18 Aprel 2025 08:35
699
CƏMİYYƏT
A- A+
Başlıbel qətliamının 8 yaşlı şahidi

Başlıbel qətliamının 8 yaşlı şahidi


Tacirə ƏLƏSGƏROVA: "32 il əvvəlin 18 aprel günü kahalarda müsibət yaşadıq, ölümün nəfəsini mən də üzümdə hiss etdim"


O gün 11 yaşlı Zövqiyyə ilə 8 yaşlı Tacirə səhər tezdən ailələri ilə birgə sığındıqları dar, qaranlıq kahalardan oyuncaqlarını və gəlinciklərini də götürüb oynadıqları yerə tələsmişdilər. Həmişəki kimi, bir qayanın dibində gizlənib düşmən eşitməsin deyə sakitcə oynamağa başlamışdılar...

Saatlar keçdikcə başları oyunlarına elə qarışmışdı ki, düşmən qorxusu da tamamilə onların yadından çıxmışdı, ta ki bacı-qardaşları gəlib onları analarının çağırdığını deyənə qədər...  

Zövqiyyə də, Tacirə də nahar etdikdən sonra yenidən görüşüb oynamaq qərarına gəlmişdilər. Az sonra amansız taleyin onlar üçün ən dəhşətli həyat oyununu oynayacağından, yollarını ömürlük ayıracağından, bir qızcığazın digərinin gözləri önündə qətlə yetiriləcəyindən xəbərsiz idilər...

1993-cü il aprelin 18-i Başlıbel qırğınının yaşandığı o məşum gün idi... 


Müsibət günü


"32 il əvvəlin 18 aprel günü kahalarda müsibət yaşadıq. Nə yaşım var idi ki... Cəmi 8 yaşımda ölüm nəfəsini mən də üzümdə hiss etdim. Erməni işğalı nəticəsində mühasirədə qalaraq Başlıbeldə kahalara sığınan, içərisində ailə üzvlərimin də olduğu insanların tuş gəldikləri faciəvi taleyə dəhşətlə şahid oldum. Günahsız, əliyalın insanlar qətl edildi, yaralanan, girov götürülən qız-gəlinlərin, uşaqların, qocaların çarəsiz ah-nalələri dağı-daşı bürüdü... Cəmi yarım saat əvvəl bir yerdə oyun oynadığım Zövqiyyənin gözlərim önündə öldürülməsi isə məni iliklərimə qədər sarsıtdı..."

Uşaq yaşındaykən 113 gün düşmən mühasirəsində qalan, düz 3 ay  boyu erməni vəhşiliklərinə şahidlik edən, aprelin 18-i günü kahalarda yaşanan qırğında, eləcə də sonra dəfələrlə ölümlə üz-üzə gələn Tacirə Ələsgərova o faciəvi günlərdə yaşadıqlarını "Qan yaddaşı" rubrikasında göz yaşları içərisində bir daha ağrı-acılarla xatırladı. 

1993-cü il aprelin 2-də Kəlbəcər işğal olunanda bəzi ucqar kəndlərin, o cümlədən də Başlıbelin sakinlərinin bir çoxu rayonu tərk etməyə macal tapa bilməmişdi. Həmin vaxt mühasirədə qalan və kəndin üst tərəfində yerləşən kahalara sığınan əsgər və mülki şəxslərdən ibarət 62 nəfərin içərisində yeddi nəfərlik Ələsgərovlar ailəsi də olur: baba Ələsgər, ata Ələkbər, ana Sərmayə, övladları Habil, Rüstəm, Samirə və Tacirə.

Başlıbel qətliamının 8 yaşlı şahidi Tacirə Ələsgərova danışır ki, aprelin 4-də mühasirədəkilər yaşlıları, uşaqları kəndin başındakı ucqar evlərə daşıyır və gecəni burada keçirərək səhərə qədər növbə ilə keşik çəkirdilər. Səhəri gün kəndi yenidən silah səsləri başına götürmüş və buna görə də onlar Qalaça deyilən yerə çəkilmişlər. Daha sonra vəziyyətin getdikcə ağırlaşdığını görən mühasirədəkilər Şırran kahasına yığışıblar. Aprelin 18-də isə kəndə içərisində erməni hərbçiləri olan 2 Ural gəlir. 

