Sumqayıtda "Gəncliyin səsi" adlı ədəbi-bədii tədbir keçirilib. Tədbiri Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva açaraq bildirib ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusən əlamətdar olub.
Məhz bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıtın tərəqqi və dirçəliş dövrünü yaşadığını deyən natiq bu gün onun Ulu Öndərin arzuladığı müasir şəhərə çevrildiyini bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt daha da inkişaf edib. Dövlət başçısının hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılmaqla yanaşı, Sumqayıtın tərəqqisinə təkan verib.
Milli Məclisin deputatı Səbinə Salmanova çıxışında şəhərin simasının tamamilə dəyişdiyini qeyd edib. Bildirib ki, bu dəyişikliklər Prezident İlham Əliyevin Sumqayıta göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olan sumqayıtlıların Azərbaycanın müasir inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, şəhərin gündən-günə inkişaf etməsi, abadlaşması Prezidentin dəstəyinin və səylərinin göstəricisidir. ŞİH-in başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin qayğısı ilə Sumqayıt öz tarixi şöhrətini bərpa edir, müasirlik və tərəqqi simvoluna çevrilir. Şəhər qazandığı uğurları ilə Azərbaycanın iqtisadi və mədəni potensialına mühüm töhfələr verir.
Tədbirdə həmçinin bildirilib ki, son illər Sumqayıtda həyata keçirilən genişmiqyaslı layihələrin miqyası və əhatə dairəsi bir neçə onillik dövrü əhatə edir. Qısa zamanda şəhər tamamilə modernləşib, tətbiq olunan müasir quruculuq işləri yeni şəhər standartlarının formalaşmasına səbəb olub.
Şəhid ailələri və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbir tanınmış incəsənət ustalarının ifasında musiqi nömrələri ilə yekunlaşıb.
A.ƏLİYEV,
"Azərbaycan"