11 Aprel 2025 09:05
409
İQTİSADİYYAT
A- A+
Boz çöllərə "ağ qızıl" səpilir

Boz çöllərə "ağ qızıl" səpilir


"Salyan Aqroparkı"nın təsərrüfat rəhbəri Asif Əliyevlə çiyid səpilən sahəyə gedirik. İdarə etdiyi avtomobili şor su kanallarının kənarındakı torpaq yolla sürür. Ətrafdakı sahələrin demək olar hamısında yaz aratı aparılıb. 

Yolun kənarlarında isə yazın gəlişi ilə göyərən ot-ələf, yabanı bitkilər boz çöllərə yeni bir süs verir. Fikirləşirsən ki, indi çiyid səpilən bu boz torpaqlar da az sonra yamyaşıl pambıq tarlasına dönəcək. Yaxınlıqdakı təpənin üstündə "dat-dada, dat-dada" deyə səslənən turacın bahar nəğməsi eşidilir. "Erkək turacdır. Onlar hər gün səhər şehdən islanmış qanadlarını qurutmaq üçün bu təpənin üstünə çıxır və banlayırlar. Dişiləri də ilin-günün bu çağında yumurta üstündə yatır", - deyə yol yoldaşım heyranlıqla məlumat verir. 

Çox çəkmir ki, səpin aparılan yerə çatırıq. 5 traktor sahənin o başından bizə doğru gəlir. Sahə aqronomu Əflan Cəfərov və əkində iştirak edən işçilər də buradadırlar. Onlarla görüşüb salamlaşırıq: "İşiniz avand, məhsulunuz bol olsun!"  Təsərrüfat rəhbəri A.Əliyev aqronom Ə.Cəfərovla əkinin necə aparıldığını dəqiqləşdirmək üçün sahəyə girir, barmaqları ilə torpağı didələyirlər. Təsərrüfat rəhbəri ayağa qalxaraq: "Yaxşıdır, arat da yaxşıdır, çiyid də lazımi ölçüdə - 3-4 santimetr dərinlikdə torpağa düşür. Belə də davam etmək lazımdır", - deyir. 

Traktorlar sahənin ayağında dayanırlar. A.Əliyev səpini lazımi qaydada apardıqları üçün traktorçulara təşəkkür edir. Fəhlələr toxum kisələrini çiyinlərinə götürüb "Cansa" səpin aqreqatına boşaldırlar. Çiyidlə birlikdə torpağın hər hektarına ümumilikdə 200 kiloqram ammofos gübrəsi verilir. Proses başa çatır, mexanizatorlar yenidən sükan arxasına keçib işi davam etdirirlər. 

"İş o qədər sürətlə getdi ki, mexanizatorların adını soruşmaq yadımdan çıxdı" deyirəm. Təsərrüfat rəhbəri və aqronom onların adlarını sadalayırlar: mexanizatorlar Faiq Həsənov, Füzuli Soltanov, Cəlil Əliyev, Faiq Əliyev, Müşfiq Bağırov, Xalid Əliyev, fəhlələr Qərib Quliyev, Bəxtiyar Nəcəfov. 

Sonra Asif Əliyev "Bizdə pis işçi yoxdur. Kim ki, işi bacarmır, özü ərizəsini yazıb gedir" deyir. 

Pambıqçılıqdan az-çox məlumatımız olduğu üçün əkində müşahidə etdiyimiz bir cəhət marağımıza səbəb olur. Odur ki A.Əliyevdən bu əkin növünün nə olduğunu soruşuruq. O gülümsəyərək "Bu, yeni əkin üsuludur, türk qardaşlarımız pambığı həmin üsulla əkirlər. Səmərəsi yaxşı, məhsuldarlığı yüksək olur. Ona görə biz də bu üsuldan istifadə edirik" deyir və sonra da davam edir: "Əkilən "May- 455", "Bəyaz altun" pambıq sortlarının lifsiz toxumları da Türkiyədən gətirilir. "Cansa" səpin aqreqatları və digər texnikalarımızın əksəriyyətini də onlardan alırıq". 

