Prezident İlham Əliyev İtaliyadan bir daha Ermənistana və onun havadarlarına səsləndi
"Biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq".
İtaliyaya səfəri çərçivəsində "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına aydınlıq gətirdi. Sayca 50-ci olan bu mötəbər forumda İlham Əliyevin sülh danışıqları ilə bağlı səsləndirdiyi fikirlər mühüm çağırışlarla zəngin oldu.
Öncə Prezident çıxışında Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı fikirlərini bölüşərək dedi ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu: "Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var" deyən Prezident ərazilərimizin 30 il işğal altında qaldığını söylədi və bunun əsas səbəblərini göstərdi. İlham Əliyev ali tribunadan bir daha bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan işğalı davam etdirib və ATƏT-in bu məsələ ilə məşğul olmaq üçün yaratdığı keçmiş Minsk qrupu 28 il ərzində sıfır nəticə hasil edib.
Həqiqətən də, 28 il ərzində Ermənistana heç bir təşkilat təzyiq göstərmədi və işğalçı ölkə bu cəzasızlıq mühitindən istifadə edərək Azərbaycana qarşı dəfələrlə təxribatlar törətdi.
Azərbaycan Prezidenti beyin mərkəzlərinin toplaşdığı forumda bunu belə dəyərləndirdi: "Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır".
Dövlət başçısı 44 günlük Vətən müharibəsi və ondan sonra Qarabağda separatizmin kökünün tamamilə kəsilməsi, həmçinin Azərbaycanın suverenliyinin tam şəkildə bərpa edilməsi prosesi haqqında da danışaraq dedi ki, bütün bunlar bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.
İlham Əliyev bəyan etdi ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir Cənubi Qafqazda sülhə nail olmaq imkanı yaranıb: "Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır".
Azərbaycan ümid edir ki, sülh danışıqlarının başlanmasına dair ölkəmizin təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər.
Bir sözlə, Azərbaycan Prezidenti bir daha sülh gündəliyini açıqlayaraq Ermənistana və ona sülh müqaviləsini imzalamağa imkan verməyən qüvvələrə növbəti dəfə mesaj ünvanladı.
Baxmayaraq ki, işğaldan əziyyət çəkən və ərazisinin təqribən 20 faizi tamamilə dağıdılan Azərbaycandır, yenə də İlham Əliyev Hayastana barış əlini uzadır.
Bu ölkənin əhalisinin düşdüyü acınacaqlı vəziyyətdən qurtulması, İrəvanın da bölgədə reallaşan qlobal miqyaslı layihələrə qoşulması üçün Azərbaycan Prezidenti humanist siyasətini bir daha nümayiş etdirir. Lakin əvəzində isə Ermənistan Hindistan, Fransa tərəfindən silahlanır, hərbi texnikalarının sayını artırmaqla bir növ təxribatlara hazırlaşdığını göstərir. Əgər rəsmi İrəvan İlham Əliyevin sülh gündəliyindəki şərtlərə əməl edərək Azərbaycanla barış əldə etmək istəyirsə, reallıqlarla barışmalı, kimlərinsə diktəsi ilə hərəkət etməməli, Konstitusiyasında dəyşiklik tələbini yerinə yetirməlidir. Əks təqdirdə sülh olmayacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"