İrəvan anklavlar da daxil bütün öhdəliklərini yerinə yetirməyə məcburdur
Regionda formalaşan yeni hərbi-siyasi reallıqlar Ermənistan rəhbərliyini uzun illər boyu davam edən illüziyalardan, puç xəyallardan imtina etməyə məcbur buraxdı. Nəticədə rəsmi İrəvan Bakının sülh gündəliyinin alternativinin olmadığını qəbul etdi. Bu baxımdan Ermənistan baş naziri Nikol Paşinyanın son günlərdə anklav kəndlərimiz - Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı ilə bağlı açıqlamaları, bu kəndlərin geri qaytarılmasının zərurətindən danışması Ermənistan rəhbərliyinin xoş məramı yox, Bakının yaratdığı məcburedici reallıqların nəticəsidir.
Azərbaycan Ermənistanı addım-addım sülhə məcbur edir. Nikol Paşinyan anlayır ki, Bakının şərtlərinin qəbul edilməməsi, prosesin bəhanələrlə yubadılması, yenidən revanşizmə qapılmaq Ermənistan üçün fəlakətli aqibət deməkdir. Məhz bu səbəbdən baş nazir erməni toplumuna dəyişməz reallığı izah etməyə çalışır, onları revanşist müxalifətə, kilsə və kənar güclərin təbliğatına inanmamağa səsləyir. İrəvan hökuməti fərqindədir ki, yekun sülh və sərhədlərin dəqiqləşdirilməsi ilk növbədə dövlətçilik böhranı yaşayan Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.
Baş nazirin anklavlar məsələsini mütəmadi gündəmə daşıması Ermənistanın bir ölkə kimi mövcudluğunu qorumaq və beynəlxalq müstəvidə sərhədlərinin tanınmasına nail olmaq cəhdləridir. Ona görə də Paşinyan açıq şəkildə bildirir ki, Azərbaycanın suveren torpaqlarını işğal altında saxlamaq Ermənistanın təhlükəsizliyinə xidmət etmir, əksinə, ölkəni zərbə altında qoyur: "Ermənistan özünün suveren ərazisinin olduğunu bəyan edirsə və paralel olaraq başqasının torpağını əlavə etməyi düşünürsə, beynəlxalq legitimlik çərçivəsindən kənara çıxır və qarşı tərəfə özünə qarşı hərəkətlər həyata keçirmək üçün əsaslar yaradır".
Bu fikirlər göstərir ki, İrəvan hökuməti Azərbaycanın gücü və beynəlxalq legitimliyi qarşısında başqa yolunun olmadığını, ordunun yalnız öz hüquqi sərhədləri çərçivəsində qala biləcəyini qəbul etmək məcburiyyətindədir. Başqasının torpağına göz dikmək Azərbaycanın öz hüquqlarını bərpa etməsi üçün növbəti dəfə tam legitim və əzici addımlar atmasına şərait yaradır.
Paşinyan bu riskin nə demək olduğunu yaxşı bilir və 1991-ci il Almatı Bəyannaməsini və ölkəsinin daxili qanunvericiliyini əsas gətirərək, Ermənistan SSR-in 29 743 kvadratkilometrlik ərazisini xatırladır. O, Kərki və digər anklavların bu əraziyə aid olmadığını etiraf edərək məsələni belə əsaslandırır: "Kərki ilə bağlı söhbətlər də bununla əlaqəlidir. Biz deyirik ki, Almatı Bəyannaməsi delimitasiya və demarkasiya məsələsində fundamental prinsipdir. Bu, Ermənistan ərazisinin hələ 2018-ci ildən əvvəl Ermənistan tərəfindən tanınmış Ermənistan SSR ərazisi ilə tam eyniliyini nəzərdə tutur. Kərkini buna qatmaq cəhdləri suverenlik məntiqindən kənara çıxmaqdır".
Əlbəttə, rəsmi İrəvan onun da fərqindədir ki, anklavlar məsələsi Azərbaycan üçün müzakirəolunmaz prinsipial mövqedir və Bakının tələbi ilə həmin kəndlər mütləq şəkildə öz həqiqi sahibinə - Azərbaycana qaytarılacaq. Praktiki baxımdan bu məsələ iki ölkə arasında fəaliyyət göstərən sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə işi çərçivəsində həllini tapacaq. Çünki 2022-ci il Praqa razılaşması ilə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı olaraq tanıyıb.
Anklav kəndlərin Azərbaycana qaytarılması sülh prosesinin tərkib hissəsidir. Ermənistan rəhbərliyi Bakının iradəsi qarşısında bu reallığı etiraf edir və erməni ictimaiyyətinə qəbul etdirməyə çalışır. Lakin bu öhdəliklərin kağız üzərində qalmaması üçün öncəlik Ermənistan hökumətinin Bakının haqlı və qətiyyətli tələbini yerinə yetirməsidir. İrəvan ilk növbədə öz konstitusiyasında və digər normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaları birdəfəlik ləğv etməlidir. Hüquqi müstəvidə ərazi iddiaları ləğv edilmədən yekun sülh müqaviləsindən söhbət gedə bilməz. Anklav kəndlər məsələsi hüquqi zəmin tam formalaşdıqdan sonra, yəni növbəti mərhələdə həll edilə bilər.
Regionda qalıcı sülhün və davamlı sabitliyin bərqərar olunması üçün İrəvanın yeganə çıxış yolu Bakının sülh gündəliyini bəhanəsiz qəbul etməkdir. Paşinyan və komandası anlamalıdır ki, Azərbaycanın diktə etdiyi sülh şərtlərinə qarşı çıxmaq və revanşist meyilləri davam etdirmək Ermənistanı uçuruma yuvarlamaqdır. Ermənistan iqtidarı ölkə daxilində sülh prosesini pozmağa çalışan qüvvələrin, kilsə xadimlərinin və regionda gərginliyi saxlamaqda maraqlı olan xarici havadarların təxribatçı fəaliyyətlərini neytrallaşdırmağa məcburdur. Sülh ilk növbədə Ermənistanın gələcək mövcudluğu üçün labüddür.
İ.QOCAYEV,
"Azərbaycan"