- Həmin gün günortaya yaxın rəhmətlik anam Sərmayə əsgərlərin kahasında çörək bişirirdi. O, mənə bir neçə çörək verdi ki, bizim qaldığımız kahaya aparıb atamgilə çatdırım. Zövqiyyəgil, eləcə də yaşlı qadınlar da həmin kahada idi. Ancaq gələndə gördüm ki, kahada ancaq atam Ələkbər, bir də Məzahir adlı əsgərdən başqa heç kim yoxdur. Öyrəndim ki, onlar buradan bir az  aşağıdakı kahaya yığışıblar. Həmin vaxt atam dedi ki, hamıya xəbər edin heç kim kahadan çölə çıxmasın. Səhərdən erməniləri izləyirdik, gördük ki, onlar yığıb apardıqları mal-qaranı geri qaytardılar və kəndə hərbçi gətirdilər. Elə bu ərəfədə qaldığımız kahaya bizimlə mühasirədə olan bir neçə hərbçi və mülki şəxs gəldi. Kahadan baxanda gördülər ki, onlara tərəf "Niva" maşını gəlir. Az sonra iki erməni hərbçi maşından düşüb qənşərdən kahanı atəşə tutmağa başladı. Atılan güllələrdən biri atamın sinəsini sıyırıb keçdi. Mən qolumdan yaralandım və qorxu ilə qışqırdım ki, "ata, məni vurdular". Ancaq baxdılar ki, güllə qolumu sıyırıb keçib, yaram ağır deyil. Məni yorğan-döşəyin arxasında gizlətdilər. Bu əsnada kahada bizimlə birlikdə olan əsgər və kənd sakinləri çıxıb qaça bildilər, amma atam, mən və Məzahir buna macal tapmadıq. Ermənilər kahaları xeyli gülləbaran etdikdən sonra bir qədər ara səngidi. Demə, düşmən bizi mühasirəyə alırmış. 


"Ata, birinci məni öldür, girov vermə..."


Onlar əvvəlcə Zövqiyyəgilin yaşadığı kahaya gəldilər. Bu an həmin kahada elə bir qışqırtı qopdu ki, elə bil qiyamət idi... Ermənilər orada Zövqiyyə ilə anasını şəhid etdilər, insanları girov götürməyə başladılar...

Bu vaxt Məzahir qumbaranı əlinə götürüb dedi ki, "özümü öldürəcəm, amma əsir düşməyəcəm". Avtomatını isə atama verdi. Girov düşmək qorxusuna görə tez yükün arxasından çıxıb dedim ki, "ata, birinci məni öldür, amma girov vermə". Atamın əlləri əsdi, silah yerə düşdü... Bunu görən Məzahir dedi ki, "durun burada, Allah böyükdür, görək nə olur. Görsəm içəri girib bizi tapdılar, qumbaranı partladacam, onlar da, biz də ölək". 

Ermənilər bizim gizləndiyimiz kahanın ağzına çatanda başladılar çığırmağa ki, çıxın çölə, bilirik ki, buradasınız. Onlar əvvəlcə içəri qumbara, güllə atdılar. Cəsarət edib özləri girə bilmədikləri üçün Yaqub əmini zorla kahaya saldılar ki, get oradakıları çıxart. O içəri girib geriyə qayıtdı və dedi ki, burada heç kim yoxdur. İnanmadılar və hədələyib onu bir də içəri girməyə məcbur etdilər. Bu vaxt bir erməni də Yaqub əminin arxasınca gizlənə-gizlənə gəlirdi. Artıq hava qaralırdı, biz də gizlənmişdik deyə Yaqub əmi kahanın ortasına qədər gəlib geri qayıtdı ki, "görürsünüz, burada heç kim yoxdur". Bu zaman ona dedilər ki, əlindəki nədir? Cavab verdi ki, "Quran". Elə bu sözü deyən kimi Yaqub əmini güllələdilər. 