Söhbət zamanı məlum olur ki, "Salyan Aqroparkı" bu il 7 min hektarda pambıq yetişdirməyi nəzərdə tutub. Çiyid səpinini optimal müddətdə başa çatdırmaq üçün 30 traktor, 40 mala, 30 səpin aqreqatı ayrılıb. Artıq seçmə yolu ilə arata düşən sahələrdə səpinə başlanılıb. Hələlik orta hesabla hər gün 100-120 hektar əkilir. Təsərrüfat rəhbəri deyir ki, aprel ayında torpaq arata günlə, may ayında saatla düşür. Havalar istiləşdikcə işin sürəti də artır. 

Becərmə işləri ilə əlaqədar 740 nəfərlə müqavilə bağlanılıb. Onlar məhsul yığımında da işləyib əlavə olaraq pullarını alacaqlar. Aqroparkda daimi işçilərin sayı 441 nəfərdir. Onları hər gün işə evlərindən aqroparkın ayırdığı xüsusi mikroavtobuslar aparır və işin sonunda da geri götürür. 

Müəssisənin eyni zamanda 500 hektar taxıl, 30 hektar yonca, 8 hektar qarpız əkini sahəsi var. İstehsal etdiyi pambıq məhsulunu təsərrüfat başqa yerdə deyil, özünün tikib-quraşdırdığı zavodda emal edir. Burada yem zavodu da fəaliyyət göstərir. Nəinki Salyan, digər cənub rayonlarının fermerləri də ondan faydalanırlar. Bunlardan başqa, aqroparkın 80 hektar balıq gölü, 700 baş davar, 100 baş qaramalı var. Bayramlarda, xeyirdə-şərdə, əlamətdar günlərdə pulsuz olaraq müəssisənin ərzaq məhsullarından işçilərə də verilir. 

Asif Əliyevdən onu da öyrəndik ki, müəssisə 2016-cı ildə Prezidentin sərəncamı ilə yaradılıb. Salyan rayonunun Qızılağac kəndi ərazisindəki qış otlaq sahələrindən 3 min hektarının təyinatı Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilərək bu təsərrüfata verilib. Şoran torpaqların saflaşdırılması üçün ərazidə 1100 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi yaradılıb. Tikilən 3 nasos stansiyası vasitəsilə kollektorların topladığı çıxar suları yaxınlıqdan keçən Baş Mil-Muğan kanalına vurularaq Xəzər dənizinə axıdılır. 

Əkinlərin suvarılmasından ötrü təsərrüfatda planlı şəkildə suvarma sistemi qurulmuşdur. Bura Aqquşa çayının Qızılağac və Marışlı kəndlərinin ərazisindən keçən hissəsindən müvafiq olaraq 26 və 35 kilometr uzunluqda suvarma kanalları çəkilib. Marışlıda çaydan suyu kanala qaldırmaq məqsədilə 3 nasoslu stansiya tikilib. Aqroparkın ərazisindəki suvarma kanallarının ümumi uzunluğu 210 kilometrdir. İstər şirin su kanalları, istərsə də şor su drenajları hər il təsərrüfatın öz texnikalarının köməyi ilə lildən, qamışdan, çayırdan, ot-ələfdən təmizlənir. Bu da su itkisinin qarşısını alır. 

Yeni çəkilmiş Ələt-Astara magistral yolunun 71-ci kilometrinə çatanda adam özünü kiçik bir şəhərə düşmüş kimi hiss edir. Bu şəhərcik insan zəhmətinin təntənəsidir. Ərazidə əkilən ağaclar xüsusi diqqət və qayğı sayəsində böyüyərək ətrafı yaşıl dona bürümüşdür. İpək yolunun hər iki tərəfində "Yolüstü" adlı restoran, market, ibadət salonu, yanacaqdoldurma məntəqəsi, uşaq əyləncə mərkəzi, maşınyuma sexi, TIR maşınları üçün parklama yeri və s. fəaliyyət göstərir. Ərazinin gecələri də çıraqban olur. Uzun yol qət edən sərnişinlər dayanıb istirahət etdikdən sonra buradan xoş təəssüratlarla ayrılıb yollarına davam edirlər. 


Seyran CAVADOV, 

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!