Axios məlumatlı mənbələrə istinadən xəbər verir ki, İran Omanda ABŞ-la danışıqlarda müvəqqəti nüvə sazişini müzakirə etmək istəyir. Bu barədə Axios məlumatlı mənbələrə istinadən xəbər verir.
Portalın mənbələrinə görə, Tehran hərtərəfli saziş üzrə danışıqları davam etdirməzdən əvvəl Vaşinqtona müvəqqəti nüvə sazişi üzərində işləməyi təklif etmək istəyir.
Bildirildiyinə görə, iranlılar ABŞ prezidenti Donald Trampın təyin etdiyi iki ay ərzində mürəkkəb və yüksək texniki nüvə razılaşmasına nail olmağı qeyri-real hesab edir və gərginliyin qarşısını almaq üçün daha çox vaxt qazanmaq istəyirlər.
Mənbələr bildiriblər ki, Birləşmiş Ştatlar və İran arasında müvəqqəti razılaşma Tehranın uranın zənginləşdirilməsi üzrə bəzi işlərinin dayandırılmasını, onun 60% zənginləşdirilmiş uran ehtiyatının azaldılmasını və BMT müfəttişlərinə ölkənin nüvə obyektlərinə daha geniş girişin verilməsini əhatə edə bilər.
Bundan əvvəl ABŞ prezidenti İranın ali dini lideri Ayətullah Əli Xameneiyə göndərdiyi mesajda yeni nüvə sülh sazişinin bağlanması üçün iki ay müddət qoyub. Daha sonra NBC telekanalına müsahibəsində Amerika prezidenti xəbərdarlıq edib ki, Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməsələr, ABŞ İranı güclü bombardman edəcək.
Bu arada İslam Respublikası liderinin müşaviri Əli Şamxani bildirib ki, digər ölkələrdən təhdidlər davam edərsə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir.
Şamxani əlavə edib ki, İran zənginləşdirilmiş materialları təhlükəsiz, məxfi yerlərə daşıya bilər.
İran və ABŞ arasında dolayı danışıqlar şənbə günü Omanda baş tutacaq. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, təmaslar vasitəçilər vasitəsilə həyata keçiriləcək. Bununla belə, Ağ Ev israr edir ki, ABŞ və İran nümayəndələri şənbə günü birbaşa danışıqlar aparacaqlar.
Omanın xarici işlər nazirinin danışıqlarda vasitəçilik edəcəyi gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri, Amerika komandasına isə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edəcəklər.
Rizvan CƏFƏROV,
“Azərbaycan”