Bayırda qışqırışma, ağlaşma səsi dünyanı başına götürmüşdü. Babamın, anamın, bacımın, qardaşlarımın halının necə olduğunu bilmirdik... 

Görməsək də eşidirdik ki, ermənilər kahadan çıxardıqları insanları ya öldürür, ya da aparıb aşağıda çayın qırağına yığıb işgəncə verirlər. 

Düz gecə saat 12-yə qədər kahalardan adamları tapıb güllələdilər. Kənd sakini Gülgəz nənədən kahalardan birini göstərib soruşdular ki, burada kimsə var? O dedi ki, yox. Amma onlar kahadan 70 yaşlı Hüseyn kişini (II Dünya müharibəsi veteranı idi, qoltuqağacları ilə yeriyirdi) tapıb sürüyərək çölə çıxartdılar. Gülgəz nənəni elə orda oturduğu daşın üstündə güllələdilər. Hüseyn kişini isə aparıb kənddə diri-diri yandırmışdılar. 

Gecə saat 2 radələrində girovların ağlaşmasından, maşın səsindən bildik ki, onları yığıb aparırlar. Bir xeyli də gözlədikdən sonra yavaşca kahadan çıxıb baxdıq ki, bayırda qar-çovğun başlayıb. Bu çovğunda dizə çıxan qarı yara-yara, buz kimi çaydan keçərək buradan çox uzaqda olan Nəbi kahasına getdik.

Anamgilin və digərlərinin başlarına nə gəldiyindən xəbərsiz idik. Bilmirdik ki, onları öldürüblər, yoxsa girov götürüblər. Səhəri günü Xasay əmi, atam, bir də əsgər Ədalət Şırran kahasına qayıtdılar ki, görsünlər camaatın başına nə gəlib. 

Atamgil yolda babam Ələsgərə rast gəlib mən olduğum kahaya göndərmişdilər. O,  düşməndən qaçıb gizlənə bilmişdi. Daha sonra atamgil gedib görmüşdülər ki, Xasay əminin ailə üzvləri - atası, qardaşları, bacısı öldürülüb. Anası, həyat yoldaşı və iki azyaşlı övladı, həmçinin anam, qardaşlarım və bacım ölənlərin arasında yoxdur. Düşünüblər ki, yəqin onları da girov götürüblər.

Bir gün sonra isə yenidən Şırran kahasına gələndə görürlər ki, Hümbət həkimin həyat yoldaşı Çiçəyin meyiti ölənlərin arasında yoxdur. Sonra baxıblar ki, kimsə onu dəfn edib... 


Məşum 18 aprelin 18 qurbanı


Kahalarda yaşanan həmin qətliam günü atılan güllələr Tacirənin anası Sərmayənin qollarını yaralayır. Düşmən onu və üç övladını - Habili, Rüstəmi, Samirəni kahadan çıxarıb çayın kənarındakı girovlara qatır. Həmin vaxt havanın qaralmasından istifadə edən Habil ana və bacı-qardaşını götürüb qaçmağı planlaşdırır. O, qonşuları Xasayın həyat yoldaşı Nərgizi də iki azyaşlı övladı Elmidar və Şəhriyarla (körpə də o zaman iki qolundan yaralı olur) birgə qaçmağa razı salır. Düşmənin başı digər girovları gətirməyə qarışanda fürsət tapıb onlar sərt bir yoxuşdan çıxıb qaça bilirlər. Möcüzə olur və arxadan yağdırlan düşmən güllələri onlara dəymir. Güc-bəla ilə gəlib Qara kahaya çıxan Habilgili düşmən çox axtarsa da, gecə dağlarda qopan çovğun onları qoruyur. Ümumiyyətlə, kahada mühasirədə qalan digərlərinin də həyatını elə bu çovğun xilas edir. Erməni hərbçilər soyuq havada dayana bilməyərək çıxıb gedir, ölməkdən, girov düşməkdən son anda qurtulan kahadakıların da hərəsi bir yana dağılır.

