Azərbaycanın neft sənayesi sahəsində qazandığı təcrübə hamıya məlumdur. Təsadüfi deyil ki, dünyanın digər neft regionlarındakı həmkarları da neftçilərimizin bacarıqlarını yüksək dəyərləndirir və onlarla təmasda olmağa, təcrübələrindən bəhrələnməyə çalışırlar. Karbohidrogenlərlə zəngin olan ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq əlaqələri də genişlənir, birgə həyata keçirilən layihələrin sayı ildən-ilə artır.
İki onilliyə yaxındır ki, Azərbaycan həm də qaz ixrac edən ölkə kimi böyük marağa səbəb olub. Bu sahədəki nailiyyətlərimizi göstərən faktlardan yalnız onu demək kifayətdir ki, hazırda 12 ölkəyə qaz ixrac edirik və onların 10-u Avropa ölkəsidir.
"Yaşıl gündəliy"imiz də artıq dünyaya bəllidir. Keçən ilin noyabrında ölkəmizin evsahibliyi etdiyi COP29-un sayəsində bu sahədəki uğurlarımız da bir daha hamıya məlum oldu. İndi Avropaya "yaşıl enerji" dəhlizi açmağı hədəfləmişik. Bu sahədə də tərəfdaşlarımız çoxdur - Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkiyə, Macarıstan, Rumıniya, Bolqarıstan... Külək və günəş-elektrik stansiyalarının inşasında isə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrlə tərəfdaşlıq edirik. Bir sözlə, Azərbaycanın digər ölkələrlə enerjinin ayrı-ayrı sahələri üzrə əməkdaşlığı getdikcə genişlənir və mübaliğəsiz demək olar ki, artıq qitələrin sərhədlərini aşır. Bu əməkdaşlıq əlaqələri artıq Afrikaya da uğurlu istiqamət alıb.
Qeyd edək ki, Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var. Bu potensialdan səmərəli istifadə olunması üçün son dövrlər əməli tədbirlər görülür. Onu da xatırladaq ki, hazırda Azərbaycanın sözügedən qitədə ən geniş iqtisadi əlaqələrə malik olduğu ölkələr Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq üçün addımlar atılıb. Belə ki, SOCAR ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsinə dair sənəd imzalanıb.
Həmçinin Misir şirkətləri ilə əməkdaşlıq istiqamətində işlər aparılır. Prezident İlham Əliyevin keçən ilin iyun ayında Misir Ərəb Respublikasına rəsmi səfəri əməkdaşlıq üçün yeni səhifə açdı. Belə ki, səfər çərçivəsində imzalanan sənədlər sırasında energetika və bərpaolunan enerjiyə aid oanlar da var.
Afrika qitəsi ölkələri ilə neft-qaz sahəsində əməkdaşlıq əsasən xam neftin, neft və neft-qaz kimya məhsullarının, mayeləşdirilmiş təbii qazın (LNG) alqı-satqısı üzərində qurulub. SOCAR-ın Afrika regionu üzrə əməkdaşlıqda maraqlı olduğu ölkələr ilk növbədə Konqo Respublikası, Keniya, Ekvatorial Qvineya, həmçinin Misir, Əlcəzair, Nigeriya, Mərakeş, Liviya, Tunis, Seneqal və CAR-dır. Afrika qitəsində yerləşən bir çox ölkənin təbii minerallarla zəngin olduğu məlumdur. Odur ki, mədənçilik sahəsində də əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Konqo, Syerra-Leone, Keniya, Niger, Burkina Faso və Mali kimi ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilib və müzakirələr aparılıb.
Bu günlərdə isə SOCAR-ın prezidenti Rövşən Nəcəf Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb. Görüşdə cari il fevralın 12-də dövlətimizin başçısı İlham Əliyevlə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Onu da qeyd edək ki, fevralın 12-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu mübadilə etmişlər.
Afrika qitəsi ilə yeni bir əməkdaşlıq istiqaməti də var. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalo ötən ilin noyabrında COP29-a qatılmaq üçün Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə görüş zamanı bir sıra iqtisadi sahələrlə yanaşı, neft-qaz əməkdaşlığı məsələləri də müzakirə edilmişdi. Dekabrda isə Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Energetika Nazirliyində, SOCAR-da olmuşdu. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun Azərbaycana budəfəki rəsmi səfəri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün geniş perspektivlər açdı.
Flora SADIQLI,
"Azərbaycan"