13 Mart 2026 08:40
621
SİYASƏT
A- A+
Ermənistan geosiyasi dönüş nöqtəsindədir

Ermənistan geosiyasi dönüş nöqtəsindədir


Paşinyanın Strasburqda etdiyi çıxış İrəvanın yeni reallıqları qəbul etdiyinin göstəricisidir


Ermənistan hökumətinin siyasətində müşahidə olunan praqmatik dəyişiklik ölkənin ən kəskin dönüş nöqtələrindən biridir. Baş nazir Nikol Paşinyanın müxtəlif beynəlxalq və daxili platformalarda səsləndirdiyi tezislər "böyük Ermənistan" utopiyasından imtina olunduğunu, regional reallıqların məcburən də olsa, qəbul edildiyini təsdiqləyir. 

Hökumət rəhbərinin Strasburqda Avropa Parlamentinin kürsüsündən dilə gətirdiyi fikirlər də Ermənistanın xarici siyasətində və hərbi-siyasi doktrinasında baş verən fundamental dəyişikliyin təzahürüdür. Paşinyan öz çıxışında uzun illərdir arxalandıqları "hərbi balans" və "status-kvo" siyasətinin iflasını açıq şəkildə etiraf edib. Baş nazir vurğulayıb ki, təhlükəsizlik anlayışı zamanla hərbi yanaşmadan siyasi-diplomatik yanaşmaya doğru dəyişir: "Təhlükəsizliyin yeganə qarantı sülhdür. Sülhdən daha etibarlı qarant yoxdur. Düşünürəm ki, bu məntiqə daha çox fokuslanmalıyıq". 

Nikol Paşinyan bu çıxışı ilə təhlükəsizliyin siyasi tanınmadan asılı olduğunu vurğulayaraq Ermənistan cəmiyyətini sonu fəlakət olan illüziyalardan uzaqlaşdırmağa çalışır. Paşinyan ölkədəki revanşist qruplardan fərqli olaraq aydın dərk edir ki, Ermənistanın hərbi resursları Azərbaycanın güclənən hərbi-siyasi potensialı qarşısında dayanıqsızdır. Ona görə də Ermənistanın mövcudluğunu yalnız beynəlxalq hüquq və qarşılıqlı tanınma müstəvisində qoruya biləcəyinə diqqət çəkir. Bu həm də illərlə Rusiyanın hərbi çətiri altında təhlükəsizlik axtaran Ermənistanın kənar güclərə inamsızlığının nümayişidir. Yəni Paşinyan demək istəyir ki, ordu, yaxud kənar dəstək Ermənistanı sülh qədər etibarlı qoruya bilməz. Baş nazirin ritorikası həm də Qərbə mesajdır. O, Ermənistanı "sülhsevər və diplomatik həll tərəfdarı" kimi təqdim edərək regionda yaranmış yeni reallıqlarda beynəlxalq dəstəyi özünə cəlb etməyə çalışır. 

N.Paşinyan bildirib ki, şəxsən özü vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycanla sərhəddəki Kirants kəndinə səfərlərini təşkil edir ki, insanlara "sülh" deyəndə nəyi nəzərdə tutduqlarını, "real Ermənistan" deyəndə nə demək istədiklərini göstərsin: "Biz Ermənistan və Azərbaycan arasında sülhü 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini tanımaqla qurmuşuq". Baş nazirin bu bəyanatı Ermənistanın daxili siyasətində son ayların ən mübahisəli mövzusu olan "real Ermənistan" konsepsiyasının praktiki tətbiqidir. Ələlxüsus, Kirants (Xeyrımlı) kəndi üzərindən aparılan bu təbliğat psixoloji keçid dövrünün anonsudur. Paşinyan çalışır ki, ermənilər sərhəd dirəklərinin əhəmiyyətini anlasınlar və dirəkdən o tərəfin başqa dövlətin ərazisi olduğunu birmənalı qəbul etsinlər. Paşinyanın 1991-ci il Almatı Bəyannaməsini hər çıxışında xatırlatması təsadüfi deyil. Baş nazir bu bəyannaməni sülhün təməli, mövcud sərhədlərin toxunulmazlığının yeganə legitim sənədi kimi təqdim etməklə daxildəki revanşist qüvvələrin "sərhədlər yenidən çəkilməlidir" iddialarını sıradan çıxarır.

