Bəxtiyar Vahabzadə yaradıcılığındakı ölməz söz incilərinin, hikmətli deyimlərin, müdrik kəlamların hamısının dəyəri eyni deyil. Onların ən dəyərliləri təmiz aforizmlərdir. Xalq şairinin poeziyası bu cür aforizmlərlə olduqca zəngindir. Həm də bu aforizmlərin mövzu dairəsi çox genişdir: "Vətən uğrunda ölənlər ölümündən doğular", "Dərd çəkən ürəkdən dərd qaçaq deyil", "Hər kəsin vicdanı öz Allahıdır", "Sükansız gəmidir məsləksiz insan", "Zamandır hər fikrə yön verən ancaq", "İdrak cığırına düşəndən bəri, Çərçivə tanımır insan kamalı", "Qorxur cəsarətdən qorxu da şəksiz", "Yolu özü açan zirvədən keçər", "Hər kəsin günəşi qəlbindən doğur", "Piyadalar atlıya çata bilməz dünyada", "Sözlər ürəkdəki dağı əritməz", "Qorxunun arxasından gerçək boylana bilməz", "Qurban verə-verə oyanır millət", "Hər insan qəlbinin öz dünyası var", "Keflənə bilərmi gül öz ətrindən" və sairə. Bunlar elə cilalanmış, saflaşdırılmış aforizmlərdir ki, onların açıqlanmasına belə ehtiyac yoxdur.
Bəxtiyar Vahabzadənin şeirlərində, poema və dramlarında bəzən bir bəndə elə fikirlər yüklənir ki, misraların hamısı hikmətli deyimlərlə, aforizmlərlə yoğrulur. Sətirlər bir-birinə elə bağlanır ki, aforizm olsa belə, bir misranı da oradan qoparmağa adamın əli gəlmir. Belə bəndlər B.Vahabzadənin yaradıcılığında çoxdur:
Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam - əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Bunlar Bəxtiyar Vahabzadənin dillər əzbəri olan misralarıdır. Göründüyü kimi, onları bir-birindən ayırmaq mümkün deyil. Bənd bütövlükdə hikmətlərlə yoğrulub.
Bəzi şeirlərin bütün bəndləri bir-birindən ayrılıqda götürüldükdə belə, hikmətli deyimlərdən toxunmuş çələngə bənzəyir. Şairin "Qocalıq" rədifli qoşmasının dörd, "Ürəyində" rədifli qoşmasının iki bəndi hikmətlərlə yoğrulmuş gözəl poetik örnəklərdir. "Qocalıq" qoşmasının möhürbəndinə baxaq:
Zaman açılanı necə soldurur,
Dolunu boşaldır, boşu doldurur.
Bəxtiyar, cavanlıq yaradır, qurur,
Keçmişdən xatirə deyir qocalıq.
Bəxtiyar Vahabzadə filosof şairdir. Onun poeziyasının hikmətlərlə zənginliyinin iki qaynağı var. Birincisi, poetik istedadın böyüklüyüdür, ikincisi, şairin filosofluğudur. Həm də şair şeir yazanda filosofluq eləmir, bu filosofluq onun canından, qanından, ruhundan süzülüb misralara hopur. Bu qondarma yox, anadangəlmə filosofluqdur. Ona görə də Bəxtiyar Vahabzadənin bəzi şeirləri başdan-ayağa hikmətli deyimlərlə düzülüb-qoşulub. Onun onlarca bu cür şeiri var. Özü də maraqlıdır ki, bu şeirlərin çoxu ya qoşma, ya da gəraylı şəklindədir. Bu şeirlər ustadnamə təsiri bağışlayır. Onları ustadnamə adlandırsaq heç də yanılmarıq. Bütün misraları ustad dilindən çıxmış aforizmlərlə, hikmətli deyimlərlə, müdrik kəlamlarla, öyüd və nəsihətlərlə yoğrulmuş şeirlərin çoxluğu Bəxtiyar Vahabzadənin bir şair kimi qüdrətini və böyüklüyünü, onun poetik yaradıcılığa necə böyük məhəbbətlə və ustalıqla yanaşdığını aydın göstərir. "Hər əvvəlin bir sonu var" misrası ilə başlayan gəraylı, "Olur", "Gözündə", "Görüm", "Dünya" (onun "Dünya" rədifli üç şeiri var) rədifli qoşmalar belə söz-sənət inciləridir.
