Azərbaycan QHT-ləri COP29-a ciddi hazırlaşırlar
COP29 yaxınlaşdıqca onunla bağlı Bakıda keçirilən tədbirlərin sayı və intensivliyi də artır. İştirakçı dövlətlərin nümayəndələri Azərbaycana gəlir, təkliflərini verir, təşəbbüs irəli sürür, hazırlıqlarla tanış olurlar. Eləcə də yerli dövlət qurumları və özəl təşkilatlar öz aralarında tədbiröncəsi COP29-la bağlı görülən işləri müzakirə edir, nəticəsini ictimaiyyətlə paylaşırlar. Bu da təbiidir, çünki qlobal tədbirin başlanmasına artıq sayılı günlər qalır.
Qeyri-hökumət təşkilatları (QHT) da sıradan geridə qalmamaq üçün COP29 çərçivəsində fəallıq nümayiş etdirirlər. Yeri gəlmişkən qeyd edək ki, COP29-un Təşkilat Komitəsinin tərkibində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar və ən fəal vətəndaş cəmiyyəti təsisatları təmsil olunurlar. Bu təmsilçilik Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın göstəricisidir.
Hələ aylar öncə xarici QHT-lərdən Azərbaycan Milli QHT Forumuna COP29-la əlaqədar çoxsaylı əməkdaşlıq təklifləri irəli sürülüb. Daxil olan təklifləri Milli QHT Forumunun İdarə Heyəti müzakirə etdikdən sonra "COP29 QHT Koalisiyası" yaratmaq təşəbbüsü ilə çıxış edib. Xarici QHT-lər tərəfindən maraqla qarşılanan təşəbbüsə 30 ölkədən 108 əcnəbi QHT qoşulub. Həmçinin koalisiya ilə əlaqədar ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna ünvanladıqları məktubda COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstəklərini ifadə ediblər.
Maraqlıdır ki, Azərbaycanda ilk dəfədir belə qlobal formatda və nəhəng miqyasda yerli və xarici QHT-lərin əməkdaşlığı qurulur. Bu, o deməkdir ki, vətəndaş cəmiyyəti COP29-un Azərbaycana bəxş etdiyi unikal imkanları aydın hiss edir. Ona görə də həmin əməkdaşlığın qurulmasına xüsusən gənc QHT-çilər öz töhfələrini verməyə çalışırlar. Bu səbəbdən COP29-un gənc liderləri, könüllülər və QHT-lərin qlobal tədbirə hazırlıqlar çərçivəsində ayrılıqda gördükləri iş həm yerli, həm də beynəlxalq səviyyədə təqdir olunur. Şübhəsiz, tədbirin fəaliyyət göstərəcəyi günlərdə bu, daha qabarıq hiss ediləcək.
Xarici ölkələrin gənclərini də cəlb edən COP29 fəalları ekoloji sağlam cəmiyyətdə yaşamaq istəyirlər. Ona görə də ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlərdə gənclər üstünlüyü əldən vermirlər. Mütəmadi olaraq xarici QHT-lərlə onlayn görüşlər keçirilir, əməkdaşlıq imkanları və qarşıya qoyulan məsələlər müzakirə olunur, nəticələr diqqətə çatdırılır. Məsələn, bu günlər COP29 QHT Koalisiyasının hibrid formatda keçirdiyi görüşdə elan olunub ki, koalisiyanın sıraları hər gün genişlənir və artıq dünyanın 71 ölkəsindən bu qurumda 335 QHT yer alır. Qarşılıqlı müzakirə nəticəsində Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti tərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir daha dünya dövlətlərini Azərbaycanın COP29 naminə birgə atəşkəs çağırışına qoşulmağa çağırıb. Görüşdə həmçinin ətraf mühit, sağlamlıq və gender məsələlərinin diqqətdə saxlanılması haqqında təkliflər müzakirə olunub. Məlumat üçün bildirək ki, COP29 QHT Koalisiyasında ölkəmizi Azərbaycan Milli QHT Forumu təmsil edir. Adıçəkilən koalisiya da məhz Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaranıb. Ona görə də forum bu cür hibrid görüşlər zamanı tərəflərin fəaliyyətlərini koordinasiya edir.
QHT-lərin fəaliyyəti təkcə onlayn görüşlərlə məhdudlaşmır, COP29-da iştirak etməyə hazır olan digər həmfikir ictimai qurumlarla, beynəlxalq təşkilatlarla canlı görüşlər keçirilir. Bir gün öncə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən QHT rəhbərləri üçün qlobal tədbir ərəfəsində keçirilən məlumat sessiyası bu qəbildəndir. Tədbirdə dayanıqlılıq siyasətləri, müyəssərlik və inklüzivlik məsələləri, Yaşıl Zonada QHT-lər üçün potensial imkanlar, Azərbaycan QHT-lərinin COP29-da iştirak məqsədləri və gözləntilər, tədbir zamanı proqramlaşdırma məsələləri üzrə tövsiyələr kimi mövzular ətrafında müzakirələr aparılıb, "yaşıl keçid"lə bağlı maarifləndirmə prosesində QHT-lərin mühüm rolu vurğulanıb. 50-dən artıq QHT nümayəndəsinin iştirak etdiyi informasiya sessiyasında Yaşıl Zonada olacaq QHT-lər üçün yaradılan imkanlar mövzusunda da məlumatlar verilib.
Sessiyanın keçirilməsində məqsəd COP29 çərçivəsində təşkil ediləcək fəaliyyətə dair QHT nümayəndələrinin məlumatlandırılması, təklif olunan müxtəlif imkanların müzakirəsi, eləcə də ümumilikdə COP prosesi barədə bilgilərin paylaşılmasıdır. Çünki QHT sektoru COP29 çərçivəsində regional və qlobal səviyyədə indekslərin formalaşmasında, problemlərin həlli istiqamətində ortaya gərəkli bir konsepsiya qoyduğu üçün iqlim dəyişmələri mövzusunda yeni yanaşmanı dəstəkləyirlər. Ona görə də Azərbaycan QHT sektoru qərargah tipli beyin mərkəzi formalaşdırıb və bu mərkəz iqlim dəyişmələri məsələsində "daha nələr etmək olar, atılan addımları hansı istiqamətə yönəltmək mümkündür" mövzusu üzərində işləyir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"