16 May 2025 08:55
1088
Mədəniyyət
A- A+
"Əzablı yollarla"

"Əzablı yollarla"


"Xalq düşməni" edilmiş daha bir xalq adamının ömür hekayəsini yalnız belə adlandırmaq olar        


Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" qızlar məktəbinin müdiri, 1919-1920-ci illərdə Lənkəran Qızlar Gimnaziyasının inspektoru, 1920-1921-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından olan Məryəm xanım Bayraməlibəyova ağır və məşəqqətli bir ömür yolu keçib.

M.Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində tanınmış müəllim və maarifçi Teymur bəyin ailəsində dünyaya göz açıb. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlər nəslinə mənsub olub və XVI əsrin sonlarında Muğana köçüblər. Teymur bəy 1879-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinə daxil olan ilk 3 azərbaycanlıdan biri idi. O, seminariyanı bitirdikdən sonra Lənkərandakı rus məktəbində dərs deməyə başlayıb. Maarifçi ziyalı həmçinin XIX əsrin 80-ci illərinin sonlarından başlayaraq, 1916-cı ilədək müntəzəm olaraq  Bakıda rus dilində çıxan "Kaspi" qəzetində Lənkəran qəzası üzrə müxbir kimi fəaliyyət göstərib.

Məryəm xanım Teymur bəyin 9 övladından biri idi. Elmi yüksək dəyərləndirən Teymur bəy bütün çətinliklərə sinə gərərək övladlarına təhsil vermişdi. Gerçək bir maarifpərvər xalq müəllimi olan T.Bayraməlibəyov qızının taleyində böyük rol oynayıb. Məryəm xanım da məhz atasının yolu ilə gedərək müəllimlik sənətini seçib. 

Yazılı mənbələrdə M.Bayramalibəyovanın həyat yolu ilə bağlı çoxsaylı maraqlı məlumat var. O, ibtidai təhsilini 1905-1911-ci illərdə Bakıda H.Z.Tağıyevin Müsəlman-rus, orta təhsilini isə "Müqəddəs Nina" qız məktəblərində alıb. Sonralar oxumağa böyük maraq göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedib və tibb institutuna qəbul olub. Lakin o dövrdə maddi vəziyyəti ağır olan gənc qız çox böyük çətinliklərlə qarşılaşıb. O, kömək üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edib. M.Muxtarov onun müraciətini cavabsız qoymayıb, Məryəm xanıma təqaüd verməyə başlayıb. Lakin Məryəm xanım Moskvada iki aydan artıq qala bilməyib, inqilabın başlaması ilə əlaqədar Bakıya qayıdıb. 

Vətənə döndükdən sonra Bakıda qalmaq üçün imkanı olmasına baxmayaraq, Məryəm xanım Lənkərana gəlir. Burada qızları çox çətinliklə bir yerə toplayıb məktəb açır. Gənc müəllim ev-ev, qapı-qapı gəzərək məktəbə 9-12 uşaq toplaya bilir. 1918-ci ildə Lənkəranda ilk qız məktəbi açılır. Məryəm xanım isə həmin məktəbin müdiri olur. 

Onun şagirdi, ilk opera müğənnisi Həqiqət Rzayeva yazırdı: "Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi". Yeri gəlmişkən qeyd edək ki, Həqiqət xanımla yanaşı, Azərbaycanın Xalq artistləri Cahan Talışinskaya və Münəvvər Kələntərli də Məryəm xanımın şagirdləri olmuşlar.

Məryəm xanım Lənkəranda yeganə qadın-pedaqoq idi. O, savadsızlığa qarşı kəskin mübarizə aparmaqla qadınları şəhərin mədəni və ictimai həyatına cəlb etmək üçün əlindən gələni əsirgəmirdi. Bu məqsədlə Lənkəranda ilk qadın xeyriyyə cəmiyyəti də təsis etmişdi.

