Azərbaycanda sahibkarlar könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyaların tətbiqinə təşviq olunurlar
Ölkəmizdə COP29-a hazırlıq hərtərəfli və yüksək səviyyədə davam edir. Elə gün yoxdur ki, bu istiqamətdə hər hansı görüş, tədbir, müzakirə keçirilməsin, qərarlar verilməsin.
Rəsmi Bakının iqlim siyasətindəki aktual və səmimi məramı COP29 kimi nüfuzlu beynəlxalq tədbirdə qlobal problemin həllinə təsir göstərəcək vacib qərarların qəbulu, eyni zamanda ekoloji fəlakətlə mübarizəyə öz sanballı töhfələrini verməkdir. Bunun üçün həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda müsbət tendensiyaların təşviqi və neqativlərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Hətta atmosferə atılan karbon emissiyasını nəzarətdə saxlaya bilməyən sənayeçilərə və sahibkarlara müəyyən vergilərin tətbiqi də son günlərin müzakirə predmetidir.
"Ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində "yaşıl enerji"nin dəstəklənməsi prosesi davam etdiriləcək". Bir müddət öncə "Yaşıl iqtisadiyyat"da kiçik və orta biznesin rolu" mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov belə deyib. Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl texnologiya"lardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl vergilər"in tətbiq dairəsinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
"Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması üçün "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir. "Yaşıl iqtisadiyyat"a dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar. Park ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qura bilərlər", - deyə nazir vurğulayıb.
M.Cabbarov onu da bildirib ki, sahibkarların "yaşıl layihə"ləri Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilir: "İndiyədək fondun güzəştli kreditlərindən yararlanmış "yaşıl layihə"lər təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir. "Yaşıl layihə"lər həmçinin qrant, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə KOBİA tərəfindən dəstəklənir".
Hazırda ölkəmizdə karbon emissiyası ilə bağlı ayrıca vergilər və ya emissiya ticarət sistemi mövcud deyil. Ancaq nəzərə alınmalıdır ki, 2026-cı ildən Avropa İttifaqı sərhəddə karbon ticarət sisteminin tətbiqinə başlayacaq. Bu proses artıq karbona görə vergi tətbiq etməyən dövlətləri düşünməyə vadar edəcək. Çünki bu cür vergilərin tətbiq edilməməsi yerli sahibkarların ixrac bazarlarında rəqabətinə necə təsir göstərəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) rəisinin müavini Samirə Musayevanın sözlərinə görə, Azərbaycanda emissiya olunan karbon vahidlərinə görə tariflərin müəyyənləşdirilməsi istisna deyil: "Ətraf mühitə zərərli maddələrin atılması halları həmin şəxslərin gələcəkdə intizamlı, "yaşıl qrup"da - inkişaf edən qrupda, belə desək, müsbət sahibkarlar klubunda yer almasına maneə ola bilər. Buna görə də sahibkarlar könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyaları tətbiq etməlidirlər".
Çünki ölkəmizdə ekoloji cəhətdən daha təmiz texnologiyalarla işləyən, iqlim hədəflərinə dəstək verən sənayeçilərə edilən vergi güzəştləri kifayət qədər çoxdur. Rəis müavini vurğulayıb ki, investisiya təşviq mexanizmlərində belə layihələrin əhatə dairəsi qanunvericiliklə bir daha təkmilləşdirilib. "Strateji investisiya təşviqi sənədi verilən sahələrə nəzər salsaq görərik ki, bunlar bərpaolunan enerji istehsalı, tullantıların idarə edilməsi və yenidən istifadəsini dəstəkləyən texnologiyaların tətbiqi, dəniz suyunun duzsuzlaşdırılması və dövlət-özəl tərəfdaşlığı çərçivəsində elektrik enerjisi istehsalının həyata keçirilməsidir. Strateji investisiya layihələri üzrə sertifikat əldə edən sahibkar qüvvədə olan qanunvericiliyə görə bir sıra vergilərdən azadolma və güzəştlər əldə edir", - S.Musayeva bildirib
Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlər üçüncü ölkələrdən idxal olunan bəzi məhsullara sərhəddə karbon vergisinin tətbiqi barədə razılığa gəliblər. Belə ki, üçüncü ölkələrdən Aİ-yə idxal olan sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi müəyyənləşəcək. Bu qaydalar dəyəri 150 avrodan aşağı olan mallara şamil edilməyəcək.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"