Dünya neft bazarında ciddi narahatlıq yaranıb. Altı həftə əvvəl bazarda neft bolluğu var idi və qiymətlər sabit qalırdı. Lakin Yaxın Şərqdə davam edən müharibə vəziyyəti tam dəyişib.
CNN xəbər verir ki, hazırda gündə təxminən 12-15 milyon barel xam neftin tədarükü dayanıb. Ekspertlər bildirirlər ki, bu həcmdə itkinin qısa müddətdə bərpası mümkün deyil. Nə təcili hasilat, nə də OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) ölkələrinin istehsalı artırması boşluğu tam doldura bilir. Neft qiymətləri sürətlə yüksəlir. Brent markalı neftin qiyməti 110 dolları keçib, fiziki bazarda isə bir barelin qiyməti 141 dollara qədər yüksəlib. Bu, son illərin ən yüksək göstəricilərindən biridir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, müharibə uzandıqca bazarda real yanacaq çatışmazlığı yarana bilər. Bu, xüsusilə benzin, dizel və təyyarə yanacağı bazarında daha ciddi hiss olunur. Son bir ayda təyyarə yanacağının qiyməti iki dəfə artıb. Bir sıra aviaşirkətlər artıq uçuş sayını azaltmağa başlayıb. Məsələn, bəzi şirkətlər yay mövsümü üçün uçuş cədvəllərini 5 faiz azaldır.
Ekspertlərin fikrincə, Hörmüz boğazı bir neçə həftə daha bağlı qalarsa, ilk növbədə dizel, daha sonra isə benzin qıtlığı yarana bilər. Bəzi ölkələr artıq yanacaq ixracına məhdudiyyətlər tətbiq edir. Digər ölkələr isə daxili bazarda çatışmazlığın qarşısını almaq üçün yanacaq satışına limit qoymağa başlayıb.
Analitiklər bildirirlər ki, problem əvvəlcə Asiya və Avropada daha kəskin hiss olunsa da, zamanla ABŞ və digər böyük bazarlara da təsir göstərəcək.
Təhminə VERDİYEVA,
“Azərbaycan”