Uzun illərdir "din qardaşlığı" və "mehriban qonşuluq" maskası altında gizlənən İran rejimi, bu dəfə birbaşa hərbi təcavüz yolunu seçərək Naxçıvan Muxtar Respublikasının dinc sakinlərini və mülki infrastrukturunu hədəf aldı. Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğu, riyakarlığını bir daha nümayiş etdirdi. Mülki infrastrukturlara - Hava limanı və məktəb binasına hücum təşkil edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, acizlik və qorxaqlıq əlamətidir və regionda gərginliyin artmasına rəvac verən addımdır. Bu, sadəcə bir sərhəd pozuntusu deyil, bu, suveren bir dövlətə qarşı törədilmiş açıq terror aktıdır.
Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı bu namərd hücumu sərt və qətiyyətli şəkildə pisləyərək qeyd etdi ki, İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir: Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".
Bu hücum İranın illərdir apardığı anti-Azərbaycan siyasətinin məntiqi davamıdır. Uşaqların təhsil aldığı məktəbi və mülki sərnişinlərin istifadə etdiyi hava limanını hədəf almaq yalnız terrorçu təfəkkürünün məhsulu ola bilər. İranın Azərbaycana qarşı düşmənçiliyi yeni deyil. Azərbaycan xalqı Tehrandakı səfirliyimizə edilən qanlı hücumu hələ də unutmayıb. Dövlət başçısı həmin hadisəni xatırladaraq İranın terror siyasətini ifşa etdi: " Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir......Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir."
Səfirlik hadisəsində olduğu kimi, Naxçıvan hücumunda da İranın məqsədi Azərbaycanı qorxutmaq, onun müstəqil xarici siyasətinə təsir etməkdir. Lakin Bakının cavabı hər zaman olduğu kimi adekvat və sarsıdıcıdır. Səfirlik terrorundan sonra Azərbaycanın qətiyyəti qarşısında geri çəkilən və cinayətkarı edam etməyə məcbur olan Tehran rejimi görünür ki, bu hadisələrdən düzgün nəticə çıxarmayıb.
Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri İranın nankorluğunun ifşası idi. Dövlət başçısı bildirdi ki, “Livanda çətin vəziyyətdə qalan İran diplomatlarının təxliyəsi üçün İran tərəfi Azərbaycandan kömək istəmişdi. Azərbaycan öz təyyarəsini göndərməyə hazır olduğunu bildirmiş, humanitar prinsiplərdən çıxış edərək təmənnasız yardım təklif etmişdi. Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. Bir tərəfdən yardım istəyib, digər tərəfdən kömək əli uzadan qonşunun mülki hədəflərinə PUA ilə zərbə endirmək heç bir dövlət etikasına, dini dəyərə və insanlığa sığmır. Bu, sadəcə nankorluq nümunəsidir.
Azərbaycan dövləti heç bir təhdid qarşısında geri çəkilən deyil. 44 günlük Vətən müharibəsində Ermənistanı və onun havadarlarını diz çökdürən "Dəmir yumruq" bu gün də hazır vəziyyətdədir. Prezident İlham Əliyevin tapşırığı ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dövlət başçısının bu xüsusda xəbərdarlığı son dərəcə sərtdir: "Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı 'Dəmir yumruq' vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək."
İranın bu təcavüzkar addımı beynəlxalq birlik tərəfindən dərhal reaksiya ilə qarşılanıb. Hadisə baş verən andan etibarən müxtəlif ölkələrin prezidentləri, xarici işlər nazirləri zəng edərək ölkəmizə dəstəklərini ifadə ediblər. Həmçinin BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin Bakıda akkreditə olunmuş səfirləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu hadisəni pisləyərək, həmrəyliklərini nümayiş etdiriblər.
Bu ölkədə yaşayan azərbaycanlılara qənim kəsilən, soydaşlarımızı bütün hüquqlardan məhrum edən, daim təzyiq altında saxlayan, azərbaycanlı fəalları təqib edən və cəzalandıran İran rejimi anlamalıdır ki, bu gün Azərbaycanın həm hərbi qüdrəti, həm də xalq-iqtidar birliyi istənilən xarici müdaxiləni dəf etməyə qadirdir. İranda yaşayan milyonlarla soydaşımızın ümid yeri olan müstəqil Azərbaycan, öz suverenliyini qorumaq üçün hər bir addımı atacaq.
Naxçıvana edilən hücum İranın regionda sülh tərəfdarı olmadığını nümayiş etdirdi. Lakin bu təxribat Azərbaycanı zəiflətməyəcək, əksinə, xalqımızı dövlət ətrafında daha sıx birləşdirəcək. Bizə qarşı uzanan xəyanət əlləri hər zaman olduğu kimi kəsiləcək. Dövlətimiz sarsılmazdır, ordumuz qüdrətlidir və "Dəmir yumruq" hər an düşmənin başını əzməyə hazırdır.
Zaur ŞÜKÜROV,
Milli Məclisin deputatı