böyük marağına səbəb olub. Onlar aqrar sığorta haqlarının hesablanması, ödəniş prosesi, sığortanın əhatə etdiyi risklərlə bağlı quruma çoxsaylı suallar ünvanlayırlar və operativ cavab alırlar.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"