Bəxtiyar Vahabzadə Vətən və millət şairidir. Vətən və millət duyğuları, düşüncələri onun bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Bu, çox təbiidir. "Gülüstan" poeması onun ürəyinin pıçıltılarıydı. Ürək isə yalnız yaşadığı hissləri, duyğuları pıçıldaya bilər. Ona görə də "Gülüstan" poeması o dövrün gəncliyinin dilinin əzbərinə çevrilmişdi. Ayrı-ayrı şeirlərində "Vətən eşqi hər eşqdən əzəldir", "Vətən uğrunda ölənlər ölümündən doğular", "Ürək alışmasa, ürək yanmasa, İşıqsız qalacaq Vətən torpağı", "Sən özünün deyilsən, Vətən sənin deyilsə...", "Vətənin öz dili, öz tarixi var, Ölsün Vətəni tanımayanlar" deyən şairin Vətən sevgisinin böyüklüyünə və səmimiliyinə ona görə şübhə etmək olmaz ki, biz onu tanıyırdıq. Kim olduğunu bilirdik, hansı havayla nəfəs aldığına, hansı əqidəylə yaşadığına yaxşı bələdiydik. İçindəki sevginin gücünə baxın ki, Bəxtiyar Vahabzadə 20 Yanvarda elə o sevgi boyda nifrət və qəzəblə sovet generalının üzünə tüpürmüşdü. Çünki sovet generalı onun Vətənini işğal etmiş, yüzlərlə insanı qanına boyamış, doğma Bakısını və digər şəhərlərimizi qan gölünə döndərmişdi. Həmin anda gözünü qan örtmüş sovet generalı şairi heç nəyə baxmadan güllələyə bilərdi. Ancaq sovet generalına sözünü deyən Bəxtiyar Vahabzadənin bunları düşünməyə macalı yoxuydu. Bu macalı Vətən sevgisi və o sevginin şairin qəlbində yaratdığı düşmənə nifrət hissi onun əlindən almışdı. Bəxtiyar Vahabzadənin Vətən və millət haqqında şeirləri də, o şeirlərin bəndlərinə səpələnmiş aforizmləri də çoxdur. Onlardan iki bəndi diqqətə çatdırırıq:
Vətən ola bilməz hər qara torpaq,
Millət qərib olar özgə diyarda.
Millət öz yurdunda millətdir ancaq,
Millət zillət çəkər yurddan kənarda.
Əridər qəribi qürbət qar kimi,
Ondan nə ad qalar, nə nişan, nə iz.
Torpaqdan ayrılan ağaclar kimi,
Millət də quruyar köksüz, Vətənsiz.
Bəxtiyar Vahabzadə istiqlal şairidir, onun üçün Vətən, millət və azadlıq bir-birinə qırılmaz tellərlə bağlıdır. O, azad Vətənin, azad millətin sevdalısıdır. Hələ "Gülüstan" poemasını yazdığı gənclik illərindən ömrünün sonuna qədər bu amal uğrunda vuruşmuş, əqidəsindən, məsləkindən dönməmişdir. Qanlı 20 Yanvar faciəsi baş verən kimi ona "Şənbə gecəsinə aparan yol" poemasını yazdıran da içində fırtınalar qoparan azadlıq hissləri, duyğularıydı.