Hökumət rəhbəri Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu desə də, sülhün qayğıya ehtiyac duyduğunu, əks halda çox tez dağılacağını bildirib. Baş nazirin ifadələri sülhə ehtiyac duyan bir ölkənin hər an hər şeyi itirə biləcəyi qorxusunu bariz şəkildə ortaya qoyur. Hökumət başçısı xarici auditoriyaya müharibə səhifəsinin qapandığı mesajını verməklə bərabər, yekun sülh müqaviləsinin hələ imzalanmamasını və sərhədlərin tam delimitasiya olunmamasından irəli gələn narahatlığını dilə gətirir. Bu yanaşma erməni toplumunu revanşistlərə uymaqdan çəkindirmək taktikası da hesab oluna bilər.

N.Paşinyan daxildəki müxaliflər və onların xaricdəki havadarları tərəfindən mütəmadi gündəmə gətirilən Qarabağdakı ermənilərin könüllü Ermənistana köçməsi məsələsini də diqqətdən kənarda qoymayıb. Baş nazir bu məsələdə strategiyalarının tam aydın olduğunu söyləyib: "Qarabağdan olan bacı-qardaşlarımız Ermənistan vətəndaşlığını almalı və həmişəlik Ermənistanda məskunlaşmalıdırlar". Paşinyanın dəfələrlə səsləndirdiyi bu ifadələri Avropa Parlamentinin kürsüsündən təkrar bəyan etməsi "miatsum" ideologiyasının və Qarabağdakı ermənilərdən siyasi rıçaq kimi istifadə etmək cəhdlərinin "dəfn olunması"nın növbəti elanıdır. Hökumətin Qarabağı könüllü tərk etmiş ermənilərə vətəndaşlıq verməsi onların "qayıdış" adı altında hər hansı siyasi-hərbi revanşist hərəkatlara qoşulma ehtimalını minimallaşdırmaq cəhdidir. 

Baş nazir din adamları və onlara dəstək verən xarici qüvvələrin səylərinə baxmayaraq, Azərbaycanla ölkəsi arasında yeni müharibənin olmayacağını birmənalı bəyan edib: "Yeni müharibəyə, minlərlə qurban bahasına əldə olunmuş sülh və müstəqilliyin anti-xristian məqsədlər naminə qurban verilməsinə imkan verməyəcəyik". 

Son dönəmlərdə Paşinyan kilsəyə qarşı çox sərt tonla çıxış edir. O, "anti-xristian məqsədlər" ifadəsi ilə kilsə rəhbərliyinin mənəvi baxımdan deqradasiyaya uğradığını göstərməyə çalışır. Özünü "sülhün qarantı", kilsəni isə "müharibə təbliğatçısı" kimi qələmə verərək cəmiyyəti seçim qarşısında qoyur.

Nəticə etibarilə rəsmi İrəvan "tarixi Ermənistan" xülyası ilə yaşamağın dövlət üçün ölümcül olduğunu anlayır və regionun əsas oyunçuları ilə real münasibətlər qurmağa çalışır. Lakin bu yol heç də rəvan deyil, çünki Paşinyan daxildəki revanşistlərlə, cəmiyyətdəki psixoloji travmalarla və regional güclərin maraqları arasında manevr etmək çətinliyi ilə üz-üzədir. İstənilən halda indi top Ermənistan ictimaiyyətində və onun rəhbərindədir. Paşinyanın irəli sürdüyü konsepsiya Ermənistanın müstəqil bir dövlət kimi mövcudluğunu davam etdirməsi üçün son şansdır. Ermənistanın hazırki konstitusiyasında ərazi iddiaları tamamilə aradan qaldırılacağı təqdirdə Bakı İrəvanla yekun sülh sənədinə imza atacağını ən yüksək səviyyədə dəfələrlə elan edib.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!