14 İyul 2024 08:40
468
SİYASƏT
A- A+
Dövlətçiliyimizin qızıl səhifəsi

Dövlətçiliyimizin qızıl səhifəsi

 

Ötən əsrdə sovet hakimiyyətinin qurulması və 1922-1991-ci illəri əhatə edən 70 il ərzində Azərbaycanın sovet dövləti çərçivəsində yaşaması bir sıra neqativlərlə yanaşı, eyni zamanda Ulu Öndər Heydər Əliyevin özünün də ifadə etdiyi kimi, ölkədə çox zəngin iqtisadi və intellektual potensialın formalaşması ilə müşayiət olunmuşdu. Sovetləşmənin ilk 10 ilində neft sənayesində böyük yüksəliş əldə edilmiş, sənayenin yeni sahələri əmələ gəlmiş, elektrik stansiyaları tikilmiş, suvarma kanalları çəkilmiş, kənd təsərrüfatı, sözün əsl mənasında, dirçəlmişdi.
1937-ci ildə  Azərbaycan SSR dövlətçilik tariximizdə özünün ilk Konstitusiyasını qəbul edərək yüksəliş dövrünə qədəm qoysa da, həmin dövrdən başlanan repressiyalar, sovetləşmədə müşahidə olunan ifrat radikallıq, bu çərçivədə milli kadrların potensialından az istifadə olunması, açar fiqurların milli olmaması, hədsiz formallıqlara yol verilməsi, sonrakı dövrlərdə ciddi cəza tədbirlərinə baxmayaraq, korrupsiya ilə mübarizədə yetərli səylərin olmaması ucbatından bu uğurların davamlılığı təmin olunmamışdı. 
Xüsusən 1960-cı illərin əvvəllərində sənaye sahələrinin və sosial sferanın potensialının gücləndirilməsi işində əldən verilmiş imkanlar respublikanın sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca səbəbləri kimi çıxış etməyə başlamışdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi özünün potensialının çox az hissəsini büruzə verir, fasilələrlə işləyir, bir çox sahələrin, o cümlədən nəqliyyat kompleksində texniki-iqtisadi göstəriciləri ağlasığmaz dərəcədə pisləşirdi. Kənd təsərrüfatında, o cümlədən meliorasiya işində nöqsanlar məhsuldarlığı SSRİ səviyyəsində ən aşağı göstəricilərə endirmiş, istehsal qüvvələrinin yerləşdirilməsi işində formal yanaşmalar bağışlanmaz səhvlərə yol açmışdı. Bakı, Sumqayıt kimi iri sənaye şəhərlərində müşahidə olunan acınacaqlı durum fonunda həm də regionlarda faktiki olaraq sənayeləşmənin dayanması, əmək ehtiyatlarından səmərəli istifadə olunmaması vəziyyəti daha da ağırlaşdırırdı. Ulu Öndərin də ifadə etdiyi kimi, "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi".
1958-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi olmuş polkovnik Heydər Əliyevin ilk milli kadr kimi 1965-ci ildə komitənin sədr müavini, 1967-ci ildə isə ilk milli təhlükəsizlik orqanları generalı kimi DTK-nin sədri vəzifəsinə təyin olunması Qarabağda və Qərbi Azərbaycanda separatizm ocaqlarının söndürülməsi, milli ziyalıların repressiyalardan xilas olması, güc strukturlarında milli kadrların yerləşməsi kimi bir sıra proseslərdə təsirli rol oynasa da,  bütövlükdə ölkədəki sosial-iqtisadi durum ağır olaraq qalmaqda idi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı general-mayor Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi məhz bu acınacaqlı gedişata son qoymaqla Azərbaycanın müasir inkişaf tarixində dönüş mərhələsinin təməlini qoydu. Plenumda o dövr üçün ənənəvi olmayan cəsarətli çıxışının ardınca dahi liderin xalqa müraciətində də dediyi kimi, "Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 1970-ci illərin bariz əlamətinə çevrildi". 
Dahi liderin qətiyyəti ilə SSRİ hökuməti tərəfindən Azərbaycan xalqı üçün, həqiqətən, tarixi əhəmiyyət daşıyan və 1970-1980-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə yol xəritəsi müəyyənləşdirmiş və respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul edildi. 
Beləliklə, məhz Azərbaycan KP MK-nın birinci katibinin şəxsi təşəbbüslərinə əsaslanan dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə 1969-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil oldu. Sənaye və kənd təsərrüfatında dinamik artan istehsal, bütün sahələrdə keyfiyyət göstəricilərinin yüksəlməsi ilə Sovet İttifaqının xarici iqtisadi əlaqələrində Azərbaycanın iştirakı əhəmiyyətli dərəcədə artmışdı.
Ulu Öndər Heydər Əliyevin yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də ifadə olunduğu kimi,  "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır".