Təkcə aprelin 18-də qatil ermənilər kahalara sığınmış 18 nəfəri qətlə yetirmiş, 14 nəfəri girov aparmışdılar.

Sonrakı günlərdə Habilgil kahadan qaçaraq müxtəlif yerlərə səpələnmiş sakinlərlə, əsgərlərlə yenidən birləşib Qaraçanlı kəndində bir evə yığışırlar. 

14 yaşı olanda 6 nəfəri girov düşməkdən qurtaran Habil o məşum günlərlə bağlı xatirələrində danışıb ki, Qaraçanlıda da Zar kəndindən haradasa 40 nəfərə yaxın qalanlar olub. 

Habil Hümmət, İsmət və Qəzənfər adlı sakinlərlə birgə Başlıbelə qayıdıb atışma olan kahaya gəlir. O keşik çəkir, Hümmət həkim həyat yoldaşı Çiçəyi dəfn edir. Sonradan digər Başlıbel şəhidləri də elə orada dəfn edilir.

Onlar Qaraçanlıya qayıdıb bir müddət burada qalmağı planlaşdırsalar da, aprelin 23-də ermənilər burada da onların izlərini tapır. Habilgil çarəsiz qalıb yenidən Başlıbelə qayıdırlar.

 

Çörəklərin üstünə şəhid olan, yaralanan insanların qanı çilənmişdi... 


Tacirə danışır ki, hər gün Nəbi kahasında həyəcanla, təşvişlə atasını gözləyir, anasıgildən bir xəbər alınması üçün Allaha yalvarırmış: 

- Bir gün gördüm ki, çırpınan, başını daşlara vura-vura hönkürən Xasay əminin bir qolundan atam, bir qolundan əsgər Ədalət tutub gətirir. O, ailə üzvlərinin qətlə yetirildiyini gedib görmüşdü... 

Atamgil aprelin 18-də anamın bişirdiyi çörəklərdən də üçünü götürüb gətirmişdilər ki, heç olmasa mən yeyim, acından ölməyim. Amma o çörəklər yeyiləsi deyildi, çünki şəhid olan, yaralanan insanların qanı çilənmişdi onların üzərinə... 

Aprelin 25-də gördük ki, dörd nəfər kahaya tərəf gəlir, əvvəl elə bildik ki, ermənilərdir. Yaxınlaşanda bunların qardaşım Habil, əsgərlər Müzahim, Rüstəm, Mahir olduqlarını gördük. Qardaşım anamgilin də sağ olduğu xəbərini verəndə elə bildim ki, yenidən bu dünyaya gəldim, mühasirədə olduğumuz, yaşadığımız faciələr bir anlıq da olsa, yadımdan çıxdı... 

Günlərlə Müzahim yaralı anamı çiynində daşıyıb hara getsələr aparmış və demişdi ki, bu qadın 18 gün bu əlləri ilə mənə çörək bişirib, onu qoyub heç hara getmərəm.

Həmin gündən hamımız Nəbi  kahasına yığışdıq. Qardaşımgil təhlükəli də olsa, gecələr kəndə gedib ərzaq, əsasən də quyulardan kartof gətirirdilər. O zaman Hümmət həkim otla-çiçəklə, heyvan dərisi ilə müalicə edərək anamın, Şəhriyarın qolunu sağaltdı, eləcə də digər yaralılara kömək etdi.

Aprel 18-də kahadakı qırğın zamanı şəhid olanları yorğanlara büküb dəfn etdilər. 

