08 Oktyabr 2024 08:55
894
İQTİSADİYYAT
A- A+
Azərbaycanın açar ölkə olduğu Orta dəhliz sınaqdan çıxmış etibarlı marşrutdur

Azərbaycanın açar ölkə olduğu Orta dəhliz sınaqdan çıxmış etibarlı marşrutdur


Bunu artıq Qərb də dərk və etiraf edir


Beynəlxalq vəziyyət gərginləşməkdə davam edir. Adətən Yaxın Şərq silahlı qarşıdurmaların çox baş verdiyi region olsa da, son vaxtlar burada həm də münaqişənin coğrafiyası genişlənir. İsrail-Hizbullah, İsrail-HƏMAS savaşına İran da əlavə olunub. Bu gərginliyin hansı istiqamətdə davam edəcəyi bilinmir.

Artıq müharibə Avropanı da bürüyüb. Belə ki, Rusiya-Ukrayna müharibəsinin də coğrafiyasının genişlənməsi an məsələsidir. Ukraynanın tərəfində olan, ona hərbi və maliyyə dəstəyi verən Avropa ölkələri özlərini nə qədər bu savaşdan kənarda saxlamaq istəsələr də, müharibənin uzanması başqa proznozlar vəd edir. Uzanan müharibə isə vaxtilə SSRİ-nin ən inkişaf etmiş respublikası olan Ukraynanı xarabazarlığa çevirir, üstəlik, bu vəziyyətin də nə vaxt bitəcəyini heç kəs bilmir. 

Çin-Amerika münasibətləri də gərginləşən xətt üzərində davam edir. Amerikanın regionda öz müttəfiqləri ilə böyük hərbi təlimlər keçirməsi Çinə qarşı güc nümayiş etdirmək kimi qəbul olunur. Buna cavab olaraq "əjdahalar ölkəsi" də öz hərbi gücünü göstərmək üçün yeni dağıdıcı silahlardan istifadə edib hərbi təlimlər keçirir. 

Dünyanın belə durumu sözsüz ki, qlobal iqtisadiyyata mənfi təsir göstərir. Xüsusən bu cür hadisələr mövcud qlobal ticarət marşrutlarının keçdiyi ərazilərdə baş verəndə vəziyyət daha acınacaqlı hal alır. Təkcə husilərin Qırmızı dənizdə törətdiklərinin dünya ticarətinə nə qədər ciddi ziyan vurduğunu xatırlamaq kifayətdir. Burada baş verən silahlı qarşıdurma ticarət gəmilərini qısa yol olan Süveyş kanalından deyil, Afrika qitəsinin ətrafında dolaşıb Avropaya üzməyə məcbur edir.

Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən məlum hadisələr, husilərin Qırmızı dənizdə həyata keçirdikləri hərbi aksiyalar dünya ticarət zəncirində böyük qırılmalara səbəb olub. Çin və Rusiyanın son dövrlər Orta dəhlizə olan marağının artması da bununla bağlıdır. Çünki Çin Qırmızı dənizdə yaşanan gərginliklə bağlı yüklərini Avropa bazarına vaxtında çatdıra bilmir. Rusiyanın Zəngəzur dəhlizinin açılması üçün İran və Ermənistanla danışıqları intensivləşdirməsi də şimal qonşumuzun mühüm ticarət marşrutundan məhrum olması ilə əlaqədardır. 

