Milli mədəniyyətimizin zənginliyi Azərbaycanın dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu təsdiqləyir. Xalq sənətkarlığı - xalçaçılıq, nəqqaşlıq, misgərlik, boyaqçılıq, dulusçuluq və digər sənət nümunələri bu zənginliyin və qədimliyin nişanələrindəndir.
Azərbaycan xalqı hər zaman öz milli-mədəni irsini yüksək tutur və nəsillərdən-nəsillərə ötürür. Ancaq zaman göstərir ki, xalqın mənəvi dəyərlərinə, mədəni irsinə daim sahib çıxması, onları qoruyub yaşatması qədər zəruri olan bir məsələ də onu təbliğ etmək, tanıtmaqdır. Müstəqil respublikamız son illər bu istiqamətdə olduqca əhəmiyyətli və təqdirəlayiq işlər həyata keçirir. Ölkəmizin mədəniyyət sahəsində evsahibliyi etdiyi mühüm tədbirlər bu qəbildəndir. Belə tədbirlər sırasında "Xarıbülbül" Musiqi Festivalı, "Muğam Dünyası" Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı və digər tədbirlər xüsusi qeyd olunmalıdır.
"İslam dünyasının mədəniyyət paytaxtı" Şuşada unudulmaz günlər
Ötən il də mədəniyyət sahəsində silsilə beynəlxalq tədbirlər uğurla keçirildi. Dünyanın ayrı-ayrı ölkələrindən olan sənətkarlar ölkəmizdə bir araya gəldilər. Onu da qeyd edək ki, festivallar və digər tədbirlər mədəniyyətlərin təbliğinə və dialoquna geniş şərait yaradır. Eyni zamanda bu tədbirlər xalqımızın özünəməxsus, bənzərsiz və zəngin mədəniyyətinin təbliğində əvəzsiz rol oynayır. Azərbaycanın yaradıcı imkanlarının dünya mədəniyyətində nümayiş etdirilməsində ölkəmizdə təşkil olunan sərgilərin, teatr festivallarının, kinematoqrafiya layihələrinin də əhəmiyyət daşıdığını qeyd etməliyik.
Beynəlxalq ictimaiyyətə Azərbaycanın qədim mədəniyyətinin və müasir incəsənətinin tanıdılmasında UNESCO-nun himayəsi altında keçirilən tədbirlərin, İslam Mədəniyyəti Paytaxtı layihəsi çərçivəsində reallaşan proqramların da əhəmiyyəti danılmazdır.
Ötən il bir çox yaddaqalan mədəniyyət tədbirinin keçirildiyi məkan yenə də Qarabağın tacı Şuşa şəhəri oldu. Hələ 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında bu şəhərin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi tarixi hadisəyə çevrildi. Dövlət başçısı İlham Əliyev 2023-cü il noyabrın 21-də Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı.
2024-cü il mayın 11-də Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbir, musiqi festivalı, mədəni tədbir keçirilir: "Təbii ki, Şuşa şəhərinin "İslam dünyasının mədəniyyət paytaxtı" olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq".
İslam dünyasının mədəniyyət paytaxtında - Şuşada ilboyu bir-birindən maraqlı, unudulmaz tədbirlər düzənləndi. İslam Dünyasının Mədəniyyət Forumu keçirildi. Bu çərçivədə Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransı "İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri" mövzusunda "dəyirmi masa", sərgi və digər təqdimatlar təşkil olundu.
İyunun 1-də "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi. Bu beynəlxalq tədbirin təşkil olunmasında əsas məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq tellərini möhkəmləndirmək, onlara milli kimliklərini, mədəni irslərini tanıtmaq imkanı yaratmaq, eyni zamanda Şuşanın əsrarəngiz təbiətini və mədəni əhəmiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan gələn 250-yə yaxın məktəbli bu möhtəşəm festivalın iştirakçısı oldu.
Azərbaycan mədəniyyətinin təntənəsi
Ötən ilin iyun ayı həm də Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri ilə əlamətdar oldu. Bu tədbir Azərbaycan mədəniyyət və incəsənətinin qardaş ölkədə - Özbəkistanda növbəti təntənəsinə çevrildi. Əvvəlcə Daşkənd Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbir keçirildi. Sonra "Özbəkistan" Forumlar Sarayında keçirilən konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir bəy Hacıbəyli, Emin Sabitoğlu, Tofiq Quliyev, Rauf Hacıyev, Ələkbər Tağıyev, Faiq Sücəddinovun əsərlərinə müraciət olundu, xalq rəqsləri nümayiş etdirildi. Azərbaycan Mədəniyyəti Günlərinin tədbir və təqdimatları ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş özbək xalqının yaddaşında bu dəfə də silinməz izlər qoydu.
İyul ayında mədəniyyət sahəsində hər il düzənli olaraq keçirilən daha bir beynəlxalq tədbirə - Şəki "İpək yolu" XIII Beynəlxalq Musiqi Festivalına start verildi. Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə təşkil olunan bu musiqi bayramı Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutdu. Üç gün davam edən festivalda bir sıra ölkələrin, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri və istedadlı musiqiçiləri bir araya gəldi.
Keçən ilin mühüm hadisələrindən biri isə sentyabr ayında Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin təntənəli açılışı oldu. Qeyd edək ki, 1992-ci ildə erməni qəsbkarları Şuşa şəhərini işğal etdikdən sonra Azərbaycanın dahi oğlu Üzeyir bəyin ev-muzeyini də qarət etmiş, dağıtmışdılar. 2020-ci ildə Vətən müharibəsində böyük Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən geniş tikinti-bərpa, quruculuq işləri çərçivəsində bu muzeyin də fəaliyyəti bərpa olundu.
Ümumiyyətlə, ötən il Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin bərpası istiqamətində genişmiqyaslı işlər görüldü. Yerli və xarici mütəxəssislərin iştirakı ilə 2023-cü ildə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılan Ağdam İmarət Kompleksinin də açılışı keçirildi. Açılışda iştirak edən Prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış oldu, düşmən tərəfindən məhv edilən tarixi çinarların yerində ağac əkdi.
2024-cü il sentyabrın 24-dən 26-dək Qazaxıstanın paytaxtında Azərbaycan Mədəniyyətı Günləri keçirildi. Sentyabrın 24-də "Füzuli-530" kitabının təqdimatı və etnocaz konserti, növbəti gün Qazaxıstan və Azərbaycan milli kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi, "Azərbaycan mədəniyyətinin inciləri" sərgisinin açılışı və rəqs ansamblının konserti keçirildi. Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılmasında, eləcə də iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsində təqdirəlayiq oldu.
İlin sonlarında IV Şəki Beynəlxalq Teatr Festivalı keçirildi. Festivalın açılış mərasimi Şəki Dövlət Dram Teatrında təşkil olundu. Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr edilən festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri də iştirak etdilər. Respublikamız bu tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı ilə təmsil olundu.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"