Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb.
AZƏRTAC-a daxil olan məktubda deyilir: “Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru cənab Quntram Volfa və Konrad Adenauer Fondunun sədri cənab Norbert Lammertə müraciət edərək, onları rəhbərlik etdikləri qurumların bu il martın 6-da Berlində “Arsaxın mədəni irsi” adlı qərəzli və ermənipərəst təbliğat tədbirini ləğv etməyə çağırırıq.
Siz diplomatiya ilə sıx bağlı olan şəxslər kimi yaxşı bilirsiniz ki, Ermənistan və onun 30 ilə yaxın müddətdə mövcud olmuş oyuncaq separatçı rejimi Azərbaycan Respublikası ərazisini uzun müddət işğal altında saxlayaraq, Azərbaycan xalqının maddi və mədəni irsini məhv edib, şəhər və kəndləri Yer üzündən silib, qəbiristanlıqlara qədər hər şeyi dağıdıb. Ermənistan tərəfindən onlarla məscid uçurulub, bir çoxları mal-qara saxlanılması üçün istifadə olunaraq təhqir edilib.
Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu bir dəfə də olsun bu işğala, etnik təmizləməyə qarşı ekspert müzakirələri təşkil etməyib, Azərbaycan xalqının maddi və mədəni irisinin məhvi barədə hesabatlar yaymayıb. Qarabağda məscidlərin dağıdılması və içərisində donuz saxlanılması faktlarına münasibətdə bu susqunluq islamofobiya nümunəsidir.
2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 1.5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. Rəhbərlik etdiyiniz təşkilatlar buna da əhəmiyyət verməyib.
İndi sual edirik: yalan, saxtakarlıq və riyakarlıq üzərində qurulmuş “Arsaxın mədəni irsi” nəşri üzərində birtərəfli, qərəzli müzakirələr təşkil etməkdə məqsədiniz nədir?
Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən dərhal sonra bu tədbirin təşkili qarşılıqlı etnik nifrəti artırmağa və sülh danışıqlarına zərbə vurmağa yönəlmiş addımların bir hissəsidir. Xarici Əlaqələr üzrə Alman Şurası öz rəsmi saytında Corc Sorosun Açıq Cəmiyyət İnstitutundan maliyyələşdiyini gizlətmir. Bu, islamofobiyanın təşviqinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin ört-basdır edilməsinə səbəb olmamalıdır.
Biz inanmaq istəyirik ki, sizlərin müdaxiləsi ilə məsələ həllini tapacaq və rəhbərlik etdiyiniz qurumlar “Arsaxın mədəni irsi” mövzusunda islamofob tədbiri ləğv edəcəkdir.
Biz sizləri Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının maddi-mənəvi irsinin yox edilməsinə dair faktları araşdırmağa və bütün tərəflərin iştirakı ilə müzakirələr təşkil etməyə çağırırıq”.
İmzalar:
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli
Xan Şuşinski Fondunun sədri Bəyimxanım Verdiyeva
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova
“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Qasımov
“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli
“Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Vüqar Qədirov
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov
“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov
“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədov.