BP "Bazarın Hüdudları: Dövlət və Bazar Arasındakı İqtisadi Rəqqas" adlı kitabı ictimaiyyətə təqdim edib. Bu layihə şirkətin Azərbaycanda təhsilin inkişafına dəstəyinin və beynəlxalq biliklərin ölkəyə gətirilməsi səylərinin bir hissəsidir.
Kitabın ingiliscədən Azərbaycan dilinə tərcüməsi və nəşrində BP-nin məqsədi bu dəyərli bilikləri makroiqtisadiyyat, marketinq və dövlət və bazar arasındakı münasibətlər sahəsində ixisaslaşan tədqiqatçılar, tələbələr və bu sahələr üzrə mütəxəssislər üçün əlçatan etməkdir.
Kitabın müəllifi London İqtisadiyyat Universitetinin professoru Paul De Qrauvdur. Tərcümə kitabın 2017-ci ildə ingilis dilində Oxford University Press tərəfindən çap olunmuş birinci nəşrindən edilmişdir.
Kitab dövlətin iqtisadi siyasətləri ilə bazar mexanizmləri arasındakı dinamik təmasları araşdırmaqla bu sahədəki iqtisadi nəzəriyyələr və təcrübələr haqqında dərin bilgilər təklif edir. O, dünyanın belə bir baxışına əsaslanır ki, bu məsələdə seçim bazar, ya dövlət arasında yox, nə qədəri bazar və nə qədəri isə dövlət olması sualındadır.
BP-nin Xəzər bölgəsi üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli kitabın Azərbaycanın elmi icması üçün əhəmiyyətini vurğulayaraq deyib: "Akademik cəmiyyətə bu kitabı hədiyyə etməklə BP Azərbaycanda bu vacib mövzunun daha dərin anlamlarının yayılmasına və bu sahədə Azərbaycanda tədqiqatlara əsaslanan innovativ iqtisadi strategiyaların işlənməsinə töhfə vermək istəyir. İnanırıq ki, yüksəkkeyfiyyətli təhsil materiallarının əlçatan olması bilgilərin mükəmməlləşməsi və gələcək liderlərin yetişdirilməsi səylərinin əsasını təşkil edir".
Kitabın ictimaiyyətə təqdimatı dünən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi "Elm Festivalı"nda baş tutub. Təqdimatın UNEC-in "Elm Festivalı"nın bir hissəsi kimi keçirilməsi BP-nin Azərbaycanda təhsil resurslarının genişlənməsinə və elmin inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır.
"BP təhsilin inkişafına sərmayə qoyulması və Azərbaycana yüksəkkeyfiyyətli beynəlxalq resursların gətirilməsi səylərini davam etdirəcək. Bugünkü təqdimat da |BP-nin akademik mükəmməlliyi dəstəkləmək və beynəlxalq bilik və təcrübə mübadiləsi üçün imkanlar yaratmaq səylərinin daha bir nümunəsidir", - deyə B.Aslanbəyli bildirib.
Bütün maraqlı şəxslər və mütəxəssislərə geniş şəkildə əlçatan olması üçün şirkət bu dəyərli kitabın nüsxələrini yerli universitetlərə, ictimai kitabxanalara və əlaqədar təhsil və elm müəssisələrinə təqdim edəcək.
Layihənin ümumi dəyəri təxminən 54,2 min AZN-dir. Bu xərclər 220 səhifəlik kitabın tərcüməsini, redaktəsini və nəşrini əhatə edir. Layihəni Rəqəmsal Transformasiya Fondu həyata keçirib.
"Azərbaycan"