Müasir dünyada qlobal iqtisadiyyatın, siyasətin və texnologiyanın inkişaf istiqamətlərini müəyyənləşdirən əsas platformalardan biri Davos İqtisadi Forumudur (DİF). Hər il İsveçrənin Davos şəhərində keçirilən bu forum dövlət və hökumət başçılarını, nüfuzlu iqtisadçıları, beynəlxalq təşkilatların rəhbərlərini və aparıcı şirkətlərin təmsilçilərini bir araya gətirir. Forumun digər beynəlxalq tədbirlərdən əsas üstünlüyü onun formal diplomatik çərçivələrdən kənarda, açıq dialoq mühitində fəaliyyət göstərməsidir. DİF-in bünövrəsi 1971-ci ildə isveçrəli biznesmen, professor Klaus Şvabın təşəbbüsü ilə qoyulub. Həmin il İsveçrənin Davos şəhərində Avropanın 450 aparıcı şirkətinin rəhbərləri toplaşaraq dünya iqtisadiyyatının gələcək inkişaf perspektivlərini müzakirə edib və ümumi strategiyaların müəyyənləşdirilməsi üçün simpozium keçiriblər. Bu görüş sonradan beynəlxalq miqyaslı mühüm platformaya çevrilib. Bir müddət sonra Davos görüşləri təkcə biznes dairələri ilə məhdudlaşmayıb, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, nüfuzlu siyasətçiləri və ictimai xadimləri də öz ətrafında birləşdirməyə başlayıb. Forumun artan beynəlxalq nüfuzu nəticəsində 1987-ci ildən etibarən o, rəsmi olaraq Dünya İqtisadi Forumu adlandırılıb.
Ənənəvi olaraq hər il keçirilən DİF tədbirlərinin əsas məqsədi nümayəndələri bir masa arxasında toplayaraq, yeni beynəlxalq iqtisadi layihələrin müzakirəsi və həyata keçirilməsi üçün zəmin yaratmaqdır. 1979-cu ildən etibarən Davos forumunun mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı"na dair məruzələr hazırlanır. Bu hesabatlarda dünyanın 100-dən çox ölkəsi potensial inkişaf imkanları və rəqabətədavamlılıq indeksləri əsasında qiymətləndirilir ki, bu da qlobal iqtisadi mənzərənin formalaşmasında mühüm rol oynayır.
1995-ci il yanvarın 27-31-də Ulu Öndər Heydər Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrənin Davos şəhərinə işgüzar səfər edib. Azərbaycanın forumda ilk dəfə təmsil olunması münasibətilə tədbir çərçivəsində ölkəmizə həsr edilmiş xüsusi görüş keçirilib. Həmin görüşdə Heydər Əliyev Azərbaycan haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib. Ümummilli Lider Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu vurğulayaraq, bu resurslardan qarşılıqlı maraqlar və beynəlxalq əməkdaşlıq prinsipləri əsasında istifadə edilməsini nəzərdə tutan xarici iqtisadi siyasət xəttini bəyan edib. Qeyd edib ki, zəngin neft və qaz yataqları, eləcə də digər təbii sərvətlərə malik olan Azərbaycan müasir dünya iqtisadiyyatının qəbul etdiyi prinsiplər əsasında xarici investisiyalar və beynəlxalq şirkətlərlə əməkdaşlıq üçün açıqdır.
Davos forumu 2002-ci ildə ABŞ-də baş vermiş 11 sentyabr terror hadisələrinə etiraz və həmrəylik əlaməti olaraq Nyu York şəhərində keçirilib. Həmin toplantıda 106 ölkədən 3 minə yaxın nümayəndə iştirak edərək, baş vermiş terror aktını qətiyyətlə pislədiklərini nümayiş etdirib. Forumda Ulu Öndər Heydər Əliyev də iştirak edib və çıxışında törədilmiş terror aktının Azərbaycanı dərin narahat etdiyini vurğulayıb, beynəlxalq terrorizmə qarşı mübarizədə dünya dövlətlərinin səylərinin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Ulu Öndər beynəlxalq terrorizmin əsas mənbələrindən birinin separatizm olduğunu qeyd edərək, bu fikrini Dağlıq Qarabağ münaqişəsi timsalında əsaslandırıb. Bildirib ki, münaqişə məhz separatçı niyyətlərdən qaynaqlanmış, sonradan Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycanın təxminən 16 min kvadratkilometr ərazisi nəzarətdən kənarda qalıb.
