Milli Məclisin aprelin 1-də keçirilən iclasında "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşdan keçib. Təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının, o cümlədən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olunur.
Enerji səmərəliliyi yalnız enerji resurslarından qənaətli istifadə deyil
Bu qanun layihəsi Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təqdim olunub. Qanun layihəsi ilə bağlı ətraflı şərh verməsi üçün komitənin sədri Sadiq Qurbanovun fikirlərini öyrəndik. Sadiq Qurbanov əvvəlcə bildirdi ki, təqdim olunan qanun layihəsinin məram və məqsədi Prezident İlham Əliyev tərəfindən prioritet kimi irəli sürülən enerji resurslarından səmərəli istifadə, "yaşıl enerji"yə keçid, ətraf mühitin mühafizəsi və bu kimi məqsədlərə xidmət edir. Bu istiqamətdə kompleks irimiqyaslı işlər görülür. Bu işlər eyni zamanda qanunvericilik, institusional, təşkilati və sair istiqamətləri əhatə edir. Müzakirəyə çıxarılan qanun layihəsi həmin kompleks işlərin yalnız bir hissəsidir.
Xatırladaq ki, enerji səmərəliliyi məsələsi bu il fevralın 3-də Milli Məclisin Sədri Sahibə Qafarovanın dəstəyi və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə keçirilən "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə aidiyyəti qurumların və bu sahədə tanınmış ekspertlərin iştirakı ilə ətraflı müzakirə olunub. Sadiq Qurbanovun sözlərinə görə, enerji səmərəliliyi yalnız enerji resurslarından qənaətli istifadə deyildir, o iqtisadi inkişaf, həm də ekoloji davamlılıq baxımından olduqca aktual və strateji əhəmiyyət kəsb edir: "Hazırda bütün dünyada enerjinin səmərəli istifadəsi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün təməl prinsiplərdən hesab olunur. Enerjidən səmərəli istifadənin üstünlükləri var və bu müxtəlif məsələlərə təsir edir. Bunlar iqtisadiyyatda rəqabət qabiliyyətinin gücləndirilməsi, məhsulların, xidmətlərin maya dəyərinin aşağı salınması, ekoloji balansın qorunması, təbii resursların səmərəli idarəsi, ətraf mühitə atılan tullantıların azaldılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, istehlakçıların enerjiyə sərf etdiyi xərclərin minimuma endirilməsidir. Közərmə lampalarının istehsalının, satışının və idxalının qadağan olunması barədə məsələ də bu fəaliyyətin tərkib hissəsidir və enerji səmərəliliyinin bütün məqsədləri ona da şamil edilir".
Közərmə lampalarının qadağan olunması istehlakçılara və iqtisadiyyata faydalar gətirəcək
Dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulmuşdur. Sadiq Qurbanovun sözlərinə görə, buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunmuşdur. Artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənmişdir, çünki CFL lampalarının insan sağlamlığına və ətraf mühitə mənfi təsirləri müəyyən edilmişdir.
LED, CFL və közərmə lampalarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, 15000 saat istehlak müddəti olan 1 ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində 2 dəfəyə qədər, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir.
Bundan əlavə, 60 Vt gücündə 1 milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanmış və LED lampa ilə müqayisə edilmişdir. Müqayisə zamanı müəyyən olunmuşdur ki, bir il ərzində istifadə olunan 1 milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampaları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaqdır.
Közərmə lampalarına (istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla) mərhələli qadağanın tətbiqi məqsədəuyğun hesab edilmişdir.
Beləliklə, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu "Bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi"nə öz töhfəsini verəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"