1969-cu ilin 14 iyulunda Ümummilli Liderin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrilməklə yanaşı, ölkədə həm də mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. 
Qeyd edilənlərin fonunda, heç şübhəsiz ki, 14 iyul 1969-cu il dövlətçiliyimizin qızıl səhifəsi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı tarixdir.
Tarixdən bəllidir ki, sovet hakimiyyətinin ilk dövrlərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Nə qədər qəribə olsa da, SSRİ süquta uğrayandan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü sovetlərə bağlı nə varsa, hər şeyə nifrət aşılamağa, hətta Böyük Vətən müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi: Heydər Əliyevə olan kin və düşmənçilik. Hakimiyyəti zəbt etmiş quldurlar yaxşı bilirdilər ki, Azərbaycan xalqı Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və KQB ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi KQB sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda da həmişə milli olub. Məlumdur ki, heç bir amil xalqın iradəsindən daha təsirli ola bilməz. Xalqın israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya böyük qayıdışı ölkənin və ümumilikdə bölgənin həyatında yeni bir başlanğıc oldu, Heydər Əliyevin Bakıya qayıtması hər kəs üçün qurtuluş oldu. Heç nə milli iradədən daha üstün ola bilməz və Azərbaycan xalqı qətiyyətlə Heydər Əliyev dedi. Bu da qurtuluş olmaqla yanaşı, həm də inkişaf və tərəqqi üçün zəmin yaratdı. Böyük Zəfərə gedən yol da məhz o gündən başladı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə qayıtması yalnız bizim ölkə üçün deyil, bütövlükdə yerləşdiyimiz mürəkkəb geosiyasi məkan üçün tarixi dönüş anı hesab edilməlidir. Xüsusən hazırkı postmünaqişə dövründə Qafqazda vahid təhlükəsizlik ideyasından danışarkən istinad oluna bilinəcək təməl prinsiplər məhz Heydər Əliyev ideologiyasının tezisləridir. 
Ümumiyyətlə, ötən bir əsrlik dövr göstərir ki, Qafqazda müstəqilliyi qoruyub saxlamaq əldə etməkdən qat-qat çətindir. Cənubi Qafqazın bütün dövlətləri kimi Azərbaycan da ilk müstəqilliyini tarixi proseslərin təbii gedişatında əldə etmişdi. Yəni çar imperiyası dağılıb və digər dövlətlər kimi biz də ilk cümhuriyyətimizi elan etmişdik. Lakin o zaman birinci müstəqilliyimizi nəinki qoruya bilmədik, üstəlik, həmin dövrdə istiqlaliyyəti qorumaq cəhdləri böyük ərazi itkiləri ilə nəticələndi. Qərbi Zəngəzur və Göyçəni itirdik. Xüsusən İrəvanın Ermənistana verilməsi kimi böyük tarixi cinayət yaşandı. İkinci müstəqillik dövründə isə "demokratiya" görüntüsü altında hakimiyyəti zəbt etmiş səbatsız qüvvələr Qarabağı və Şərqi Zəngəzuru itirdilər. Həmçinin tarixin təkərrürü təhlükəsi ortaya çıxdı. Daha dəqiq desək, 1993-cü ildə də 1920-ci ildə olduğu kimi, müstəqillik əldən getmək üzrə idi ki, məhz Heydər Əliyev şəxsiyyəti həmin dövrdə istiqlalımızın qarantına çevrildi. 
Əvvəldə də qeyd etdiyimiz kimi, 1993-cü ildə Azərbaycan xalqı üçün Heydər Əliyevin şəxsiyyəti yeni fenomen deyildi, Heydər Əliyev artıq bir dəfə xalqımızın taleyində həlledici rol oynamışdı. Azərbaycan insanına aydın idi ki, yalnız Heydər Əliyev miqyası yaranmış situasiyanı lehimizə çevirə bilər. Təsadüfi deyil ki, Naxçıvanda dahi liderə müraciətlərin hamısının məzmununda "xalqı bu bəladan qurtarmaq" xahişləri və hətta təkidli tələbləri əks olunurdu. İnsanlar Heydər Əliyevə ilk və son ümid yeri kimi baxırdılar. Bunun da çox sadə səbəbləri var idi. Birincisi, Heydər Əliyevin bundan öncə Azərbaycana 13 illik rəhbərlik təcrübəsi var idi. Sovet sistemində Azərbaycan ən ali inkişaf dövrünü məhz bu 13 illik periodda yaşamış, elə ikinci müstəqilliyinin təməli də o zaman qoyulmuşdu. Sovet sisteminin tərkibində ola-ola milli hərbçi kadrlar hazırlamaq, bir ali, bir orta hərbi ixtisas məktəbinin formalaşdırılması başqa cür izah oluna bilməzdi. Eyni zamanda Qarabağda erməni separatizmi baş qaldıranda və 20 Yanvar hadisələrində həyatını riskə atıb Moskvadan sovet sisteminə ilk etiraz edən rəsmi şəxs, o cümlədən də Azərbaycana qayıdıb Naxçıvana rəhbərlik etdiyi dövrdə ilk dəfə üçrəngli bayrağımızı dövlət müəssisələrində dalğalandıran da məhz Ulu Öndər olmuşdu. 
