Ölkələr arasında bütün əlaqələr qarşılıqlı etimad üzərində qurulur
Hər bir dövlətin apardığı xarici siyasət, beynəlxalq və regional qurumlardakı fəallığı, hamılıqla müəyyən edilmiş dəyər və prinsiplərə münasibəti onun dünyadakı yerini və rolunu müəyyən edir. Hazırda ölkəmiz müstəqil xarici siyasət kursu həyata keçirir, bütün məsələlərdə beynəlxalq güclərin diktəsi ilə deyil, məhz öz maraqları əsasında formalaşmış qətiyyətli mövqe sərgiləyir.
Azərbaycan uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində həm də etibarlı tərəfdaş kimi tanınır və bu imicini getdikcə daha da möhkəmləndirir. Ölkəmiz həyata keçirilən siyasətin effektivliyi, sosial-iqtisadi uğurları, regional və qlobal proseslərə təsir imkanları, təşəbbüskarı və əsas icraçılarından olduğu layihələri ilə hazırda böyük bir coğrafiyanın çox güclü və nüfuzlu aktoru kimi qəbul edilir. Bu baxımdan respublikamızın Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Belarus, Çin, Pakistan və başqa dövlətlərlə rəsmi səviyyədə müttəfiqlik münasibətlərinə malik olması, müxtəlif sahələr üzrə bir çox sənədlərin imzalanması ölkəmizin tarixi siyasi nailiyyətidir. Azərbaycan dövləti bununla nəinki tərəfdaşlarının, eyni zamanda siyasi müttəfiqlərinin də coğrafiyasını genişləndirir. Bu ölkələrin Azərbaycanla strateji müttəfiq olmağa böyük maraq göstərməsi isə onun regiondakı həlledici rolunu, dövlətimizə, Prezident İlham Əliyevə böyük inamlarının olduğunun təcəssümüdür.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclasındakı iştirakı yeni əməkdaşlıq imkanlarına, davamlı perspektivlərə geniş yollar açdı.
Tarixi fürsətlər, birgə hədəflər
Rusiya ilə münasibətlərin inkişafı Azərbaycan üçün hər zaman mühüm məsələlərdən olub. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərək bu ölkənin dost xalqına yeni uğurlar və nailiyyətlər arzuladı. Daha sonra MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini xüsusi vurğuladı. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu illər ərzində həmin məkan ağrı-acılarımızın, yurd həsrətində qəlbimizdə qövr edən yaraların, nisgilin, qubarın rəmzi idi. Bu gün Laçın artıq bərpa olunub. Onun müasir görkəmi şəhərin nə qədər böyük zövqlə, sevgi ilə qurulduğundan xəbər verir. Həm insanların rahat yaşaması, həm də gözəl məkanın müasir simasının Azərbaycanın nailiyyətləri ilə uyğunluğu üçün böyük sevgi və əzmkarlıq ortaya qoyulur. "Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb" - Azərbaycan Prezidenti çıxışında xüsusi bildirdi.
Növbəti ildə Azərbaycanda həm də III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin respublikamızın 10-dan çox şəhərində baş tutacaq.
Dövlətimizin başçısı bir aydan sonra Azərbaycanın ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına evsahibliyi edəcəyini vurğuladı: "Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk".
Daha sonra mühüm bir məsələ - MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul edildi.
Dünya tarixinin ən qanlı savaşı
1941-ci ilin 22 iyul günü dünyanın taleyini dəyişəcək an idi. Azərbaycan Prezidenti İlham Əliyev yüz minlərlə Azərbaycan övladının qanı bahasına əldə olunmuş faşizm üzərində qələbə ilə bağlı ölkəmizin mövqeyini həmişə qətiyyətlə dilə gətirir: "Biz Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparırıq. Bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər".
Dövlətimizin başçısı MDB Dövlət Başçıları Şürasının iclasındakı çıxışında bildirdi ki, Azərbaycan qələbəyə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur "Katyuşa"lar, "Yak-3" qırıcıları istehsal edilirdi.
Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə bayrağını Brandenburq darvazası üzərinə sancdılar.
