COP29 Sədrliyinin təşkilatçılığı ilə BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum keçirilib. AZƏRTAC-ın məlumatına görə, forumda açılış nitqi ilə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, bu il COP29 sammitində tərəflər İkiillik Şəffaflıq Hesabatlarını təqdim edəcəklər.
Onun sözlərinə görə, İkiillik Şəffaflıq Hesabatları (BTR) və Genişləndirilmiş Şəffaflıq Çərçivəsi tərəqqi və etimadın yaradılması üçün çox vacibdir.
“Onlar həmçinin bizə boşluqları və maliyyə ehtiyaclarını müəyyən etməyə imkan verir. Bu, öz növbəsində iqlim maliyyəsini təmin etməyə və istiqamətləndirməyə kömək edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyinin sorğusuna əsasən, ilin sonuna kimi 100-dən çox ölkənin öz hesabatlarını təqdim edəcəyi gözlənilir. Bu, güclü irəliləyiş deməkdir. Azərbaycan hesabatını vaxtından əvvəl təqdim edəcək. Biz il ərzində şəffaflıq və BTR üzrə bacarıqların artırılması və təcrübə mübadiləsini dəstəkləmək üçün çalışmışıq. Biz Bakıda və bütün dünyada regional seminarlar da daxil olmaqla, bu mövzuda potensialın gücləndirilməsi üzrə bir sıra seminarlar keçiririk. Sentyabr ayında biz Bakı Qlobal İqlim Şəffaflığı Platformasını işə salmışıq. Şəffaflıq haqqında yeni bəyannamə qəbul etmək üçün COP29-da nazirlər səviyyəsində görüş keçirəcəyik. Biz bəyannamənin bu mövzuda irəliləyişə nail olmaq üçün ən yaxşı şəkildə necə formalaşdırmaq və tərtib etməklə bağlı tərəflərlə məsləhətləşirik”, - deyə COP29-un Prezidenti əlavə edib.
Daha sonra çıxış edən COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatını edib. O bildirib ki, platformanın əsas məqsədi bəzi dövlətlərə həmin hesabatları hazırlamaq istiqamətində texniki yardım verməkdir: “Bu vacib prosesdir. Ölkələrin əksəriyyəti bu hesabatları hazırlamaq üçün həm resurs baxımından həm də texniki əsasda ciddi imkanlara malik olmalıdırlar. Platformanın əsas məqsədi təlim vasitəsi ilə bu imkanı yaratmaqdır”. Yalçın Rəfiyev deyib ki, bu platforma yalnız COP29-la bitməyəcək.
Tədbirdə Qazaxıstan prezidentinin Beynəlxalq Ətraf Mühit Əməkdaşlığı üzrə xüsusi təmsilçisi Zulfiya Suleymanova, İtaliya Xarici İşlər Nazirliyinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Karvaro, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İqtisadi Yardım Komitəsinin sədri Karsten Staur, BMT Baş Katibinin köməkçisi İvana Jivkoviç, BMT Agentliklərinin təmsilçiləri, üzv ölkələrin nümyəndələri BTR-lərin vaxtında təqdim edilməsinin vacibliyi, bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparıblar.