Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 55 il keçir. Sovet Azərbaycanına 1969-1982-ci illərdə rəhbərlik etmiş, 1982-1987-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq dünyanın böyük dövlətlərindən olan Sovet İttifaqının rəhbərlərindən biri, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və 1993-2003-cü illərdə müstəqil Azərbaycanın Prezidenti olaraq Heydər Əliyevin fəaliyyəti mahiyyətcə dərin, miqyasına görə genişdir.
Konkret məkan və zaman daxilində fəaliyyət göstərən dövlət və siyasi xadimlərin fəaliyyətinə qiymət verərkən onların mövcud şəraitdə millətinin qarşısında dayanan vəzifələri necə həll etməsi və gördüyü işlərin faydalı olub-olmaması əsas götürülür. Elə isə Azərbaycan xalqının qarşısında dayanan başlıca problemlər nə olub? Onlar necə həll edilib? Həmin fəaliyyəti müstəqil Azərbaycan Respublikasının qurulmasına gətirən yol baxımından necə qiymətləndirmək olar?
Bunun üçün ilk növbədə tarixə nəzər salaq. Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edilib ilhaq olunduqdan sonra azərbaycanlıların başlıca problemləri dövlət hakimiyyət orqanlarına yaxın buraxılmamaları, daim sıxışdırılmaları, hərbi xidmətə çağırılmadıqlarından həm vergi vermələri, həm də özünümüdafiəni yadırğamaları və s. idi.
1918-ci ilin mayında müsəlman Şərqində bir ilkə imza ataraq respublika idarə üsulunda Xalq Cümhuriyyətini yaradan Azərbaycan xalqı həmin problemlərin aradan qaldırılması istiqamətində bəzi tədbirlər gördü. Milli hökumət, parlament, ordu quruldu və s. Lakin bu iş davamlı olmadı. Azərbaycan bolşeviklərin istilasına məruz qaldıqdan sonra milli dövlət süquta uğradı. Azərbaycan SSR yaradıldı. Müstəqil dövlətçiliyin atributlarının məhv edilməsinə başlandı.
1920, 30 və 40-cı illər sovet dövlət quruculuğu adı altında müstəqil dövlətçiliyin ləğv edilməsi, təbii sərvətlərin amansızlıqla talanaraq daşınıb aparılması, Azərbaycanın mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların məhv edilməsi, təqiblər və repressiyalar ilə yadda qaldı. Sovet dövləti azərbaycanlıları hərbi xidmətə çağırsa da, onlar əsasən tikinti işlərində xidmət edirdilər. Türk və müsəlman olduqlarından onlara etibar edilmirdi. Sovet lideri Stalinin ölümündən sonra ittifaqda nisbi yumşalma baş versə də, bundan milli məsələlərin həlli üçün bacarıqla istifadə olunmadı. Mərkəz Azərbaycanı cəzalandırmaq yolu tutdu. Yenidən milli ruhlu insanların sıxışdırılmasına başlanıldı.
1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan xalqının qarşısında dayanan problemlərin həlli üçün mühüm addımlar atıldı. Dahi şəxsiyyət, ilk növbədə, sovet sistemi şəraitində Azərbaycan barədə ittifaq mərkəzində mənfi rəy yaradan hallara son qoydu, hakimiyyətin qanadları arasında yekdillik yaratdı. Xalq ilə hakimiyyət arasında birlik quruldu, milli kadrların yerləşdirilməsinə üstünlük verildi, respublikada güclü hakimiyyət formalaşdırıldı. Ölkədə hakim millətin və digər slavyan xalqlarının nümayəndələri milli respublikalarda vəzifələrə daha çox gətirildiyi bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici tədqiqatçılar Heydər Əliyevin uğurlarının təməlində məhz bu amili dəyərləndirirlər.
Fabrik və zavodların tikilməsi nəticəsində kənd və rayonlardan gənclərin paytaxta gəlməsi ilə öz kökündən uzaqlaşan Bakı şəhərinə milli ruh gəldi. Xarici tarixçilərin yazdığı kimi, azərbaycanlılar XX əsrdə iki dəfə Bakıda başlarını dik tutaraq gəzmişdilər: birinci dəfə 1918-ci ilin sentyabr ayında Qafqaz İslam Ordusu tərəfindən şəhər azad edildikdən sonra; ikinci dəfə isə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-ci illərdə.
Heydər Əliyev azərbaycanlı hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirdi. İttifaq rəhbərlərinin müqavimətlərinə baxmayaraq, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açıldı. Həmin məktəbi bitirən zabitlər Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaradılan milli ordunun özəyini təşkil etdilər.
Hələ çarizm dövründə açılan, lakin azərbaycanlıların, demək olar ki, təhsil almadığı Xəzər Hərbi Dənizçilik Məktəbinə yerli gənclər göndərildi.
Gələcək dövlət müstəqilliyinin maddi təməlləri olan ərazinin qorunmasına və demoqrafik inkişafa xüsusi diqqət yetirildi. İstiqlal üçün lazım olan maddi təməllər sovet sistemi daxilində formalaşdırıldı. Azərbaycan ərazisindən qonşu respublikalara pay verilmədi. Əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı, bu isə demoqrafik inkişafa ciddi təsir etdi.
Heydər Əliyev gələcək müstəqillik üçün zəruri olan mədəni, mənəvi amillərin formalaşması üçün bütün addımları atdı. Azərbaycanın istiqlal fikri azərbaycanlı maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapdı. İstiqlal məfkurəsini əsər və düşüncələrində gəzdirdikləri üçün əvvəlki illərdə daim təqib olunmuş alim, şair, yazıçı və jurnalistlər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra azad nəfəs aldılar. Belə şəxsləri mərkəzin çənginə verməyən Heydər Əliyev bəzən yüngülcə tənqid etsə də, az sonra onları yüksək fəxri adlarla təltif etdi və vəzifələrə yüksəltməklə qorudu, toxunulmaz etdi. O, şair və yazıçıları bölünmüş Azərbaycan idealından yazmağa və təbliğinə yönəltdi. Xarici tədqiqatçılar yazırlar ki, şair və yazıçıların əsərlərində Azərbaycan xalqını düşündürən problemin həll olunması ideyası Mərkəzi Komitənin birinci katibinin kabinetinin açılmış pəncərələrindən yayılırdı.
Heydər Əliyev millətin varlığı olan Azərbaycan dilinə dair tədqiqatların aparılmasını təşviq edir, həmin sahənin görkəmli alimlərinə dövlət mükafatlarını verirdi. Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycan dilinə həsr edilmiş əsərə Dövlət mükafatı verildi. O, şair və yazıçıları dilin saflığını qorumağa çağırırdı. Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutan və əbədiləşdirən Heydər Əliyevin sovet dövründə hamının ümumi vətəni hesab edilən SSRİ-nin bir guşəsindən - uzaq Sibirdən böyük mütəfəkkir Hüseyn Cavidin məzarının Bakıya deyil, doğulduğu Naxçıvana köçürməsinin dərin mənası var idi. O, Azərbaycanın bir guşəsini ümumi, kosmopolit vətəndən üstün tutur, birinci yerə respublikasını qoyurdu. Qəddar Stalin repressiyasına məruz qalmış Hüseyn Cavidin məzarının köçürülməsi təkcə tarixi ədəbi irsin mühafizəsinə göstərilən qayğı deyil, şair, yazıçı, jurnalist və alimlərin heç nədən çəkinməməsinə, yazıb-yaratmasına bir işarə idi.
Müxətlif səbəblərdən tarixin müəyyən dövrlərində dünyaya yayılan azərbaycanlıların birliyinin qurulmasını zəruri hesab edən Ümummilli Lider bundan ötrü mərkəzə dəfələrlə müraciət etsə də, SSRİ Xarici İşlər Nazirliyi və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi arasında yaranmış fikir ayrılığı səbəbindən onu gerçəkləşdirmək mümkün olmadı. Buna baxmayaraq, respublika Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin tərkibində Xaricdə yaşayan azərbaycanlılarla əlaqələr şöbəsi quruldu. Bir neçə il sonra Moskvada işləyərkən Vətən Cəmiyyəti, dövlət müstəqilliyi illərində Azərbaycanda ikinci dəfə hakimiyyətdə olduğu illərdə isə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaratdı.
Heydər Əliyevin 1982-ci ilin sonlarında Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi bir tərəfdən, dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana hərbi müdaxilədən sonra ölkə rəhbərliyinin müsəlman dünyasında itirilmiş sovet nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idisə, digər tərəfdən, xarici ölkələrdə nəşr edilmiş əsərlərdə yazıldığı kimi, onun Azərbaycandan uzaqlaşdırılması, ittifaq mərkəzində daha yaxın nəzarət altında saxlanılması ilə əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə hazırlanıb, yalnız onun formal elan edilməsi qalır.
Heydər Əliyevdən sonra respublikada hakimiyyətə gələn rəhbərlər Azərbaycanın gücləndirilməsi xəttini davam etdirə bilmədilər. Azərbaycan geriyə getdi. Türk, müsəlman respublikalarının Leonid Brejnev dövründə kifayət qədər irəli getdikləri, dövlət müstəqilliklərini elan etməyə hazır olduqları qənaətində olan Mixail Qorbaçov SSRİ rəhbərliyində olan türk dövlət xadimlərinə etinasızlıq göstərərək onları vəzifələrindən uzaqlaşdırdı, xalqlarını cəzalandırmaq yolunu tutdu. Heydər Əliyev vəzifədən getdikdən sonra Azərbaycan ağır günlərə düşdü. Ermənistan əsassız ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə kobud müdaxilə etməyə, az sonra silahlı münaqişəyə, hərbi təcavüzə başladı...
Hələ Kommunist Partiyasının, sovet sisteminin mövcud olmasına baxmayaraq, Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiya iclasında ağsaqqal deputat olaraq Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın adından "Sovet Sosialist" ifadələri çıxarıldı, SSRİ-nin düşmən saydığı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanın dövlət bayrağı olaraq qəbul edildi. Cümhuriyyət atributlarını qəbul etmək barədə Azərbaycan SSR Ali Soveti qarşısında məsələ qaldırıldı. Ali Sovetin sessiya iclaslarındakı bütün çıxışlarında Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin tərəfdarı olduğunu, ideologiyanın, sistemin fövqündə dayandığını göstərdi. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına səs verdi. Beləliklə, dövlət müstəqilliyinin bərpası təsadüfi olmadı. Sonralar Heydər Əliyev çıxışlarının birində deyirdi: "Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".
Bu gün isə Azərbaycan dövləti və xalqı Heydər Əliyev siyasi kursunun davamçısı, Ulu Öndərin ənənələrinə sadiq olan Prezident İlham Əliyevin rəhbərliyi altında ən güclü dövrünü yaşayır.
Musa QASIMLI,
Milli Məclisin deputatı