Ulu Öndər Heydər Əliyevin şah əsəri müasir, qüdrətli, müstəqil Azərbaycan dövlətidir. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında daha böyük xidməti Onun Azərbaycan dövlətçiliyinin, eyni zamanda Azərbaycanda başlanan böyük uğurlu yolun davamlılığının təmin olunmasıdır. Dünya tarixində böyük şəxsiyyətlər çox olub, lakin onların ideyaları, əsasını qoyduğu yüksəliş xətti davam etmədiyi üçün həmin dövlətin uğurları, yüksəlişi də belə şəxslərlə bərabər tarixə qovuşub. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti bu yolun davamlılığının təmin olunmasıdır. Azərbaycan xalqının da bəxti onda gətirdi ki, Heydər Əliyev ideyaları özündən sonra daha müasir və daha mütərəqqi formada, cənab İlham Əliyevin timsalında davam etdi. Məhz Ulu Öndərin layiqli davamçısı, böyük dövlət xadimi Prezident İlham Əliyevin hakimiyyətə gəlişi, Heydər Əliyevin Azərbaycan xalqına özünə güvəndiyi qədər güvənməsi barədə çağırışından sonra başlanan uğurlu yol Heydər Əliyev siyasi məfkurəsini nəinki davam etdirdi, bütövlükdə Azərbaycan özünün dahi liderin qoyduğu xətt üzrə yeni inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyən, qüdrətli, diktə edən, bölgədə yeni status-kvo yaradan beynəlxalq subyektdir və Azərbaycanın iradəsi artıq beynəlxalq müstəvidə hesablaşılan iradədir.
Heydər Əliyev ideologiyasının, İlham Əliyev şəxsiyyətinin simasında realizəsi nəticəsində bu gün Azərbaycan torpaq itirən dövlətdən işğala, təcavüzə son qoyan və bölgədə diktə edən müzəffər gücə çevrilmiş, milli həmrəyliyimiz möhkəmlənmişdir. Xüsusən 44 günlük müharibə və antiterror tədbirlərindən sonra yaranan yeni reallıqda cənab İlham Əliyevin rəhbərliyi altında vahid azərbaycançılıq ideyası və milli maraqlar rəhbər tutularaq ölkənin tərəqqisi naminə həlledici addımlar atılmaqda, eyni zamanda türk dünyasının birliyi yolunda ciddi və təsirli nəticələrə nail olunmaqdadır. Bütün yaşananlar, əldə olunan müstəsna nəticələr göstərir ki, Azərbaycan üçün ən doğrusu məhz Heydər Əliyev siyasi kursunun davamlılığıdır. Bunun üçün isə Ulu Öndərin irsini dərindən öyrənmək zərurətdir. 20 il əvvəl Ulu Öndər irsini yaşadan, öyrənən və öyrədən Heydər Əliyev Fondunu da məhz bu zərurətlər meydana çıxardı. Əminliklə deyə bilərik ki, fond Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin arzuladığı dövlət quruculuğunda nəinki aktiv rol almağı bacardı, hətta bir sıra istiqamətlərdə, o cümlədən sosial-mədəni və humanitar sahələrin inkişafında, azərbaycançılıq ideologiyasının və milli həmrəyliyin güclənməsində aparıcı mövqe tutdu. Vətən müharibəsində arxa cəbhənin mənəvi və bir çox hallarda maddi yükü Mehriban xanımın rəhbərlik etdiyi Fondun üzərinə düşdü. Bu mənada, yaradılmasının 20-ci ildönümündə Heydər Əliyev fondu və şəxsən Mehriban xanım bu irsi ləyaqətli yaşatdığı üçün ən səmimi minnətdarlığı haqq edir.
Bu gün böyük şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümündə artıq əminliklə deyə bilirik ki, Ümummilli Liderin hər bir sağlam təfəkkürlü azərbaycanlının qəlbində yaşayan irsi bizim taleyimizdir. Çox xoşbəxt xalqıq ki, Ulu Öndər siyasi kursu cənab İlham Əliyevlə özünün tam yeni mərhələsinə qədəm qoyub. Bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir, Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir. Heydər Əliyevin davam edən yolu, siyasi xətti müstəqilliyin, suverenliyin, inkişaf və tərəqqinin yeganə qarantıdır. Tarix özü ən azı iki dəfə göstərib ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olur, güclənir.

Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!