Bəxtiyar Vahabzadənin şair və vətəndaş kimi böyüklüyü ondadır ki, onun hissləri, duyğuları, düşüncələri, hətta sevgisi, nifrəti, qəzəbi də kölələşmədi, kütləşmədi. Əksinə, bunlar Vətənimizi qəfəsdə saxlayan daşlara dəydikcə daha da sərtləşdi, kəskinləşdi, itiləşdi. Şair ruhən həmişə azad yaşadı. Bu fikirlər adamı yerindən oynadır. Bəxtiyar Vahabzadəyə görə, "Azadlıq cəsarət, azadlıq hünər", "Azadlıq səadət, azadlıq bahar" deməkdir. Azadlığı olmayan millətin hünəri, cəsarəti, səadəti və baharı əlindən alınmışdır. Onun əlindən alınan təkcə bunlar deyil. B.Vahabzadə inanır ki, "Azadlıq səadətdir hər bir millətə", "Azadlıq qanaddır eşqə, niyyətə". Bir də ona inanır ki, "Azadlıq olmayan məmləkətdə nadan başda gəzər, aqil ayaqda". Bu misraların hamısı hikmətli deyimlərdir.
Sevgi, məhəbbət poeziyanın əzəli və əbədi mövzularından biridir. Sevgi, məhəbbət yalnız ikicə söz deyil. Bu iki sözün arxasından sevinc, vüsal, həsrət, ayrılıq, səadət, kədər, qəm, dərd kimi insanlıq duyğuları boy göstərir. Mən burada "insanlıq" sözünü elə-belə işlətmədim. Sevmək özü insanlıq deməkdir. Ürəyində sevgi olmayana insan demək mümkün deyil, çünki sevən ürəklər həm də işıqla dolu olur. Onlarda qaranlıq yuva qura bilmir. Bəxtiyar Vahabzadə də çox gözəl duyub və deyib: "Sevə bilirəmsə əgər ürəkdən, Dünyanın ən gözəl adamıyam mən". Bəxtiyar Vahabzadənin poetik yaradıcılığında sevgi, məhəbbət, vüsal, səadət, həsrət, ayrılıq, kədər, qəm duyğularından toxunmuş xeyli aforizmlər, hikmətli deyimlər var: "İşıqla doludur sevən könüllər", "Sevginin sərhədi sevgidir yenə", "Eşq sözü sözlərin sultanıdır, tacıdır", "Eşq - həyat ağacıdır", "Məhəbbət ölçüyə, həddə sığarmı?!", "Eşq -həsrətin anası, Həsrət - aşiqə ustad", "Səadət üfüqmüş, əl çatmaz ona", "Eşqdən qüdrətli dünyada nə var, Məhəbbət yeri də göyə qaldırar", "Böyük qəmin, böyük dərdin Vüqarı da böyük olur" və s.
Ağıl, kamal, bilik, düşüncə, azadfikirlilik Tanrının insanlara verdiyi ən gözəl duyğulardı. İnsanı azadlığa və insanlığa içindəki bu duyğular qanadlandırır və qovuşdurur. Bu duyğular içində od püskürməyən, fırtına, tufan qoparmayan bir xalq, millət heç vaxt əsirlikdən, köləlikdən, başqalarının asılılığından qurtarmağa can atmaz. Boynundakı köləlik boyunduruğuna qızıl boyunbağı kimi baxar, onu öpər, sığallayar. Belə xalqın gələcəyi olmur. Bəxtiyar Vahabzadənin duyğuları, düşüncələri də məhz bu ovqat üstündə köklənib. "Fikir sığa bilməz hüduda, həddə, O zora baş əyməz, gücə əyilməz", "İnsan ağıllanınca addımbaşı səhv edər" və s. kimi aforizmlər, hikmətli deyimlər bu duyğular üstündə köklənmiş şair qəlbinin pıçıltılarıdır. Şair qışqırır ki, ağıllı və duyğulu adamlar eşitsinlər. Bunlar hər zaman, hər yerdə tapılan söz inciləri deyil. Ona görə hərəsinin bir xəzinə qədər dəyəri var. Ağılla qeyrətin birliyi, yəni ikisinin də bir adamda olmağı Bəxtiyar Vahabzadənin gözü ilə baxsaq, çox dəyərlidir və bəlkə də çoxları üçün əlçatmazdır. Ona görə də o, qeyrətli ağıla daha çox güvənir, qeyrətin ağıla yedək olmağını, onun dalınca sürünməyini istəmir:
Qoy ağıl qeyrətin getsin dalınca,
Qoy yedək olmasın ağıla qeyrət.