Həmin illərdə cənub regionunda gərgin və  həyəcanlı vəziyyət yaranmışdı. Polkovnik İlyaşeviçin komandanlığı ilə Denikinin quldur dəstələri Lənkəranda hakimiyyəti ələ keçirərək güclə bu bölgəni Rusiyanın tabeçiliyinə keçirməyə cəhd edirdilər. Şəhərin açıqfikirli, savadlı şəxslərinə göz görə-görə divan tutulurdu. Belə vəziyyət gənc Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyini rahatsız etməyə bilməzdi. 1919-cu ilin payızında Cümhuriyyət Parlamentinin fövqəladə iclasında səs çoxluğu ilə Cavad bəy Məlikyeqanov Lənkəran mahalının səlahiyyətli nümayəndəsi seçilir. Azərbaycan hökumətinin göstərişi və şəxsən Cavad bəyin təklifi ilə Azərbaycan Ordusunun dəstələri general-mayor Həbibulla Səlimovun komandanlığı altında Lənkərana göndərilir. Bununla əlaqədar Cümhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarov Lənkəran mahalının  əhalisinə ünvanladığı çağırışında yazırdi: "Vətəndaşlar, Azərbaycan Respublikası hökumətinin iradəsilə mən Lənkəran uyezdində vətəndaş müharibəsinin qarşısını almaq, orada qayda-qanun yaratmaq, sizləri qatillərdən xilas eləmək üçün dəstə göndərirəm. Azərbaycan Ordusu heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən Lənkəran uyezdinə qanunçuluq və ədalət gətirəcək, Silahlı Qüvvələrin himayəsilə bölgədə tezliklə əmin-amanlıq bərpa olunacaq. ...Hər bir silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaq və orduya belə hallara qarşı amansız davranmaq əmri verilib. Öz növbəmdə həmçinin dəstənin rəisinə dinc əhaliyə qarşı heç bir zorakılığa yol verilməməsini tapşırmışam". 

Milli Ordu qoşunlarının şücaəti sayəsində qondarma "Muğan radası"nın və Denikinin tör-töküntüləri məhv edilir. Cavad bəy Məlikyeqanov Lənkəran qəzasının general-qubernatoru təyin olunur. Azərbaycan Xalq Cümhuriyyətinin proqramını Lənkəranda həyata keçirən Cavad bəy özünün bütün güc-qüvvəsini bu diyarın iqtisadi-mədəni inkişafına sərf edir. Çox keçmir ki, Lənkəranda həyat öz axarına düşür. C.Məlikyeqanovun köməyi ilə burada yeni kitabxana və klublar, digər mədəni-maarif obyektləri fəaliyyətə başlayır, savadsızlığın ləğvi üzrə kurslar açılır.

Günlərin birində Cavad bəyin yolu Məryəm xanımın məktəbinə düşür. İlk tanışlıq sonradan güclü və sarsılmaz məhəbbətə çevrilir. Beləliklə, gənc ailənin təməli qoyulur. 1921-ci ildə M.Bayraməlibəyova ömür-gün yoldaşı C.Məlikyeqanovla birlikdə Bakıya köçür. Burada o, müəllimlik etməklə bərabər, Həmkarlar İttifaqında çalışmağa başlayır. İctimai işlərdə yaxından iştirak edən Məryəm xanım 1925-ci ildə Bakıda Azərbaycan Müəllimlərinin I Qurultayına nümayəndə seçilir.

Həmin il Bakıdakı 89 nömrəli orta məktəbin direktoru işləyən M.Bayraməlibəyova I SSRİ Müəllimlər Qurultayının da nümayəndəsi olur. Bu nüfuzlu toplantıda o, təkcə Azərbaycan müəllimlərini deyil, həm də Şərq qadınlarını təmsil etmişdir. N.Krupskaya onun rus dilində söylədiyi nitqə valeh olur. Çıxışından sonra SSRİ maarif naziri A.Lunaçarski Məryəm xanıma yaxınlaşıb nəzakətlə onun əlindən öpür və Moskvada işləməsinə razılıq verməsini xahiş edir. Lakin Məryəm xanım etiraz edərək "Mən bu gün vətənimdə daha çox lazımam" deyir. 

M.Bayraməlibəyova ali təhsil almağı çox arzulayıb. Elə buna görə də o, 1927-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və  oranı fərqlənmə diplomu ilə bitirib. Aspiranturada təhsil aldığı müddətdə isə Məryəm xanım həm də bədii tərcümə və ictimai fəaliyyətlə məşğul olub. Onun tərcümələri sayəsində rusdilli oxucular M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun, S.Rüstəm kimi tanınmış Azərbaycan şairlərinin yaradıcılığı ilə tanış olmaq imkanı qazanıblar. 

M.Bayraməlibəyovanın pedaqoji və ictimai fəaliyyəti 1937-ci ilə qədər davam edib. N.Nərimanov adına Bakı Sənaye Texnikumunda (1923-1933-cü illər) və Azərbaycan Dövlət Tibb İnstitutunda (1934-1937-ci illər) rus dili müəllimi işləyib. Bu dövrdə  onun həm də "Şərq qadını", "Maarif işçisi", "Yeni məktəb" və s. jurnallarda təlim-tərbiyə məsələlərinə dair məqalələri dərc olunub. 

