09 Noyabr 2023 14:33
36174
Səfərlər
A- A+
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib   Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3

Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib   Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3

 

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Tədbirdə ECO-nun əvvəlki Zirvə toplantıları və üzv dövlətlərin başçılarının təşkilat çərçivəsində keçirdikləri görüşlər ilə bağlı videoçarx nümayiş olundu.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iclası açaraq iştirakçıları salamladı və ötən Zirvə toplantısından keçən dövrdə görülən işlər barədə məlumat verdi.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq dedi: “Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib”.

Prezident Şavkat Mirziyoyev qeyd etdi ki, Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir.

ECO-nun Baş katibi Xusrav Noziri Türkmənistan, Tacikistan və Türkiyə, eləcə də Azərbaycan və İran arasında razılaşdırılmış multimodal dəhlizlərin xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirdi. Energetikanın ECO üçün çox vacib sahə olduğunu qeyd edən Baş katib bu istiqamətdə Xartiyanın imzalanmasının əhəmiyyətini vurğuladı.

Turizm sahəsində əməkdaşlığa da diqqət çəkən Xusrav Noziri dedi: “Biz, həmçinin turizm potensialının inkişafına diqqət yetiririk. “Turizm paytaxtları” konsepsiyası çox mühüm təşəbbüsdür. İndiyədək 6 şəhər, o cümlədən Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri “Turizm paytaxtları” seçilib. Çox zəngin mədəni irs və təbiətimizin gözəllikləri ideyalarının təbliği məqsədilə turizm sahəsinin seçilməsi müntəzəm yanaşma olacaq.

Dövlətimizin başçısı Zirvə toplantısında çıxış etdi.

 

Prezident İlham Əliyevin
çıxışı


- Hörmətli Şavkat Miromonoviç,

Hörmətli dövlət və hökumət başçıları,

Hörmətli Zirvə toplantısının iştirakçıları,

Yüksək qonaqpərvərliyə görə qardaş Özbəkistanın Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirirəm.

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini təbrik edirəm.

Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.

Ötən ay ECO Nazirlər Şurasının iclası Şuşada keçirilib. Dünən Azərbaycan xalqı Şuşanın Ermənistanın təxminən 30 illik işğalından azad olunmasının üçüncü ildönümünü qeyd etdi.

Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik.

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir.

2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi.

İşğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur.

Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq.

Mən bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkürümü bildirirəm.

Çıxışımın sonunda vurğulamaq istərdim ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Sağ olun.

x x x

Zirvə görüşünün işinə uğurlar arzulayan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsinin bölgədə davamlı sülhün təmin olunmasında xüsusi rol oynayacağını vurğulayaraq dedi: “Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə bir addım daha yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir”.

ECO-nun 16-cı Zirvə toplantısında, həmçinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov çıxış etdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!