11 May 2025 08:05
1969
SİYASƏT
A- A+
Güclü dövlətin qüdrətli ordusu

Güclü dövlətin qüdrətli ordusu


Bu dövlətin və ordunun təməlini Heydər Əliyev qoymuşdur


Ümummilli Lider Heydər Əliyevin xalqımızın təkidli tələbi və çağırışı ilə ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldı. Ulu Öndərin hakimiyyətə dönüşü ilə ölkədə pozulmuş siyasi sabitliyin təmin olunması istiqamətində qətiyyətli və önəmli addımlar atıldı. Bunun da nəticəsində cəmiyyətdə sabitlik yarandı,  dövlət quruculuğu prosesinin ən vacib və zəruri mərhələsi başlandı.

Ümummilli Lider Heydər Əliyevin işıqlı dühası və rəhbərliyi altında qısa müddət ərzində milli dövlətçiliyimizin quruculuğu və möhkəmlənməsi istiqamətində misilsiz işlər görüldü. Aparılan möhtəşəm quruculuq işləri nəticəsində Azərbaycan bəşəri dəyərlərə hörmətlə yanaşan ölkə kimi dünya birliyinə qovuşdu, böyüklü, kiçikli bir çox dövlət tərəfindən tanındı, beynəlxalq aləmdə layiqli yerini tutdu.

Yaşadığı bütün mənalı ömrünü, siyasi fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına, tərəqqisinə həsr etmiş Ulu Öndərin rəhbərliyi altında ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkəyə rəhbərlik etdiyi illər ərzində Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ordusunun yaranmasını və formalaşmasını daim diqqət mərkəzində saxladı. Onun güclənməsi, qüdrətlənməsi üçün tədbirlər gördü. Belə diqqət və qayğının nəticəsində Silahlı Qüvvələrimiz şərəf dolu inkişaf yolu keçdi.

Hələ Sovet hökumətinin sərt dövrlərində Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmışdı. Bu gün gənclərimizin böyük həvəslə üz tutduqları hərbi məktəbin bünövrəsi 1971-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Hərbiyönümlü tədris ocağında yüzlərlə, minlərlə peşəkar hərbçi hazırlanmışdır. 

Heç kimə sirr deyil ki, sovet rejiminin hökmran olduğu zamanlarda milli zabit kadrlarının hazırlanması üçün belə bir təhsil ocağının yaradılması respublika  rəhbərliyindən həm böyük cəsarət, həm də qətiyyət tələb edirdi. Kommunist ideologiyasının beyinlərə, ürəklərə hakim olduğu bir dövrdə bu məsuliyyəti öhdəsinə götürməyə kimsə cəsarət etməzdi. Belə bir cəsarəti yalnız xalqının gələcəyini düşünən, millətinə ürəkdən  bağlı olan, ömrünü ölkəsinin çiçəklənməsinə və tərəqqisinə həsr edən Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət edə bilərdi. 

Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən Ümummilli Lideri düşündürən müqəddəs amallardan biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi olmuşdur. Daim zamanın nəbzini tutan Ulu Öndər artıq hiss edirdi ki, azərbaycanlı gəncləri ali hərbi təhsil ocaqlarına hazırlamaq üçün respublikada hərbi təyinatlı orta internat məktəbini yaratmağın vaxtı yetişib. Məktəbin yaradılması Azərbaycanın gələcəyi üçün çox mühüm hadisə olacaqdı. Burada azərbaycanlı gənclər həm rus dilini mükəmməl öyrənəcək, həm də ibtidai hərbi biliklərə yiyələnəcək, keçmiş ittifaqın müxtəlif şəhərlərindəki ali hərbi məktəblərə daxil ola biləcəkdilər. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması həm də gələcəkdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım olacaqdı.

Heydər Əliyev 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə çıxış edərək, ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına tarixi müraciət etdi. Azərbaycanın qeyrətli, vətənsevər oğullarını ordu sıralarına, yurdumuzun müdafiəsinə səslədi. Qısa müddətdə yüzlərlə, minlərlə vətənpərvər gənc Ali Baş Komandanın çağırışına səs verərək ordu sıralarına axışdı. Bu cəsur oğullar silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Onların sırasında bu hərbi məktəbin məzunları da vardı. 

1994-cü il mayın 12-də cəbhədə atəşkəs elan olundu. Bundan sonra  ölkəmizdə ordu quruculuğu istiqamətində olduqca mühüm işlər görüldü. Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə diqqət artırıldı. Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. 

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ordusunun qısa müddət ərzində inkişaf edərək təşkilatlanmasına, böyük gücə, qüvvəyə çevrilməsinə yüksək dəyər verərək demişdir: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".

Ötən müddət ərzində müstəqilliyimizin ən etibarlı təminatçısına çevrilən güclü və qüdrətli ordu xalqda özünəgüvənlik yaratdı. Xalqımız əmin oldu ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılan Azərbaycan Ordusu günlərin birində erməni işğalında qalmış torpaqları azad edəcək. Ümummilli Liderin sözləridir: "…İndi bizim hərtərəfli təlim görmüş, yüksək döyüş hazırlığına malik güclü ordumuz var". Bəli, bu gün hər birimiz fəxrlə deyə bilərik ki, sıralarında Azərbaycan oğullarının qürurla xidmət etdiyi qüdrətli ordumuz məhz Ümummilli Lider Heydər Əliyevin sərkərdəliyi altında yaranmış və formalaşmışdır. 

Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə ordumuzun hər bir zabitinin, əsgərinin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Ali Baş Komandan ordunun üzərinə düşən vəzifələrdən bəhs edərək demişdir: "Bizim ordumuz, Silahlı Qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an, hər saat hazır və layiqli cavab verməyə qadir olmalıdır". Onun bu dəyərli və qiymətli sözlərindən ruhlanan komandirlər şəxsi heyətin döyüş ovqatını, qələbə əzmini daha da yüksəltmək üçün bütün imkan və vasitələrini səfərbər edirdilər. Təlim və məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə etməyə can atan zabitlər Vətənin keşiyində ayıq-sayıq dayanan, düşməni məğlub etməyə qadir və hazır olan əsgərlər hazırlayırdılar.    

Ümummilli Lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında sərəncam imzaladı. 1997-2001-ci illərdə zabit heyətinin təkmilləşdirmə kursları, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı (27.02.2004-cü ildən Heydər Əliyev adına Hərbi Lisey), ehtiyat zabitlərin hazırlıq kursu və Azərbaycan Tibb Universitetində Hərbi tibb fakültəsi yaradıldı. Bütün bunlar isə Silahlı Qüvvələrin peşəkar, bilikli, bacarıqlı, Vətəninə, xalqına və dövlətinə sadiq hərbçilərlə təmin olunmasında əvəzsiz rol oynadı.  

Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin imici beynəlxalq aləmdə yuksəldi, böyük nüfuz qazandı. Bundan sonra Silahlı Qüvvələrimizin dünya ölkələrinin ordularına inteqrasiyası üçün əlverişli şərait yarandı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri getdikcə möhkəmləndi. Ümummilli Liderin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin tərkibində formalaşan sülhməramlı taborun şəxsi heyəti Kosovoda, Əfqanıstanda və İraqda sülhün qorunmasında fəal iştirak etdi. Zabit və əsgərlərimiz bu müddət ərzində üzərlərinə düşən tapşırıqları bacarıqla yerinə yetirdilər. Bütün bunlar həm ölkəmizin, həm də ordumuzun beynəlxalq aləmdə nüfuzunu daha da artırdı, etibarlı tərəfdaşa çevirdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun gücü, qüdrəti daha da artdı. Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla, hərbi texnika və avadanlıqlarla təmin olundu.

Xalqımız Azərbaycan Ordusunun getdikcə artan gücünə, qüdrətinə 2016-cı ilin Aprel döyüşlərində şahidlik etdi. Ermənistan ordusunun təxribatlarına cavab verən ordumuz sürətli, qələbəyə hesablanmış əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Bu, Azərbaycan Ordusunun uzun illərdən bəri erməni işğalında qalmış torpaqlarımızı azad edəcəyinə inamımızı daha da artırdı.

Şanlı ordumuz xalqımızın illərdən bəri gözlədiyi sevinci ona 2020-ci ilin payızında yaşatdı. 

27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Zabit və əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda cəsarət və hünərlə vuruşdular, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğratdılar. 44 günlük Vətən müharibəsi və Qarabağda uğurla həyata keçirilən antiterror əməliyyatları Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bu tarixi qələbəni Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan Ordusu qazandı. 

Şanlı Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin göstəricisi, xalqımızın iftixar yeri, ölkəmizin ərazi bütövlüyünün təminatçısı və ən etibarlı müdafiəçisidir. Bir çox beynəlxalq hərbi tədqiqat mərkəzinin verdiyi qiymət və məlumata görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı, ən müasir ordusudur. Hər bir xalqın xilaskar ordusu ilə öyünməyə, qürur duymağa və fəxr etməyə haqqı var. Bu gün Azərbaycan xalqı da Müzəffər Ali Baş Komandanı və şanlı ordusu ilə qürur duyur, öyünür. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

13:59
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

13:58
10 Mart

Dünya bazarında qazın qiyməti artır

13:57
10 Mart

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub  

13:55
10 Mart

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

13:51
10 Mart

Böyük Britaniyada uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklif qəbul olunmayıb  

13:44
10 Mart

WSJ: Tramp 2028-ci il üçün xələfini müəyyənləşdirir

13:32
10 Mart

Kardinal: Romadakı iftar mərasimi daha məqbul dünya qurmaq istəyən insanları bir araya gətirib 

13:18
10 Mart

Dövlət büdcəsinin ötən iki ay üzrə icrasında profisit qeydə alınıb

13:12
10 Mart

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb 

13:08
10 Mart

Bölgələrdə yağıntılar sabah gündüz tədricən kəsiləcək  

12:52
10 Mart

Alimlər qlobal temperatur artımının sürətlənməsi prosesini qeydə alıblar

12:45
10 Mart

Dünya bazarında neftin 1 barelinin qiyməti 100 dolları ötdü

12:43
10 Mart

FHN əhalini Yel çərşənbəsində yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb 

12:41
10 Mart

Bakıda orta aylıq əməkhaqqı 8 faizdən çox artıb

12:38
10 Mart

Bir qrup Çin vətəndaşı İrandan təxliyə olunub 

12:23
10 Mart

NATO Türkiyənin Malatya vilayətində “Patriot” kompleksləri yerləşdirir

12:12
10 Mart

Azərbaycanın humanitar təşəbbüsü: Suriyada iftar tədbirləri və yardım aksiyası

12:08
10 Mart

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

11:43
10 Mart

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!