Bu gün Cənubi Qafqaz regionu seçki prosesindən daha genişmiqyaslı tarixi transformasiyanı gözləyir. Rəsmi Bakı üçün bu il Ermənistanda keçiriləcək parlament seçkiləri və konstitusiya referendumu, sadəcə, qonşu dövlətin daxili işi deyil. Bu, İrəvanın, nəhayət, "milli mif"lərin təsirindən çıxmağa hazır olub-olmadığını göstərəcək bir işdir. Reallıq ondan ibarətdir ki, sülh müqaviləsi yalnız kağız üzərində imzalanmaqla kifayətlənə bilməz. Bu saziş Ermənistan cəmiyyətinin hüquqi sistemində və ictimai şüurunda möhkəmlənməlidir.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, əsas çağırış Ermənistanın ana qanununda dəyişiklik ilə bağlıdır: "Azərbaycanla bağlı ərazi iddialarını ehtiva edən bu sənəd qüvvədə qaldığı halda dayanıqlı sülh qurmaq mümkün deyil. Ermənistan konstitusiyasının preambulasında "birləşmə" aktlarına birbaşa və ya dolayı istinad qaldığı müddətdə istənilən sülh təşəbbüsü yalnız müvəqqəti atəşkəs təsiri bağışlaya bilər. Ona görə də referendum vətəndaş məsuliyyətinin ifadəsinə çevrilməlidir. Yəni yeni konstitusiyaya "bəli" demək beynəlxalq səviyyədə tanınmış sərhədlərin qəti qəbulunu və keçmişin "ximera"larından, yəni qeyri-mümkün ideyalardan imtinanı ifadə etməlidir. Rəsmi Bakı sənədlərdə sözlərin dəyişməsini deyil, onilliklər boyu regionun inkişafına mane olmuş revanşist ideologiyanın real şəkildə aradan qaldırılmasını gözləyir".
Deputat qeyd edib ki, lakin bu sağlamlaşma yolu regiondan kənar bəzi aktorların destruktiv müdaxiləsi ilə çətinləşir. "Demokratiya" ritorikası altında Ermənistanın daxili proseslərini geosiyasi alətə çevirmək cəhdləri narahatlıq doğurur. Ayrı-ayrı paytaxtların - istər Paris, istərsə də digər Qərb mərkəzlərinin Ermənistana "forpost" və ya "mühasirədə qala" rolu biçməsi regionun sabitliyini yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır.
S.Fətəliyevanın fikrincə, bu cür yanaşma Ermənistanın siyasi dairələrində təhlükəsizlik və cəzasızlıqla bağlı yanlış illüziya yaradır və Bakı ilə birbaşa, dürüst danışıqlardan yayınmağa zəmin formalaşdırır: "Xüsusi risk radikal diaspor dairələrinin təsiri ilə bağlıdır. Belə ki, Cənubi Qafqazdan minlərlə kilometr uzaqda rahat şəraitdə yaşayan bəzi qruplar müharibə və qarşıdurma gündəliyini diktə etməyə çalışırlar. Onların seçki prosesi və referendumla bağlı müdaxiləsi region xalqlarının maraqlarını lobbi ambisiyalarına qurban vermək cəhdidir. Amma nəzərə alınmalıdır ki, Cənubi Qafqaz burada yaşayan xalqlara məxsusdur və qərarlar "regional problemlər-regional həllər" prinsipi əsasında qəbul olunmalıdır. Xarici "himayədar"lar öz geosiyasi maraqlarının dəyişdiyini görən kimi geri çəkiləcəklər, lakin azərbaycanlılar və ermənilər bu regionda yanaşı yaşamağa davam edəcəklər".
Nəticə etibarilə 2026-cı ilin dönüş nöqtəsi olacağını deyən deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti praqmatizm yolunu seçərsə, zərərli xarici ssenarilərin təsirindən imtina edərsə, region iqtisadi inteqrasiya və rifah modeli kimi formalaşa bilər. Ümid edirik ki, sağlam düşüncə kənar maraqlar üzərində üstünlük qazanacaq. Azərbaycan güclüdür və istənilən ssenariyə hazırdır. Lakin strateji seçim gələcəyə baxan, üçüncü ölkələrin imperiya ambisiyalarının təhrif olunmuş güzgüsünə deyil, sabit və konstruktiv qonşuluğa yönəlmiş Ermənistan görməkdir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"