Qeyd edək ki, bu forum qitələrarası və qlobal miqyasda qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Təbii ki, qlobal tədbirin əhəmiyyəti yalnız iqtisadi çərçivə ilə məhdudlaşmır. Reallıq göstərir ki, iqtisadiyyat qapalı mühitdə inkişaf edə bilməz. Müasir dövrdə hər bir ölkənin iqtisadi inkişafı digər dövlətlərin iqtisadiyyatları ilə qarşılıqlı əlaqələrdən, eləcə də beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıqdan bilavasitə asılıdır. Bu qarşılıqlı iqtisadi münasibətlər isə öz növbəsində beynəlxalq səviyyədə əməkdaşlığın genişlənməsinə, o cümlədən siyasi dialoqun güclənməsinə təkan verir. Başqa sözlə, müasir dünyada iqtisadiyyat və siyasət bir-birindən ayrı mövcud ola bilməz. Məhz bu səbəbdən DİF platforması həm də mühüm siyasi dialoq məkanı kimi də çıxış edir.
Buna bariz nümunə kimi Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşləri göstərmək olar. Həmin görüşlərin əsas mövzusu iqtisadi layihələr, regional və qlobal təşəbbüslər, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş məsələlərdir. 2007-ci ildən faktiki olaraq forumun hər iclasına qatılan Prezident İlham Əliyevə hər zaman tədbir iştirakçılarının xüsusi diqqət və marağı olub. Çünki Azərbaycan davamlı olaraq uğurlar əldə edir və beynəlxalq layihələrdə fəal iştirak edir. Davos forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlət başçıları sırasında İlham Əliyevin xüsusi yeri var. Təsadüfi deyil ki, Azərbaycan 2013-cü il aprelin 12-də DİF-in növbəti tədbirinə evsahibliyi edib. Dünyanın iqtisadi inkişafını proqnozlaşdıran tanınmış iqtisadçılar, beynəlxalq ekspertlər, eləcə də dövlət və hökumət nümayəndələri Bakıda toplaşaraq, qlobal miqyasda bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələlər ətrafında geniş müzakirələr aparıblar.
Tədbirin açılışında çıxış edən DİF-in təsisçisi və icraçı direktoru Klaus Şvab bəyan edib: "Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu ölkədir. Ümumiyyətlə, son illər ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir".
Azərbaycanın Davos forumunda uzunmüddətli iştirakı və əldə etdiyi uğurlar fonunda ölkəmiz bu gün də qlobal platformada rolunu davam etdirir. Hazırda Prezident İlham Əliyev Davosda keçirilən beynəlxalq tədbirdə iştirak edir, ölkəmizin qlobal iqtisadi və siyasi nüfuzunu nümayiş etdirir və müxtəlif beynəlxalq əməkdaşlıq təşəbbüsləri üzrə görüşlər keçirir. Prezidentin çıxışları və keçirdiyi çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın artıq enerji ixracatçısı ölkə statusundan çıxaraq logistika, nəqliyyat, enerji təhlükəsizliyi və regional inteqrasiya mərkəzi kimi təqdim olunduğunu göstərir.
Qeyd edək ki, bu il dünyanın 130-dan çox ölkəsindən 3000-ə qədər nümayəndənin iştirak etdiyi forumun əsas mövzusu "A Spirit of Dialogue" ("Dialoq Ruhu") olaraq müəyyən edilib. Bu mövzu qlobal miqyasda dərinləşən geosiyasi, iqtisadi və texnoloji parçalanma fonunda açıq və səmimi dialoqun vacibliyini ön plana çıxarır. Bu baxımdan İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) Davosda iştirakı Azərbaycanın süni intellekt, sənaye 4.0 və rəqəmsal transformasiya sahəsində qlobal proseslərin fəal iştirakçısı olduğunu nümayiş etdirir.
Bütün bu və digər nüanslar Davos forumunun Azərbaycan üçün nə qədər strateji və əhəmiyyətli bir platforma olduğunu təsdiqləyir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"