BTC-nin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsindən 20, Gürcüstan hissəsinin istifadəyə verilməsindən 19 il keçir
2004-cü il oktyabrın 16-da Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində - Gürcüstanın Qardabani rayonu ilə sərhəddə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin bu iki ölkədən keçən hissələrinin birləşdirilməsi münasibətilə tədbir keçirildi.
Bu birləşdirmə BTC-nin çəkilişi boyu həyata keçirilən 15 min qaynaq əməliyyatından biri idi. Lakin bu, adi qaynaq deyildi. Bununla zəmanəmizin möhtəşəm layihələrindən biri, nəhəng inşaat və mühəndis qurğusu olan BTC-nin tamamlanmasına doğru növbəti mühüm addım atılırdı.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsində həm də qarşılıqlı inam məsələsi vardı. Bu, iqtisadi inkişafla yanaşı, insanların bir-birinə sosial-mədəni sahədə daha da yaxınlaşmasına xidmət edirdi. Prezident İlham Əliyev tədbirdəki çıxışında tikilməkdə olan kəmərin əhəmiyyətini vurğulayaraq demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunmasına gətirib çıxaracaqdır. Eyni zamanda bu iqtisadi məsələlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinə də layihə öz töhfəsini verəcəkdir".
Həmin vaxt üç ölkə ərazisində marşrut boyunca tikinti dəhlizi tamamilə təmizlənmiş və açılmışdı. Boruların 97 faizi qaynaqlanmış və 70 faizi torpaqla örtüklənmişdi. BTC-yə vurulacaq ilk nefti "Mərkəzi Azəri" platforması verəcəkdi ki, onun da üst modulları artıq dənizdə quraşdırılmış dayaq bloku üzərində yerləşdirilmişdi. Səngəçaldakı və Ceyhandakı terminallarda nefti qəbul etmək üçün hazırlıq işləri gedirdi və onların əsas hissəsi görülmüşdü.
Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində kəmərin çəkilişində 21 min insan çalışırdı. Azərbaycanda tikintiyə 5 min nəfər cəlb olunmuşdu. Bu insanların əməyi ilə BTC uğurla irəliləyirdi.
Beləliklə, 2005-ci il mayın 25-də Səngəçal terminalından kəmərə ilk neft vuruldu. Başqa sözlə, boru xəttinin Azərbaycan hissəsi istifadəyə verildi. Bundan sonra növbə Gürcüstan hissəsinin idi. 2005-ci il oktyabrın 12-də Gürcüstanın Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində BTC-nin bu ölkədəki hissəsinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Yeri gəlmişkən, qeyd edək ki, BTC-nin 8 nasos stansiyası və digər yerüstü obyektləri də var. Nasos stansiyalarının 2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü isə Türkiyədə yerləşir. Səngəçaldakı bu qəbildən olan qurğu, ümumiyyətlə, kəmərin baş nasos stansiyasıdır. Ölkəmizdəki digər nasos stansiyası Yevlax rayonunun ərazisində yerləşir.
2005-ci ilin sözügedən dövründə kəmərin iki ölkədəki hissəsi neftlə doldurulmuşdu, Türkiyə hissəsinə də artıq neft vurulurdu. Xətti tam doldurmaq üçün 10 milyon barel neft tələb olunurdu. Elə bu tədbirdə də qeyd edildi ki, BTC dünyanın böyük enerji layihələrindəndir.
Prezident İlham Əliyev bu transmilli layihənin geniş əməkdaşlıq şəraitində gerçəkləşdiyini bildirərək demişdir: "Bu layihənin həyata keçirilməsində çoxlu insan iştirak edibdir. Biz hamımız - çoxlu şirkətlər, dövlətlər, maliyyə qurumları, adi fəhlələr bunu birlikdə etmişik. Ancaq hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Azərbaycan rəhbərliyinin, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bildi və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır".
BTC-dən sonra ölkəmizdə bir sıra digər qlobal layihələr də gerçəkləşib və bu layihələrdə də Azərbaycanla Gürcüstan birlikdə olublar. Söhbət Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, Bakı-Tbilisi-Qars dəmir yolundan, TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) və digər layihələrdən gedir.
İndi dünya "yaşıl enerji"yə keçid edir. Azərbaycan və Gürcüstan bu sahədə də sıx əməkdaşlıq edirlər. Belə ki, yaxın gələcəkdə ölkəmizdən Avropaya uzanacaq "yaşıl enerji" dəhlizi də Gürcüstandan keçəcək. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.
Bir sözlə, qonşu və dost ölkə olan Gürcüstanla enerji əməkdaşlığının tarixi zəngin, gələcəyi böyükdür. Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ilin mart ayında ölkəmizə rəsmi səfəri zamanı mətbuata bəyanatında bir daha xatırlatmışdır ki, bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlar mövcuddur. O cümlədən nəqliyyat, energetika sahələrində çox mühüm potensialımız var: "Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq".
Flora SADIQLI,
"Azərbaycan"