Belə vəziyyətdə hamı çıxış yolunu Orta dəhlizdə görür. Artıq bizə qarşı düşmən mövqeyi sərgiləyən Fransadan Orta dəhlizin onlar üçün də əhəmiyyət kəsb etdiyinə dair xəbərlər gəlir. Bu barədə Fransanın "La Gazette du Caucase" onlayn nəşrində dərc olunan analitik məqalədə deyilir ki, Avropa İttifaqında ən böyük nüvə gücünə malik Fransa təbii uran istehsalçısı olmadığı üçün onu Niger, Qazaxıstan, Özbəkistan və Avstraliyadan idxal etməyə məcburdur. Bildiyimiz kimi, Afrika ölkəsi ilə Fransa arasında problemlər var. Avstraliya bu ölkədən çox uzaqda yerləşir və onun daşıma xərcləri baha başa gəlir. Deməli, ən münasibi Qazaxıstan və Özbəkistandır. O üzdən Aİ, o cümlədən Fransa yeni ixrac marşrutundan istifadə etmək axtarışına çıxıblar və onlar Azərbaycanın həlledici rol oynadığı Orta dəhlizdən istifadə etmək niyyətindədirlər. Həmin materialda müəllif vurğulayır ki, Fransa uran idxalının tranzitini şaxələndirərkən Azərbaycan üzərindən keçən Orta dəhlizi sınaqdan çıxmış və etibarlı marşrut hesab edir. Müəllif burada mühüm bir məqama toxunur ki, bunu heç vaxt Fransa arzulamaz: "Əks halda, mövcud geosiyasi şəraitdə Qərbin uran və nüvə yanacağı məsələlərində Çin və Rusiyadan asılılığı artmaqda davam edəcək. Bu da növbəti onilliklərdə Qərb ölkələrinin enerji tədarükü ilə bağlı təhdidlərlə üzləşəcəyi anlamına gəlir".

Biz işğal altında olan torpaqlarımızı azad etdikdən sonra Fransa az qala ölkəmizə müharibə elan edib. İqtidarda olanlarla yanaşı, müxalifətdəki siyasi qüvvələr də Azərbaycana qarşı şər-böhtan yarışına qoşulublar. Bu səbəbdən iki ölkə arasında olan siyasi münasibətlər son dərəcə gərgindir. Amma istər E.Makron, istərsə də ondan sonra hakimiyyətə gələcək qüvvələr ölkəmizə gəlib yalvaracaqları gün uzaqda deyil. Ən azından ona görə ki, uran təhlükəli xammaldır və onun üzərindən daşındığı ölkədən xüsusi icazə istənilməsi vacibdir.

Orta dəhlizlə yüklənən daşınmanın həcmi sürətlə artır. Səbəbi fransız jurnalistin dediyi kimi, Azərbaycan üzərindən keçən tranzit marşrutunun etibarlılıq sınağından çıxmasıdır. Cari ilin yarısında Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarının həcmi 624 min ton olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb.

Yük dövriyyəsinin artmasında ölkəmiz tərəfindən görülən zəruri tədbirlər önəmli rol oynayır. Belə ki, Azərbaycanın təşəbbüsü və dəstəyi ilə görülən işlər sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 1 milyon tondan 5 milyon, həmçinin Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması tranzit marşrutunun səmərəliliyində önəmli rol oynayır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri müasir dünya ticarəti üçün mühüm ölkələrə çevriliblər. Ümumiyyətlə, türk dövlətləri indiki qlobal ticarət zəncirinin əsas halqalarıdır. Bizi bu ölkələrlə tarixi köklər və qarşılıqlı maraqlar bağlayır. Orta dəhlizin əsas ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Azərbaycan və Türkiyə bu ticarət zəncirində önəmli rol oynamaqla onun qırılmasına qarşı çıxan qüvvələrlə birgə mübarizə aparırlar.

Artıq beynəlxalq səviyyədə də Orta dəhlizin dünya əhəmiyyəti etiraf olunur. Qlobal maliyyə gücləri bu marşruta investisiya yatırmaqda maraqlıdırlar. Avropa İttifaqı Trans-Xəzər  Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün 10 milyard avro investisiya ayırmaq niyyətindədir. Çünki Aİ bu marşrutun əhəmiyyətini getdikcə daha çox dərk edir. Dünya Bankının proqnozuna görə, 2030-cu ilə qədər bu marşrutla yükdaşımaların həcmi 3 dəfə artacaq ki, bu həm ölkəmizin beynəlxalq aləmdə siyasi çəkisini artıracaq, həm də bizə yaxşı gəlir əldə etməyə imkan verəcək.    


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!