Bir gün atamgil görüblər ki, üç nəfər vaxtilə kahalara yaşlıların daşındığı avtobusun yanında yerə, eyni zamanda bir kağıza nəsə yazıb maşının şüşəsinə yapışdırıb getdi. Onlar yazmışdılar ki, "İsmayıldır, bizi görmək istəsəniz Çovdar, Şahkərəm tərəfə gəlin". Elə bununla da gedib İsmayılgili tapmışdılar. Onlar demişdilər ki, mütləq mühasirədən çıxıb gedəcəklər. Bir müddət sonra bizim dəstədəki Qədim kişini də götürüb rayondan getmiş, bu barədə bizə qaldıqları yerdə yazı qoymuşdular. İyul ayında şərtləşdikləri kimi, radioda bir elan verərək (əslində, bu, bizim üçün parol idi) sağ-salamat mühasirədən çıxdıqlarını bildirdilər. Həmin xəbəri alanda necə sevindiyimizi indi təsvir etməkdə çətinlik çəkirəm... Təsəvvür edin ki, aylardır düşmən əhatəsində hər an təhlükədə, qorxu içərisində, ac-yalavac qalan insanlara işıq ucu boyda qurtuluş yolu görünmüşdü... 

Amma yola çıxmağa hazırlaşanda babam Ələsgərə nə qədər ağlayıb yalvarsaq da o, "Mən torpağımı tərk edib heç yerə getməyəcəm", - dedi. Düz iki gün babamı bizimlə gəlməyə razı sala bilmədik. 

Çar-naçar babamsız yola düşdük. Dörd gün, ancaq gecələr yol gəldik. Tərtər çayını ipin köməyi ilə Qılınclı kəndi ərazisindən keçdik. Yolda xeyli təhlükələrdən aşaraq birtəhər özümüzü Daşkəsənin Zivlən kəndinə çatdırdıq.


"Bir də Başlıbel azad olunanda sevinə bildim" 


Dəhşətli mühasirə həyatları bitdikdən sonra Ələsgərovlar ailəsi Yevlax rayonunun Tanrıqulular kəndinin idarəsində qapısız, pəncərəsiz bir otağa yığışırlar. Burada da çox çətin günlər yaşayırlar. 1993-cü ilin aprelindən tuş gəldikləri ağrı-acılar sonra da bu ailəni izləməkdə davam edir. Qol sümüyündə qəlpə qalan Sərmayə bir neçə il  bu əziyyətlə yaşayır, sonra qəlpə bədəninə sızır və nə qədər müalicə alsa da, çarəsi olmur. Sonda qəlpə ürəyinə getdiyinə görə dünyasını dəyişir.

- Uşaqlığından yazıb-yaradan atam Ələkbərə 1967-ci ildə Başlibel ağsaqqalları "Sönməz" ləqəbi veriblər. Atamın nə qədər əlyazması Başlıbeldə ermənilər evimizi yandıranda məhv olub. Köçkünlükdən sonra isə 7 kitabı işıq üzü görüb. Mühasirədə qaldığımız zaman atam Başlıbel faciəsi barədə poema yazıb.


...Zaman ağır gəldi, günümüz qara,

Heyf Çingiz, Surxay, o Aygün bala

Sinəsi dağlanmış Zibeydə ana

Boynunu burduğun gözümlə gördüm...


Üzərindən 32 il keçsə də, indi danışdıqca elə bilirəm apreldə Başlıbeldə düçar olduğumuz o faciəvi günləri yenidən yaşayıram. 

Bilirsiniz, babam Başlıbeldə qaldığı üçün heç mühasirədən çıxan zaman əməlli-başlı sevinə də bilməmişdim. Mən o sevinci  Kəlbəcər, Başlıbel işğaldan azad  olunanda yaşaya bildim yalnız... 

Torpaqlarımız azad olunduğuna görə həm də 1993-cü ildə Kəlbəcərin ulu dağlarına əmanət edib gəldiyimiz və onilliklər boyu taleyindən heç bir soraq ala bilmədiyimiz Ələsgər babamdan da bir iz, nişanə tapacaqdıq...

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!