Ağlımız qeyrətdən geri qalınca,
Dönür əfsanəyə, nağıla qeyrət.
Bu misraları oxuyub dərinə getmədən, düşünmədən üstündən asanlıqla keçmək olar. Ancaq onda yanılarıq. Yalnız hissi, duyğusu olmayan adamlar belə eləyə bilərlər. Bunlar çox ağır məna tutumu olan misralardır. Bu poetik fikirlərin ağırlığını, sanbalını hiss eləmək, duymaq üçün onları bir neçə dəfə oxumaq lazımdır. Yalnız onda şairin nə demək istədiyini olduğu kimi tutmaq olar.
Özünü tanımaq, kim olduğunu bilmək həm hər bir insan, həm toplum, həm də millət üçün yaşamağın, var olmağın, həyatda aldanmamağın birinci şərtidir. Özünü tanımaq, hər şeydən öncə, özünə güvənmək deməkdir. İçində bu güvənci olmayan insanın varlığı, yoxluğu bilinməz. Çünki özünə güvənmə yaşamaq üçün lazım olan mənəvi gücün, fiziki qüvvənin ilkin qaynağıdır. Özünü tanıyan və özünə güvənən insanlar arasında şairlər birinci yerdə durur. Mən şair deyəndə şeir yazanların hamısını nəzərdə tutmuram. Yüz şeir yazandan biri şairdisə, bu böyük şeydi. B.Vahabzadəyə görə də xalqı, milləti yaşadan, ayaqda saxlayan, ruhunu ovxardan düşməyə, korşalmağa, ölməyə qoymayan elə şairlərdi. O ürəklə deyirdi:
Bir xalqın sağlığı - şairlərinin
Alışıb yandığı oda borcludur.
Onun inamına görə, xalqı xalq eləyən də şairlərdir. Mən də bu fikirdəyəm. Bizim xalq ən çox şairlərin sözünə inanır. Bizim xalqı daim ayaqda saxlayan, ruhunu ovxardan düşməyə qoymayan, qeyrətini cilalayan, daxili aləmini ölməkdən qoruyan şairlərimiz və şeirlərimiz olub. Bu gerçəyə və inama tarix özü dönə-dönə möhür vurmuşdur:
Şair - od qaynağı, şeir - güllədir,
Barıtsız şeirə şeir deyilməz.
Şairi olmayan bir xalq - kütlədir,
Amalsız bir kütlə xalq ola bilməz.
Vicdan, məslək, əqidə, amal insana verilən ən ülvi, ən saf, uca duyğulardır. Böyük şair Səməd Vurğun deyirdi: "Vicdan dedikləri bir həqiqətdir, Beşiyi, məzarı əbədiyyətdir". Bəxtiyar Vahabzadə də məslək, amal şairi idi. Onun vicdan, əqidə və amal haqqındakı aforizmləri, hikmətli deyimləri şairin bu duyğularla döyünən qəlbində bitmiş vicdan ağacının meyvələridir. "Sükansız gəmidir məsləksiz insan". Nə gözəl aforizmdir. Demək, məsləyi hər bir insanın sükanıdır. Yaxud: "Hər kəsin vicdanı öz Allahıdır". Doğrudan da, belədir. Tanrısını tanımayan adamda vicdan olmaz. Vicdanı olmayan adam da Tanrısını tanımaz. "Təməli vicdandır hər ülviyyətin". Vicdanı olmayan adam göylərə ucala bilməz. İnsanı ucaldan onun vicdanıdır. Bəxtiyar Vahabzadə ömrü üzüyə, məsləyi üzük qaşına bənzədir:
Məslək! Amal!