416-cı milli diviziya cəbhədə 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Berlinə qədər minlərlə kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 23 mindən çox canlı qüvvəsini, 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, küllü miqdarda qənimət ələ keçirmişdi.
Bu diviziyanın döyüş yolu üzərindəki müxtəlif şəhərlərdə onun qələbələri şərəfinə xatirə abidələri ucaldılıb. Taqonroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində diviziyanın xatirə ansamblı yaradılıb. Taqonroqda, Kiyevdə, Nikolayevdə, Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilib. Bütün bunlar Azərbaycan tarixinin daha bir şanlı səhifəsidir. Azərbaycan Prezidenti İlham Əliyev dedi: "Bizim 9 may ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək".
Real addımlar
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü oldu. Rusiya Prezidentinin avqust ayında Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyevlə keçirdiyi yüksəksəviyyəli görüş və müzakirələr, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyəti barədə danışıldı. Həmin səfərdən sonra ikitərəfli münasibətlərin dinamikasının kifayət qədər artdığının nəzərə çarpması qeyd olundu. Görüşdə bildirildi ki, avqust ayında Bakıda qəbul olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.
Son onilliklər ərzində Azərbaycan və Rusiya münasibətlərinin uğurunu təmin edən əsas amillərdən biri budur ki, ölkələrimiz arasında əlaqələr dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurularaq inkişaf etdirilməkdədir. Ona görə də Azərbaycanla Rusiya arasında dövlətlərarası dialoq yüksək səviyyədədir. Rusiya regionun ən böyük ölkələrindən biridir, Azərbaycan bu ölkə ilə tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Dünyanın aparıcı dövlətləri sırasına daxil olan Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi çoxqütblü dünya nizamında xüsusi rol oynayır.
İqtisadi-ticari əlaqələrdə sənaye, kənd təsərrüfatı, turizm və tranzit axınının, yük daşımalarının həcminin artması xüsusilə mühümdür. Eyni zamanda burada məxsusi vurğulanmalı bir məqam da var ki, Azərbaycan Rusiya ilə münasibətlərdə beynəlxalq normaların tələblərinə yüksək həssaslıqla əməl edir, qlobal əməkdaşlıq mühitindəki etibarlı tərəfdaş imicini hər zaman qoruyub saxlayır. Rusiyaya qarşı tətbiq olunmuş beynəlxalq sanksiyaların müəyyən etdiyi çərçivələri, bəzi məhsulların ixracı ilə bağlı məhdudiyyətləri nəzərə alır. Bu baxımdan Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin yüksəlməsi hər hansı kənar amillərə deyil, məhz iki ölkənin mövcud potensialına əsaslanır. Görüşdə xüsusi vurğulandı ki, avqust ayında Bakıda nəzərdə tutulan layihələrin, iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün indi yaxşı fürsətdir.
Humanitar sahədə əlaqələr inkişaf edir
Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlıq sahəsinə də xüsusi diqqət yetirilir. Avqust ayında hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatlarda əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilir. Hazırda Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri mövcuddur.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Bir sözlə, humanitar əlaqələr fəal şəkildə genişlənir. İyun ayında Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla keçirildi, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət hadisələri oldu. Rusiya Prezidentinin bəyanatında xüsusi vurğulandı ki, Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli dəstəkləyir.
Geniş tərkibdə görüş əsnasında müzakirə olunan məsələlərdən biri də Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü idi. Azərbaycan rəhbərliyi tərəfindən bu ideya dəstəklənib. Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazırdır. Xoş ənənəyə uyğun olaraq, Azərbaycanın nümayəndə heyəti sentyabrda Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak ediblər.
Azərbaycan: dialoq məkanı
Rusiya ilə əməkdaşlıq nümunəsi göstərir ki, bu gün Azərbaycan müstəqil siyasətini uğurla davam etdirir, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığın inkişafına nail ola bilir. Azərbaycan Respublikası çox az sayda dövlətlərdəndir ki, eyni zamanda həm Qərb ölkələri ilə, həm də Rusiya və digər ölkələrlə yaxşı əlaqələrə, qarşılıqlı faydalar yaradan münasibətlərə malikdir. Azərbaycan həm sürətlə inkişaf edən 5 ölkədən ibarət qrupun - Braziliyanın, Rusiyanın, Hindistanın, Çinin, Cənubi Afrika Respublikasının yaratdığı BRICS təşkilatının fəaliyyətində, eləcə də ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və digər aparıcı Qərb institutları ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Eyni zamanda ölkəmiz Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi hər hansı hərbi-siyasi platformalardan kənar durmağı bacarır.
Azərbaycan münaqişə edən ölkələrə münasibətdə də neytrallığını, obyektivliyini qoruyur. Bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü prinsipi, ədalət meyarları əsasında həllinin tərəfdarı kimi çıxış edir. Ölkəmizin hazırda həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərə malik olması Azərbaycan rəhbərliyinin belə məsələlərdə yüksək diplomatik məharətlə davranmasına nümunədir. Bu mövqe beynəlxalq səviyyədə də təqdir olunur və Azərbaycan kimi ölkələrin, cənab İlham Əliyev kimi liderlərin varlığı bir çox halda münasibətlərin nizama salınmasında böyük fayda verir.
Moskvada keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısı cənab İlham Əliyevi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözlədiklərini bildirdi. Göstərildi ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Bura BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkə dəvətlidir. İyirmi beş həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır və bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Prezident İlham Əliyev öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasında olduğunu bildirdi.
Ağ Ev ikili standartlardan əl çəkməlidir
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verdi. Dövlətimizin başçısı müxbirin "sanksiyalar siyasətinin prinsipcə hər hansı perspektivləri varmı" sualını cavablandırarkən dedi: "Onun, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə. Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik".
Dövlətimizin başçısının son vaxtlarda ABŞ-yə qarşı sərt bəyanatları Ağ Evin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına qeyri-adekvat münasibəti, respublikamıza qarşı qondarma insan haqları ittihamları ilə bağlıdır. Məlum olduğu kimi, bu günlərdə 60 ABŞ konqresmeni, dövlət katibi Entoni Blinkenə müraciət edərək, Azərbaycana qarşı addımlar atılmasını tələb etmişdilər. Bu da nə qədər riyakar siyasət yürüdüldüyünü, məsələlərə ikili standartlarla yanaşıldığını göstərir və belə münasibətlər ikrah doğurur.
Azərbaycan Prezidenti, əslində, hər kəsin bildiyi, amma dilə gətirməyə cəsarət göstərmədiyi aydın həqiqətləri özünəməxsus qətiyyətlə dünya ictimaiyyətinin və ABŞ rəsmilərinin diqqətinə çatdırır. Onları öz davranışları barədə düşünməyə, ABŞ kimi böyük bir dövləti ikili standartlarla, riyakar siyasətlə gözdən salmamağa çalışır.
Cənab İlham Əliyevin "Rossiya-1" telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də ümumilikdə, Qərbin, xüsusilə ABŞ-nin, regionda göstərdiyi mövqeyə qarşı kəskin reaksiyanın ifadəsidir. Çünki bu ikili standartlar yekun nəticədə heç də xoş məqsədlərə xidmət etmir. Bu mövqeyi sərgiləyən ölkələr öz maraqları naminə bölgəmizi yeni təhlükələrə, təhdidlərə, insan faciələrinə sürükləmək istəyirlər.
Dünya sürətlə dəyişir, ABŞ anlamalıdır ki, birqütblü dünya anlayışı artıq keçmişdir. Bölgələrin maraq dairələrinə bölünməkdə olduğu dünyada, hər ölkənin öz milli maraqlarını təmin etməyə çalışdığı çağda artıq heç bir güc regional bölgə marağını, o cümlədən Cənubi Qafqazdakı regional maraqlarını təzyiq üzərində qura bilməz. Bu həqiqəti anlatmaq Cənubi Qafqazın ən böyük dövləti və əsas söz sahibi olan Azərbaycanın missiyasıdır.
Bu gün qüdrətli orduya, güclü iqtisadiyyata malik olan qalib Azərbaycanı hər hansı sanksiya ilə yolundan döndərmək mümkün deyil. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarı məhz Azərbaycan tərəfidir. Ona görə də ölkəmiz yalnız regional sülh gündəliyini dəstəkləyir.
İradə ƏLİYEVA,
"Azərbaycan"