Məlikyeqanovlar ailəsində üç qız uşağı böyüyürdü. Valideynləri onların hərtərəfli biliyə yiyələnmələri, öz ölkəsinin layiqli vətəndaşları kimi yetişmələri üçün əllərindən gələni əsirgəmirdilər. Lakin bolşevik hakimiyyətinin siyahısında hədəf götürülən şəxslər sırasında bu ailənin də adı vardı. Beləliklə, Məlikyeqanovlar ailəsinin də qara günləri başlayır. Azərbaycanda böyük bir ziyalı nəslinə qarşı başlayan repressiya onların da qapısını döyür. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında tarixi Bəyannaməni imzalayan dövlət xadimlərindən biri kimi C.Məlikyeqanov 1933-cü ildə Azərbaycan Fövqəladə Komissiyasının qərarı ilə həbs edilir və ömürlük olaraq Komiyə sürgün olunur. Yeri gəlmişkən qeyd edək ki, C.Məlikyeqanovun "vətən xaini" kimi tutulması haqqında orderi erməni millətçiləri Nersesov və Ayvazov imzalayıblar. Ömrünün çoxunu həbsxanalarda keçirən C.Məlikyeqanov 18 may 1942-ci ildə Kareliyada sürgündə vəfat edib. 

Ərinin sürgün edilməsindən sonra M.Bayraməlibəyovanı da dinc buraxmırlar. Ona qarşı təqiblər başlayır. Həmin vaxtlar Məryəm xanım SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalinindən kömək istəyir. Lakin bu, heç bir fayda vermir. 1937-ci il noyabrın 15-də "NKVD"çilər onu həbs edirlər. Məhbus həyatının ilk aylarını Bayıl həbsxanasında keçirən Məryəm xanımı bir müddət sonra uzaq Arxangelskə sürgün edirlər. Şimali Dvina çayının sahillərində ona ən ağır işləri tapşırır, işgəncələr verirdilər. Uzun illər ərzində topladığı bilik və təcrübələr burada da Məryəm xanımın karına gəlir. O, məşəqqətli fiziki əməkdən ayrılaraq yerli müəssisələrin birində mühasib işləyir. Amma artıq gec idi, onu ağır xəstəlik yaxalamışdı - gözlərinin torlu qişası zədələnmişdi. Xəstəliyinə görə müalicə almaq adı ilə Məryəm xanımı Moskvaya - Butırsk həbsxanasına köçürürlər. "Müalicə"dən sonra o, yenidən Arxangelsk, daha sonralar Karaqanda həbsxanalarına göndərilir.

M.Bayraməlibəyova yalnız 1948-ci ildə cəza müddətini başa vurub Bakıya qayıdır. Amma haqsızlıq bununla da bitmir. 1956-cı ildə bəraət verilənədək onu Bakıda öz ailəsinin, uşaqlarının yanında yaşamağa qoymurlar. Onu da qeyd edək ki, repressiya Məlikyeqanovlar ailəsinin bütün üzvlərini bir-birindən ayrı salıb. Cavad bəyin üç qızı - Azərə, Taliyə və Asimə nənələri Şirin xanımın himayəsində yaşayıblar. Məlikyeqanov ailəsinin bir çox üzvü "vətən xaini" damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və s. ilə əvəz etməyə məcbur olublar. 

1964-cü ildə M.Bayraməlibəyovaya fərdi təqaüd təyin edilir. Öz vətəni, xalqı üçün yanan, onun tərəqqisinə çalışan bu mübariz qadın əzab və iztirablar içində 90 il ömür sürür. O, 1988-ci ildə Azərbaycanda arzuladığı müstəqillik tarixini görmədən Bakıda dünyasını dəyişir.


Ağaddin BABAYEV, 

Lənkəran 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dəyərlərə sadiqlik, gələcəyə inamlı baxış

08:15
19 İyun

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında 4 qanun layihəsi müzakirə olunub

08:10
19 İyun

Qaz təchizatının hüquqi tənzimlənməsi yenilənəcək

08:05
19 İyun

AZƏRBAYCANIN FƏRQLİ, DÜŞÜNÜLMÜŞ SİYASƏTİ

08:00
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:29
19 İyun

Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz  

02:04
19 İyun

İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

01:59
19 İyun

XİN nümayəndəsi: Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir  

23:03
18 İyun

Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

22:55
18 İyun

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

22:24
18 İyun

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

22:19
18 İyun

Kahramanmaraşda qardaşlıq abidəsi: Azərbaycan-Türkiyə həmrəyliyinin daha bir rəmzi

22:09
18 İyun

İtonde Kakoma: Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir

21:59
18 İyun

COP30-a hazırlıq prosesində Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın daha da dərinləşdirilmə

21:47
18 İyun

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb

21:37
18 İyun

Milli Məclisin növbədənkənar sessiyasının iclasında 21 məsələ müzakirə olunacaq

21:26
18 İyun

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil edilib

21:13
18 İyun

Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

21:07
18 İyun

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib

20:27
18 İyun

Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı açıqlama yayıb

20:18
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!