Əsl insanın yol yoldaşı!
Ömür - üzük, məslək isə - üzük qaşı.
Hər üzüyün qaşındadır öz dəyəri,
İnsanın da məsləkidir düz dəyəri!
Bəxtiyar Vahabzadə zamanla nəinki barışmayan, hətta ona qarşı açıq-aşkar üsyan eləyən şairdi. Bu, dalğalar kimi şahə qalxıb onun içini çalxalayan sözün, şeirin, ilhamın, qeyrətin görüntüsüdür. Onun bir çox şeirlərinin mayası zamana qarşı üsyanla yoğrulub. Bu maya göydən düşməyib. O, şairin canından, qanından, ruhundan süzülərək misralara hopub. Şair heç vaxt zamanın çərçivəsinə sığmayıb. Zaman onu öz qəfəsinə sala bilməyib. Şair zamanı qansız hökmdar adlandırır: "Bu qansız hökmdar, bu qansız zaman". Sonra da yazır: "Əbədiyyət olan amansız zaman Varı yox eləyir zaman içində". Bəs görəsən şair zamana qarşı niyə belə qəzəblidir? Çünki onun gördüyü zaman "yalanlara baş əyənlərin, insafa, mürvətə yox deyənlərin, haqlının haqqını çeynəyənlərin, haqqa, həqiqətə göz yumanların" zamanıdır. Çünki bu zamanda:
Qaranlıq-işıqçün yananın payı,
İşıqsa-işıqçün yanmayanındır.
Bu qəzəbdən Mirzə Ələkbər Sabirdə, Səməd Vurğunda yoxuydumu?! Onlar da zamanı qamçılamırdılarmı?! İçində bu qəzəb olmayana şair deyilməsin gərək!
Bəxtiyar Vahabzadənin insan, həyat, doğum, ölüm, cəsarət, ehtiyat, qorxaqlıq, mərdlik, namərdlik, şübhə, həqiqət, ləyaqət, yaltaqlıq, soyuqqanlılıq, biganəlik, iblis, şeytan haqqında da bir-birindən gözəl aforizmləri, hikmətli deyimləri var.
Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı elə zəngin xəzinədir ki, adam onun haqqında danışdıqca danışmaq, yazdıqca yazmaq istəyir.
Dil açanda ilk dəfə ana söyləyərik biz,
"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqıının aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım, sanımsan,
Namusum, vicdanımsan.
Millətlərə, xalqlara xalqımızın adından
Məhəbbət dastanları yaradıldı bu dildə.
Moskvada Puşkinə heykəl qoyulan zaman,
Ona abidə qoydu bu dildə Şirvani də.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.
BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!..
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi?
Birgünlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?..
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.
GECƏLƏR, AY GECƏLƏR
Tellərini dolayır boynuma ay, gecələr,
Mənim sirdaşımsınız, gecələr, ay gecələr!
Ürəyimdə səhərin ulu həsrəti varmış...
İntizar anlarında gecə uzun olarmış...
Quştək uçur xəyalım hardan hara gecələr.
Mən həsəd aparıram yatanlara gecələr!
Baxıram pəncərədən boylanan ulduzlara
Dərdimin əllərilə yuxum çəkilir dara.
BİRİ SƏNSƏN, BİRİ MƏN
Bir bulağın iki gözü, -
Biri sənsən, biri mən.
Bir almanın iki üzü, -
Biri sənsən, biri mən.
Qoşa simin titrəməsi, -
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi, -
Biri sənsən, biri mən.
Açıq səma, göy qurşağı, -
Biri sənsən, biri mən.
Dan ulduzu, səhər çağı, -
Biri sənsən, biri mən.
Bu həyat da iki rəngdir, -
Biri sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.
Bu dünyaya biz gələli
Həm qəmik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm,
Gözəldir qəmdə sevinc.
İslam SADIQ,
şair, filologiya elmləri doktoru