ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keçmiş məcburi köçkünlər arasında sorğu layihəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.
Bildirilib ki, sorğu çərçivəsində məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərə çıxış imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.
Layihənin icrası üçün iyunun 30-dan iyulun 2-dək xüsusi təlim proqramı təşkil olunub. Təlimlər zamanı iştirakçılara layihənin məqsədi, sorğu metodologiyası, müsahibə texnikaları, etik prinsiplər, eyni zamanda, məlumatların keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib. Təlimlərin əsas məqsədi sorğuçuların sahə işlərinə peşəkar hazırlığını təmin etməkdir.
Təlim mərhələsi başa çatdıqdan sonra ölkənin müxtəlif bölgələrində məcburi köçkünlərlə sorğular keçiriləcək və genişmiqyaslı məlumat toplanacaq. Toplanacaq məlumatların Böyük Qayıdış Proqramı çərçivəsində gələcək qərarların və proqramların hazırlanması üçün mühüm analitik baza rolunu oynayacağı gözlənilir.